Ana Sayfa > Təhsil / Manşet > Azərbaycan Texnologiya Universitetinin bu günü və sabahı

Azərbaycan Texnologiya Universitetinin bu günü və sabahı


23-10-2017, 13:02. Yazar: admin



Rektor Akif Süleymanov: Ölkənin yeni iqtisadi reallığında ATU-nun əhəmiyyəti və vəzifələri artıb

Azərbaycanda post-neft dövrünün başlamasının rəsmi şəkildə elan olunmasından sonra ölkə iqtisadiyyatının inkişaf etdirilməsi ilə bağlı yeni direktivlər meydana çıxıb. İqtisadiyyatın perspektivlərinin kontur və prinsiplərini müəyyən etmək üçün hazırlanan sənədlər (konsepsiya, strategiya) aqrar sahə və qeyri-neft sektorunun bütün istiqamətlər üzrə inkişafına təkan vermək tapşırığını qarşıya qoyur. Ölkənin istehlak bazarının idxaldan asılılığını azaltmaq, həmçinin rəqabətə davamlı ixrac qabiliyyətli məhsul istehsalını stimullaşdırmaq üçün yeni istehsalat və emal müəssisələrinin yaradılması həllini gözləyən ən vacib tapşırıqlardandır. Bu müəssisələrin müasir dövrün tələblərinə uyğun şəkildə təşkili və idarə olunması isə kadr təminatından ciddi mənada asılıdır. Bəs görəsən hazırda ölkə iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun mütəxəssislə təminatı nə yerdədir?

Respublikada sözügedən sahənin mütəxəssislə təminatında əsas rolu oynayan ali təhsil müəssisəsindən biri də Azərbaycan Texnologiya Universitetidir. Xüsusilə də sənayenin bir sıra vacib istiqamətləri üzrə mühəndis-texnoloqların hazırlanması uzun illərdir ki, ATU tərəfindən həyata keçirilir. Hazırda universitetdə kadr hazırlığı prosesinin günün tələblərinə uyğun qurulması üçün hansı addımların atılması haqqında ATU-nun rektoru, professor Akif Süleymanovla həmsöhbət olduq.

"Müştəriyə Yönəlmə Proqramı bizə 5 vacib istiqamət - yüngül sənaye, qida, metallurgiya logistika və İKT sənayesi üçün müasir tələblərə uyğun kadrlar hazırlamağa imkan verir".

- Akif müəllim, bu gün ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi tapşırığı peşəkar mütəxəssislərə olan tələbatı artırıb. Xüsusən də yeni yaranan istehsalat müəssisələrində mühəndis-texnoloqlara ehtiyac durmadan artır. Bu kadrların müasir tələblərə uyğun hazırlanması üçün hansı addımlar atırsınız?

- Bəli, həqiqətən də iqtisadiyyatın hazırkı inkişaf tendendiyası bizdən kadr hazırlığı məsələsinə yeni yanaşma tələb edir. Durmadan artan yeni istehsalat müəssisələri, xüsusən də 5 əsas sahə – yüngül sənaye, qida, metallurgiya logistika və İKT sənayesi üçün müasir standartlara uyğun kadrlar, mühəndislər və menecerlər hazırlamalıyıq. Bu kadrlar təhsil illərində bu günkü əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməldirlər. Biz bu tapşırığın öhdəsindən maksimum gələ bilmək uçün 2 ildən artıqdır ki universitetdə Təhsil Nazliyinin pilot layihəsinin – Müştəriyə Yönəlmə Proqramının icrasına başlamışıq. Bu proqram bizə kadr hazırlığı işini müəssiələrin tələblərinə uyğun qurmağa, hətta bu prosesə müəssisələrin özünü də cəlb etməyə imkan verir. Proqram çərçivəsində xeyli sayda istehsalat müəssisəsi ilə səmərəli əməkdaşlıq qurmuşuq. Tələbələrimizi tez-tez zavod və fabriklərə təlimlərə, istehsalat təcrübələrinə göndəririk. Hazırki istehsal prosesi ilə sıx kontakt bizə kadr hazırlığına olan tələbləri daha dəqiq öyrənməyə və reallaşdırmağa imkan verir. Tələbə özünün nələri bilməli olduğunu yerində görür, təcrübədən keçirir, tədris prosesində isə bunun nəzəri biliklərini mənimsəyir. MYP çərçivəsində bəzi zavod və fabriklərlə əlaqələr daha artıq inkişaf etdirilib. “Det-Al” Alüminium Kompkesi universitet üçün iki metallurgiya laboratoriyası qurub. Gəncə Avtomobil Zavodu və Gəncə Cihazqayırma Zavodunda isə ATU-nun kafedraları yaradılıb. Bu misalları artırmaq olar. Bütün deyilənlər hamısı mütəxəssis hazırlığının gücləndirilməsinə xidmət edir. Yekun nəticədə isə bu əməkdaşlığın gələcəkdə universitet nəzdində texnoparkın yaradılması ilə nəticələndirilməsi gələcək hədəfimizdir.

"Şəffaflıq, ATU-nun əlverişli coğrafi mövqeyi və güclü kadr potensialı iqtisadiyyatın strateji sahələri üçün hazırlanan mütəxəssislərin gələcək uğurlarına zəmanət verir".

- Bəs bu deyilənlər gələcək mühəndislərin tam olaraq əmək bazarının tələblərinə uyğun hazırlanması üçün kifayət edirmi?

- Təbii ki, biz deyilənlərlə kifayətlənmirik. Ən mühüm addımlardan biri tam şəffaf təhsil mühiti yaratmağımızdır. Şəffaflıq əsas prioritetlərimizdən olmaqla ali təhsilin keyfiyyətini yüksəltməkdə vacib rol oynayır. Eyni zamanda universitetin nəzdində yaradılan Davamlı İnkişaf Mərkəzi vasitəsilə tələbələrə daha təkmil formada xarici dil və İKT biliklərini aşılayırıq. Çünki, bunlar da müasir mütəxəssisin gələcəkdə uğurlu karyera qura bilməsi üçün zəruri biliklərdir. Eyni zamanda tələbələrimizin vətənpərvərlik tərbiyəsinin də düzgün formalaşmasını diqqət mərkəzində saxlayırıq. Çünki, hər bir insanın ölkəsi üçün faydalı olması onun peşəkarlığı ilə yanaşı vətənpərvərliyindən də ciddi mənada asılıdır.

- Universitetin özünün potensialı, pedaqoji və inzibati heyətin hazırlığı bütün bu sadalananların həyata keçirilməsi üçün yetərlidirmi?

- Əlbəttə. Hər şeydən əvvəl ATU ölkəmizin paytaxtından sonra ən böyük elm, təhsil və sənaye mərkəzində - Gəncədə yerləşir. Hazırda ölkə iqtisadiyyatının ən strateji sahələri hesab olunan 5 istiqamət – yüngül sənaye, qida, metallurgiya logistika və İKT sənayesi üçün kadr hazırlığını əsas prioritet seçib. Gənclərin bu ixtisaslara yönləndirilməsi üçün müntəzəm təbliğat işi aparırıq. Məzunlarımızın sənaye müəssisələrində ixtisaslarına uyğun iş tapmaları üçün əlaqələndirici missiyanı da yerinə yetiririk. Universitetin bütün bu deyilənlərin reallaşdırılmasına tam qadir kadr potensialı var. Bura həm universitetin fəaliyyət göstərdiyi 46 il ərzində yetişən alimlər, həm də işə yeni cəlb olunan gənc mütəxəssislər daxildir. Eyni zamanda biz inzibati heyətin də yenilənməsi haqqında düşünür, lazım olan yeni kadrları işə cəlb edirik. Həmçinin müəllimlərimizin mübadilə proqramları vasitəsilə xarici universitetlərdə təlimlər keçməsini təşkil edirik. Yeri gəlmişkən, bu layihələrdən tələbələrimiz də yararlanır. Belə əməkdaşlıq çərçivəsində tədris proqramlarımızın da yenilənməsinə, müasir prisnsiplərə uyğunlaşdırılmasına nail ola bilirik.

"Rusiyada işləmək istəyənlər üçün yaratdığımız test və kadr hazırlığı mərkəzi həmvətənlərimizin orada müvafiq iş tapmasına və sənədləşmə ilə bağlı çətinliklərdən azad olmasına dəstək vermək məqsədi daşıyır".

- Beynəlxalq əməkdaşlıq da ali təhsil müəssisələrinin inkişafı baxımından əhəmiyyətlidir. Bu istiqamətdə fəaliyyətiniz və nəticələri haqqında nə demək olar?

- Xarici universitetlərlə əlaqələrin genişləndirilməsi daim gündəliyimizdə ilk sıralardadır. Bu çərçivədə mübadilə proqramları üzrə əməkdaşlıq edir, birgə konfranslar təşkil edirik. Mən xüsusilə Rusiya Xalqlar Dostluğu Universiteti (RUDN) ilə əməkdaşlığımızı qeyd etmək istərdim. Bu uş birliyinin təməli Azərbaycan və Rusiyanın təhsil nazirlərinin 4 ay əvvəl baş tutan görüşü nəticəsində atılıb. Biz artıq Moskvada RUDN-də görüşlər də keçirmişik. Gəncədə ATU-nun dəzdində ölkəmizdən Rusiya gedənlər üçün kurslar və sertifikat imtahanları təşkil etməyi planlaşdırırıq. Hansı ki bu sertifikatlar Rusiyanın Federal Miqrasiya Xidməti tərəfindən tanınacaq, soydaşlarımızın orada yaşamaq və işləmək icazəsi əldə etməsinə zəmin yaradacaq. Bütün bu işləri RUDN-in nəzdindəki Miqrantların Sertifikasiya Mərkəzinin proqramları əsasında reallaşdıracağıq. Eyni zamanda bu layihə çərçivəsində peşə təlimi kursları da təşkil olunacaq. Bu kurslarda hazırda Rusiyada ən çox ehtiyac duyulan ixtisaslar üzrə aşpaz, dərzi, ambardar, çilingər,

qaynaqçı, tornaçı, operator və s. hazırlanacaq. Məzunlara verilən peşə diplomları da Rusiyada tanınacaq ki, bu da ölkəyə gedənlərin iş tapmasını asanlaşdıracaq. Bunun bir zəmanəti də odur ki, kursların təşkili zamanı ən çox işçiyə tələbat olan peşə istiqamətlərini seçmişik. Bu fəaliyyətin konturlarını daha da genişləndirmək mümkündür. Məsələn, tezliklə bu kursların çərçivəsində ölkəyə gələn miqrantların da sənədləşmə və qeydiyyatı ilə bağlı məsləhətlər təşkil etmək mümkündür.

Gəncənin Azərbaycanın paytaxtından kənarda yerləşən əsas təhsil, elm və sənaye mərkəzi olması, həmçinin ATU-nun zəngin bazası və bu günkü fəaliyyət kursu qeyd edilən layihələrin uğuruna zəmanət verir. Ümimilikdə isə bütün bunlar ölkəmizə, Vətənimizə daha çox faydalı olmaq, Azərbaycan vətəndaşının gələcək karyerasının təməlinin düzgün atılmasında rol oynamaq məqsədi daşıyır. Bütün bu deyilənlərin icrası zamanı əsas istinad nöqtəmiz 2013-cü ildən qüvvəyə minən Təhsilin İnkişafına dair Dövlət Strategiyası, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən vəzifələr, təhsilimizin hamisi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan əxz etdiyimiz prinsiplərdir.

aia.az
Geri dön