Ana Sayfa > Gündəm / Seçilənlər-6 / Manşet > Ağstafa – şanlı keçmişimiz, şərəfli bu günümüz, parlaq gələcəyimiz

Ağstafa – şanlı keçmişimiz, şərəfli bu günümüz, parlaq gələcəyimiz


23-10-2017, 15:49. Yazar: admin
Ağstafa – şanlı keçmişimiz, şərəfli bu günümüz, parlaq gələcəyimiz



Respublikamızın füsunkar təbiəti, qədim və zəngin tarixi ilə seçilən rayonlarından biri də Ağstafadır. Tədqiqatçı-alimlərin fikrincə Ağstafanın təbii-coğrafi mühiti, relyefi hələ bir neçə milyon il bundan əvvəl formalaşıb və artıq o dövrdən bu bölgədə ən qədim insanın yaşaması üçün əlverişli şərait olubdur. Ərazidən tapılan qədim paleolit abidələri də bu bölgənin ən qədim insan məskənlərindən biri olduğunu təsdiqləyir. Töyrətəpə, Şomutəpə, Qarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar bu ərazilərdə hələ e.ə. VI-V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin hazırlandığını aşkar etmişdir. Lakin bu yazıda bizim məqsədimiz Ağstafanın keçmişindən deyi, məhz bu günündən bəhs etməkdir. Çünki doğma Azərbaycanımızın digər rayonları kimi, Ağstafanın da şərəfli tarixi qədər, şanlı-şöhrətli bu günü və daha parlaq gələcəyi vardır.

İqtisadi inkişaf rifah yüksəlişinə təkan verir

İstənilən bir ölkənin, həmçinin bu ölkə daxilində yerləşən hər hansı inzibati ərazi vahidinin iqtisadi inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi ilk növbədə həmin ərazidə yaşayan sakinlərin rifah səviyyəsi, onların əhatə olunduqları sosial-məişət şəraiti çıxış edir.



Əgər hansısa bir şəhər və ya rayonda inşaat işləri gedirsə, yollar, kommunikasiya xətləri çəkilirsə, su və kanalizasiya, elektrik enerjisi, təbii qaz təchizatı xətləri yenilənirsə, həm də bu istiqamətdə işlər davamlı olaraq həyata keçirilirsə, bu o deməkdir ki, həmin bölgədə iqtisadi inkişaf var. O cümlədən Ağstafa rayonu da bu gün iqtisadiyyatının dinamik inkişafı ilə diqqəti cəlb edir. Bu gün regionların inkişaf etdirilməsinə dair Dövlət Proqramının tələblərindən irəli gələrək, Ağstafanın təkcə rayon mərkəzində deyil, həm də onun qəsəbə və kəndlərində sosial binaların tikintisi, yolların çəkilməsi, abadlıq işlərinin görülməsi böyük vüsətlə həyata keçirilir. Xüsusilə son illər rayonda yol infarstrukturunun əsaslı şəkildə yenidən quruluması işləri uğurla icra olunur. Artıq Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən və ümumi uzunluğu 15,5 km olan Ağstafa – Köçəsgər avtomobil yolunda əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. Vurğun, Ğöycəli, Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərini rayon mərkəzi ilə əlaqələndirən və ümumi uzunluğu 24 km olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. 9,5 km uzunluğunda Köçvəlili-Qarayazı avtomobil yolunun əsaslı surətdə yenidənqurulması işləri də başa çatsdırılmışdır. 9.5 km uzunluğunda olan Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolunun tikintisi də həyata keçirilıir. Ağstafa rayonu ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə 4 körpünün tikintisi, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpünün inşası başa çatdırılmışdır.

Çörək bol olarsa...

Məlum olduğu kimi, Azərbaycanın iqtisadiyyatında aqrar sahə xüsusi çəkiyə malikdir. Təbii ki, müasir dövrümüzdə ərzaq təhlükəsizliyinin dövlətlər üçün artıq strateji əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, ölkəmizdə məhz kənd təsərrüfatının da inkişafının bir zərurət olduğunu görərik.




Bütün respublikada olduğu kimi, bu gün Ağstafada da aparılan aqrar islahatlar kənd təsərrüfatında yeni münasibətlərin formalaşmasına və nəticədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Dövlətin birbaşa yardımları və dəstəyi ilə taxılçılıq inkişaf etməyə və kənd təsərrüfatı məhsul istehsalçılarının bu sahəyə marağı artmışdır. Bu il rayon üzrə 8735 hektar sahədə buğda, 1857 ha sahədə arpa olmaqla cəmi 10592 hektar taxıl səpini həyata keçirilmiş, bu da ötən illə müqayisədə 73 hektar çoxdur. Nəticədə rayon üzrə cəmi 30883 ton taxıl istehsal olunmuşdur və hər hektardan 30.0 sentner məhsul götürülmüşdür. Bundan başqa, Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq rayonda 500 hektar şəkər çuğunduru əkilmişdir. Dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində bu il rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5 faizdən çox artmışdır. Rayonda payızlıq və yazlıq bitkilərin əkilib-səpilməsində “Ağstafa Aqroservis” MMC-nin 67 ədəd və “Aqrolizinq” ASC-nin Ağstafa Aqroservis xidmətinin 72 ədəd müasir kənd təsərrüfatı texnikasından istifadə olunmuşdur. Bu da rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaratmışdır.

Rəqəmlər reallığın güzgüsüdür...

İqtisadi inkişafdan danışarkən, əlbəttə ki, sadəcə ümumi ifadələrə deyil, konkret rəqəmlərə istinad etmək daha məqsədəuyğundur. Elə bir neçə gün bundan öncə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş tərkibdə keçirilmiş və iclası 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bir çox ürəkaçan faktlar məhz rəqəmlərlə ifadə olunmuşdu. Qeyd edək ki, Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə aparatın akt zalında keçirilmiş bu tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və eləcə də rayon ictimaiyyətinin nümayəndələri və KİV nümayəndələri iştirak edirdilər.




Beləliklə, iclasda təqdim olunan göstəricilərdən məlum oldu ki, 2017-ci ilin 9 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 43.6 % artaraq 143.7 milyon manata çatmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 38.3 % , kənd təsərrüfatı məhsullarının həcmi 0.9 % artmış, nəqliyyat xidmətində 3.3 %, rabitə xidmətində 4.3 % , ticarət sahəsində 0.4 % , tikinti sahəsində 3.0 dəfə artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.7 dəfə artmış və 68.7 milyon manatdan çox olmuşdur. Rayon üzrə orta aylıq nominal əmək haqqı 240.70 manata çatdırılmışdır Sosial məişət xidməti sektorunda 249 nəfər tənha və ahıl vətəndaşlar xidmət uçotuna götürülmüşdür. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilmişdir. Ağstafa rayonu üzrə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 1183 nəfər işlə təmin olunmuşdur. Kənd təsərrüfatı məhsullarının əkilib becərilməsində 19776 nəfər məşgul olmuşdur. Göründüyü kimi, rəqəmlər həqiqətən də ümidverici və ürəkaçandır.



İnsan faktoru – inkişafın əsas amili...

Əlbəttə ki, hər hansı bir sahədə inkişafa nail olmaq üçün eyni zamanda bir amillərin bir araya gətirilməsi, müxtəlif tələblərə əməl olunması zəruridir. Lakin istənilən halda, bütün bu zəruri amillərin içərisində ən önəmli, həlledici mövqeyi məhz insan faktoru özündə saxlayır. Bu gün Ağstafada müşahidə olunan proseslərdən belə məlum olur ki, bu həqiqəti rayonda çox gözəl başa düşürlər.




Etiraf olunmalıdır ki, bu gün Ağıstafada yüksək inkişaf və quruculuq tempi sadəcə qorunub saxlanılmır. Əksinə bu tempin daima yüksəlməsi üçün ona əlavə stimullar verilir. Bu da təbii olaraq həm əhalinin sosial-məişət durumunun yüksəlməsinə, həm də ayrı-ayrı sahələrdə uğurlar qazanılmasına səbəb olur. Bunu da kökündə ilk növbədə rayon rəhbərliyinin məqsədyönlü və səmərəli işi dayanır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Məhərrəm Quliyevin fəaliyyəti regionların inkişafı məqsədilə qəbul olunmuş Dövlət Proqramlarının icrası baxımından yerli ictimaiyyət tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Rayon sakinlərinin rəyinə görə, məhz Məhərrəm Quliyevin bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Ağstafanın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Daxil olan məlumatlarda vurğulanır ki, bu gün rayonda xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilir. Həmçinin şəhid ailələrinin, Qarabağ əlillərinin qayğılarının hər zaman rayon rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanıldığı da aldığımız məlumatlarda xüsusi olaraq qeyd olunur.

Orxan Həsənov
aia.az
Geri dön