Ana Sayfa > Gündəm > Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub
Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub23-10-2017, 12:57. Yazar: Sevinc |
Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub Oktyabrın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəlləsində aparılan son tamamlama işləri ilə tanış olub. Baş nazirin müavini Tərtər, Ağdam, Laçın və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin başçıları və yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tam orta məktəbə, musiqi məktəbinə və uşaq bağçasına baxış keçirib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsinin tikintisində son tamamlama işləri görülür. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlıdır. Baş nazirin müavini Əli Həsənov məhəllədə aparılan son tamamlama işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Əli Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır. Tərtər rayonu ərazisində inşa edilən yaşayış kompleksi də məhz bu diqqət və qayğının bariz göstəricisidir. Baş nazirin müavini yaşayış məhəlləsində işlərin keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib. Qeyd edib ki, yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək səviyyədə təhvil verilməlidir. Tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sonra Tərtər rayonunun Şıxarx qəsəbəsinə gedərək, “Marağa-150” abidəsi ətrafında aparılan tikinti-abadlıq işləri ilə maraqlanıb. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Bildirilib ki, artıq abidənin ətrafı təmir edilib, yerə tamet döşənib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Abidənin ətrafında quraşdırılmış stendlərdə ermənilərin buraya köçürülmələrini sübut edən Azərbaycan, rus və ingilis dillərində yazılmış arxiv sənədləri və fotoşəkillər öz əksini tapıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir. Abidə ölkəmizə səfər edən insanlara, xarici mətbuat nümayəndələrinə göstəriləcək. Qeyd edək ki, Ağdam və Tərtər rayonlarında təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində 2016-cı ilin aprel ayında erməni silahlı qüvvələrinin atəşi nəticəsində ziyan çəkmiş məcburi köçkünlərin məskunlaşdığı 228 yaşayış evinin bərpası və şəxsi əmlaklarına dəymiş ziyana görə Nazirlər Kabinetinin 2016-cı il 3 may tarixli sərəncamı ilə müvafiq vəsait ayrılıb. Ayrılmış vəsait müqabilində Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə isə 15 ailə olmaqla, cəmi 120 ailəyə maddi yardım ödənilib. 182 evdə aparılan təmir-bərpa işləri 2016-cı ilin avqust ayında başa çatdırılıb. Həmin evlərdən 20-si Tərtər rayonu, 162-si isə Ağdam rayonu ərazisində yerləşir. aia.az Geri dön |