Ana Sayfa > Siyasət / Karusel > Oqtay Əsədov Sankt-Peterburqda Ermənistanı ifşa etdi

Oqtay Əsədov Sankt-Peterburqda Ermənistanı ifşa etdi


16-10-2017, 15:12. Yazar: admin
Oqtay Əsədov Sankt-Peterburqda Ermənistanı ifşa etdi


“Təəssüf ki, ötən 25 il ərzində Ermənistan mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur və beynəlxalq hüquq qaydalarını kobudcasına pozmaqda davam edir. Qəribədir ki, təcavüzkarı beynəlxalq təşkilatların qərarlarına əməl etməyə məcbur edən mexanizm mövcud deyil. Bu isə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar əsasında yanaşılmasına gətirib çıxarır”.

Bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Sankt-Peterburqda Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında çıxışı zamanı söyləyib.

Oqtay Əsədov deyib ki, Azərbaycan ərazisinin bir hissəsini işğal etmiş və işğal etdiyi ərazilərdə etnik təmizləmə aparmış Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini xristian–müsəlman qarşıdurması kimi qələmə verməyə çalışır. Məqsəd Azərbaycanın əzəli və tarixi torpağı olan Dağlıq Qarabağ bölgəsində etnik separatizmə dinlərarası münaqişə donu geyindirmək, eyni zamanda, ənənəvi xristian ölkələrində xristian həmrəyliyi duyğularını istismar etmək yolu ilə qonşu ölkəyə qarşı qəsbkarlıq siyasətinə haqq qazandırmaqdır. Bu qəsbkarlıq siyasətinin nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, 1 milyon azərbaycanlı qaçqın və köçkün vəziyyətində yaşayır. İşğalçılıq müharibəsinin gedişində 20 minə yaxın dinc azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, bir neçə yaşayış məntəqəsində, o cümlədən Xocalı şəhərində dəhşətli soyqırımı cinayətləri törədilib.

Azərbaycan parlamentinin sədri deyib: “Biz hesab edirik ki, etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının bütün dünyada sülh və təhlükəsizlik üçün nə dərəcədə qorxulu olduğu hamılıqla qəbul edilməlidir. Beynəlxalq birlik özündə güc tapıb qəti tədbirlər görməli və bütün münaqişələr, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll edilməlidir. Azərbaycan bu gün dünya birliyinin üzləşdiyi ağır problemlərin həlli və sülhün, əmin-amanlığın təmin edilməsi məqsədilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səyləri birləşdirməyə və birgə fəaliyyət göstərməyə hazırdır.

Azərbaycanın multikulturalizm və tolerantlıq modelindən söz açan Oqtay Əsədov qeyd edib ki, ölkəmizin dünyaya təqdim etdiyi demokratik cəmiyyət nümunəsi etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə, ölkədə yaşayan xalqların mədəni sərvətlərinin qorunmasına və inkişafına əsaslanır. “Azərbaycanda dövlət siyasətinin mühüm bir istiqamətini mədəniyyətlərarası, dinlərarası dialoqun və multikulturalizmin dəstəklənməsi təşkil edir. Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir. Tamamilə məntiqlidir ki, bizim ölkəmizdə 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunub”, - deyə sədr diqqətə çatdırıb.

Milli Məclis sədrinin sözlərinə görə, bu gün müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və qitə miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ənənə halını alıb. Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar üçün əmin-amanlıq və xeyirxahlıq mühiti yaradılıb və bu prinsiplər milli qanunvericilik vasitəsilə dini etiqad azadlığı və dini tolerantlıq çərçivəsində qorunub saxlanıb. Dini tolerantlığın və dinlərarası dialoqun möhkəmləndirilməsi, dini etiqad azadlığının inkişaf etdirilməsi üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirdə bir sıra təşkilati məsələlərə baxılıb.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Parlamentlərarası İttifaqın yeni sədri, Türkmənistan, Özbəkistan və Vanuatu İttifaqın yeni üzvləri seçiliblər. Beləliklə, İttifaqa daxil olan parlamentlərin sayı 176-ya çatıb. Assambleya işini davam etdirir.(AzərTAc)


aia.az
Geri dön