Ana Sayfa > Gündəm / Manşet > Gənclər evlənmək istəmir!

Gənclər evlənmək istəmir!


16-10-2017, 11:16. Yazar: admin
Gənclər evlənmək istəmir!


Deyirlər, tez evlənənlə, yuxudan tez oyanan udar. Amma bu gün gənclərimiz yuxudan tez oyana bilsələr də, tez evlənmək istəmirlər.

Bu tendensiya yalnız Azərbaycanda deyil, digər ölkələrdə də belədir. Son zamanlar dünyada evlilik yaşı artıb, gənclər artıq əvvəlki kimi 20 yaşlarda ailə həyatı qurmurlar.

Bəs gənclərin əksəriyyəti nə üçün gec evlənməyə üstünlük verir?

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a açıqlama verib. O bildirib ki, evlilik yaşının artması yalnız sosial deyil, həmçinin mənəvi, iqtisadi problemdir:

“Evlilik yaşının artmasına səbəb olan bir neçə amil var. Adətən insanlar özlərini cəmiyyətə, həyata hazır hiss edən zaman ailə həyatı qururlar. Təəssüf ki, son illər cəmiyyətdə mövcud olan problemlər - istər mənəvi, istər sosial, iqtisadi, psixoloji - elə bir şərait yaradıb ki, insanlar həyata tam hazırlaşa bilmir. Əvvəllər həyat bir qədər sadə idi. Ailə haqqında təsəvvürlər, standartlar var idi. Hamı bilirdi ki, müəyyən yaşa çatan zaman ailə qurmaq lazımdır.

Cəmiyyətdə konkret standartlar hökm sürürdü və hər kəs buna uyğun həyatını formalaşdırırdı. Amma indi ümumiyyətlə ailə dəyərləri, ailə haqqında təsəvvürlər dəyişib. İnsanların mürəkkəb cəmiyyətdə şəxsiyyət kimi formalaşma prosesi uzanıb.

Məsələn, kənd yerində 19-20 yaşlı gənc artıq özünü kəndin bərabərhüquqlu sakini hesab edə bilirsə, şəhərdə bu baş vermir. Şəhərdə həmin yaşda olan gənc hələ özünü uşaq hesab edir yaxud onu uşaq yerinə qoyurlar. Ona görə də hazırda insanların özünü cəmiyyətin normal üzvü hesab etmə prosesi uzanıb”.

Sosioloq qeyd edib ki, cəmiyyətdə yaranan yeni dəyərlər də evlilik yaşının artmasına səbəbdir:

“Digər tərəfdən iqtisadi problemlər var. İndiki vaxtda gənclərin əksəriyyətinin mənzili yoxdur. Eyni zamanda onlar kirayə mənzildə də qalmaq istəmirlər. Əvvəllər Azərbaycan ailələrində bir qız oğlanın valideynləri ilə yaşaya bilirdi. İndi isə bu tendensiya zəifləyib.

Çünki çox az qız valideynlərlə yaşamağa razı olar. Yaxud elə hər valideyn də ailə içində yeni ailənin yaranmasını istəmir. Bu istiqamətdə də dəyərlər dəyişib. İndiki gənclərin 90 faizi yalnız fərdi mənzili olandan sonra ailə həyatı qurmaq istəyir.
Həmçinin hazırda stabil iş yoxdur. Əvvəllər hər kəsin bir sahədə işləmə və qazanc əldə etmə imkanı daha çox idi. İndi çox az adamın maaşı ailə saxlamağa imkan verir.

Üstəlik cəmiyyətimizdə yaranan geyim yarışı, toy modelləri də həyatı çətinləşdirib. Qabaqlar bir ailəni saxlamaq asan idisə, indi ailəni maddi cəhətdən təmin etmək xeyli çətinləşib.

Məsələn, əvvəllər kiçiklər böyük bacı-qardaşlarının paltarlarını geyib böyüyürdüsə, indi dəbdəbəli həyat daha çox gündəmdədir. Bütün bunlar indiki vaxtda evlilik yaşının artmasına gətirib çıxarır”.

aia.az
Geri dön