Ana Sayfa > Manşet / Gündəm > Şəhid atasının şəklini tirajlayanlara: “Yazıq görkəmli şəkillər paylaşmayın!”

Şəhid atasının şəklini tirajlayanlara: “Yazıq görkəmli şəkillər paylaşmayın!”


26-10-2017, 13:11. Yazar: admin
Şəhid atasının şəklini tirajlayanlara: “Yazıq görkəmli şəkillər paylaşmayın!”


Müharibə şəraitindəyik, torpaqlarımız işğal altındadır, Vətən uğrunda savaş gedir, şəhid xəbərləri alırıq.

Elə oktyabrın 22-də əsgər Cabbar Zeynalovun şəhid olması kimi...

Nədənsə məhz belə günlərdə bir az patriotluq edib, vətənpərvər donu geyinirik. Cabbar şəhid olan gün də vətənpərvər damarımızdakı qan yerində durmadı. Sosial şəbəkədə əksəriyyət əsgərin, oğlunu itirmiş gözüyaşlı atasının boynubükük şəklini ictimailəşdirməyə başladı.

Bunun əksini edək deyən də yoxdur. Şəhidimizi, onu dünyaya gətirən ananı, onu vətənpərvər ruhda böyüdən atanı tanımalıyıq, tanımağa borcluyuq!.

Amma yazıq, çarəsiz, boynubükük, beli sınmış görkəmdə yox...

Onsuz da övlad itirən atanın beli sınır, ananın ağlamaqdan gözü kor olur. Bir də belə fotoları paylaşıb onların yarasına niyə duz səpirik ki?...

Modern.az saytı müzakirəyə çıxardığı mövzuyla bağlı bir neçə nəfərin mövqeyini öyrənib.

Deputat Elman Məmmədov övladı şəhid olan valideynin bu cür fotosunun ictimailəşməsinə qarşı çıxıb:

“Övlad itirən valideynin hansı vəziyyətdə olduğunu biz bilirik. Amma bu gün biz düşmənlə müharibə vəziyyətindəyik. Biz düşməni torpaqlarımızdan çıxarmaq üçün əlimizdən gələni edirik və etməliyik. Bizim əsgərimiz şəhid də olacaq, yaralanacaq da, əziyyətlərimiz də olacaq, hər şey olacaq. Əgər buna dözüm göstərməsək, əgər buna hazır olmasaq, heç vaxt torpağı azad edə bilmərik. Biz torpaqlarımızı azad etmək üçün hər bir əzab-əziyyətə, hər bir dərdə hazır olmalıyıq. Kimlərsə, sosial şəbəkə istifadəçiləri, saytlar, agentliklər dövlətçiliyimizin əleyhinə, xəyanətkarcasına səhv hərəkət edib, o cür şəkillər yayırsa, hesab edirəm ki, bu, dövlət əleyhinə təxribatdır. Biz o şəhid atasını, şəhid ailəsini mübariz görkəmdə təqdim etməliyik. Təbii ki, o, həlak olan igidin atasıdır. Övladı əlindən gedən atanın onsuz da beli bükülür. Ola bilər ki, özündə deyil, özünü itirib, siz niyə onu o şəkildə çəkirsiniz? Bəs biz, kütləvi informasiya vasitələri, dövlətimizi və dövlətçiliyimizi qoruyanlar nəyə lazımıq? Biz düşmənə işləməliyik?! Mən o cür şeylərlə barışmıram! Biz özümüzü mübariz ruhda göstərməliyik. Biz bütün ağır itkilərimizlə belə razılaşırıq, təki torpaqlarımız işğaldan azad olunsun. Biz bu mövqedə olmalıyıq!”

Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı şəhid atasının fotosunun sosial şəbəkədə yayılmasını normal hesab edir:

“Mən bir tərəfdən düşünürəm ki, şəhidin atasını Azərbaycanda uşaqdan böyüyə hamı tanımalıdır. Bu mənada fotonun yayılması məqbuldur.
Amma məsələnin ikinci tərəfi var. Sosial şəbəkələrdə şəhid atasının fotosunu paylaşıb “dünyanın ən ağır dərdi”, “şəhid atası görün nə gündədir” və s. kimi şərhləri qəbul edə bilmirəm.
Təbii ki, şəhidlər ölmür. Ölüm hamı üçündür, vətən üçün ölmürlər, Şəhid olurlar. Amma valideyn ağrı-acı çəkir, kim nə deyir desin, bu, belədir.
Valideynlər illər uzunu övlad böyüdür, onun gələcəyini, xoşbəxtliyini görmək istəyirlər. Biz hər nə qədər vətənpərvər olsaq da, ortada insanı taleyi dayanır. Bəli, Şəhidlik zirvədir. Amma övladının torpaq uğrunda şəhid olması valideyni ovundurduğu qədər də, çətindir.
Bunu onlarla bərabər hamımız yaşayırıq. Amma bu əsas vermir ki, şəhid atasını cəmiyyətə yazıq şəkildə təlqin edək. Mən bunu qəbul etmirəm. Əksinə, biz şəhid atalarını məğrur şəkildə təqdim etməliyik. Yəni bu insanların mübariz, məğrur şəkilləri də var. Onların boynubükük şəkillərini ictimailəşdirməyək. Biz şəhid ailələrilə bağlı istənilən məsələni ictimailəşdirəndə diqqətli olaq. Onları mübariz, qürurlu şəkildə təbliğ edək. Mən qəbul edə bilmirəm ki, şəhid atası kasıbdır-varlıdır. Cəmiyyətdə bu cür bölücülüyə yol vermək olmaz. Şəhid atası dünyanın ən varlı insanıdır”.

Teletənqiddiçi, professor Qulu Məhərrəmlinin fikrincə, şəhid atasının fotosunun o şəkildə verilməsi mübahisə predmeti ola bilməz:

“Kimliyindən və milli - etnik mənsubiyyətindən asılı olmayaraq övladını itimiş valideyn müəyyən sarsıntı və məyusluq keçirir. Ona görə də mən üzücü, kədər içində olan atanın təbii halını əks etdirən fotoya normal baxıram. Amma onun dərin kədəri altında mən müharibəyə və oğlunun ölümünə səbəb olmuş düşmənə qəzəbi və nifrəti də görürəm. Təbii ki, başqa fotolar da ola bilərdi. Ümumiyyətlə, görüntü məsələsində saytlar da, sosial şəbəkə istifadəçiləri də çox diqqətli olmalıdırlar”.

Tanınmış jurnalist Xaqani Səfəroğlu bildirib ki, fotoya yazılan statuslar xalqın dərdə şərik olmağının nümayişi və həm də mesajıdır:

“Fotoda çox kasıb görkəmdə olan şəhid atasının qüssəli və dərdli üzü insanları sosial ədalət prinsipləri haqqında düşündürür, mövqe bildirməyə məcbur edir. Nədir mesaj? Ailənin tək övladının cəbhədə həlak olması. Bununla bağlı ictimai müzakirələr çoxdandır gedir. Tək övladları cəbhə xəttindən arxada saxlamaq imkanları niyə olmasın?
İkincisi, Azərbaycan müharibə vəziyyətində olan ölkəyə bənzəyirmi? Əgər müharibə vəziyyətindəyiksə, o zaman bütün sistem ona köklənməlidir. 1941-45-ci ildəki müharibədə Azərbaycan yüz minlərə oğlunu itirdi. Yəni, müharibəyə getdilər və qalib gəldilər. Həlak olanların yasını hamı - siyasi institutlardan tutmuş adi adamlara qədər hamı saxlayırdı. SSRİ-nin son ilinə qədər həmin əsgərlərin xatirəsi yad edilirdi. Bu şəhid atasının fotosu yayılan gün digər bir xəbər də getmişdi. Hansısa icra başçısı şəhid ailəsinin üzvünü “mən sənin ərinə demişdim müharibəyə get?” bağırtısı ilə qapıdan qovmuşdu. Bütün bunlar bugünkü internet əsrində insanlar arasında sürətlə yayılır və düşünməyə vadar edir. Biz nə qədər vətənpərvər şüarlar qışqırsaq da, yeganə övladını itirmiş atanın iztirablarını və dərdini üstələyə bilmərik.
Bir neçə gün əvvəl aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş əsgərin atası da dünyasını dəyişdi. Oğlundan sonra 1 il yaşaya bildi. Müharibə dəhşətlidir və dünya silah tacirlərinin alver yerinə çevriləndə isə sosial-iqtisadi və siyasi nəticələri daha ağır olur. Vətən uğrunda şəhid olmuş Azərbaycan oğulları öz adlarını tariximizə şərəflə yazıblar. Öz borclarını yerinə yetiriblər. Bu müharibə isə tezliklə başa çatmalıdır.Çünki çox çəkdi...”.


aia.az
Geri dön