Ana Sayfa > Siyasət > Deputatdan müstəqilliklə bağlı ÇAĞIRIŞ

Deputatdan müstəqilliklə bağlı ÇAĞIRIŞ


18-10-2017, 15:53. Yazar: admin
Deputatdan müstəqilliklə bağlı ÇAĞIRIŞ


Fazil Mustafa,
Milli Məclisin üzvü

Müstəqillik Günümüz qutlu olsun! Bu müstəqilliyin qazanılmasında zəhməti olan hər bir Vətən övladından- şəhidindən, qazisindən, yaşayanından Yaradan razı olsun! Müstəqil dövlətə sahib olmaq heç də həmişə yağ-bal içində yaşamaq demək deyil. Problemlərin azalması, təhlükəsizliyin tam təmin olunması da heç deyil. Bu qarışıq dünyada ideal bir müstəqil dövlət qurmaq imkanları təkcə özümüzdən asılı olsaydı, bir-birimizi natamamlığa görə qınamamız da haqlı görünə bilərdi. Ancaq təəssüf ki, bu müstəqilliyi Quzeydən, Güneydən, Qərbdən uzanan pəncələrin zədəsindən qorumaq reallığı ilə üz-üzəyik 26 ildir. Ona görə də bu Vətəni taleyini düşünən, Amerikanın, Avropanın, Rusiyanın, İranın, İsrailin, Ərəb ölkələrinin, Türkiyənin xüsusi mərkəzlərindən aldığı təlimatlarla deyil, yalnız bu ölkənin, millətin azadlığı ideyasından qidalanan hər bir insanımız bir-birinin dəyərini bilməlidir, bir-birini vicdanla qorumağı bacarmalıdır.

Sonda məhz bu insanlar müstəqilliyi qoruma çiləsini birlikdə çəkəcəklər. Müstəqil, demokratik, dünyəvi, sosial ədalətin ən yüksək səviyyədə təmin olunduğu, savadsızlığın tarixə gömüldüyü bir Azərbaycan dövləti idealından heç vaxt yayınmayaq. Unutmayaq ki, bir millət olaraq, bir millətin fərdi olaraq özümüzdən də asılı olan incə bir məqam var. Obrazlı desək, müstəqillik həm də hər bir millətə geyim üçün bəxş edilən qiymət qoyula bilinməyəcək dəyərli bir parçaya bənzəyir. Ondan necə paltar tikmək isə, birbaşa həmin millətin qabiliyyət testidir. Əgər strateji və modern düşüncə ilə qışda üşüməmək, yayda tərləməmək üçün optimal geyim hazırlaya bilməyəcəyiksə, o zaman günahsız dəyərli parçanı qınamanın bir adı yoxdur. Müstəqilliyin qabiliyyət testindən keçmənin tək yolu isə təhsildən, sağlam həyatdan, hüququn aliliyinə dəyər verməkdən, hər an müstəqilliyi qoruma instinkinə sahib olmaqdan keçir.


aia.az
Geri dön