Ana Sayfa > Təhsil / Karusel > Alimimiz Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü seçildi
Alimimiz Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü seçildi12-10-2017, 14:05. Yazar: Sevinc |
İstənilən tədris ocağı nüfuzlu alimləri, istedadlı tələbələri, yetirmələri ilə tanınır. Sumqayıt Dövlət Universitetinin inkişafında xüsusi xidmətləri olan dilşünas alim, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov bu günlərdə Rusiya Təbii Elmlər Akademiyasının (Alimlərin, müəllimlərin və mütəxəssislərinin Beynəlxalq Assosiasiyası) həqiqi üzvü seçilmişdir. Qəlbi vətən, torpaq sevgisi ilə döyünən vətəndaş alimin əməyi daima yüksək qiymətləndirilmişdir. Müxtəlif illərdə respublika, ittifaq və xarici ölkə səviyyəli tərifnamələrlə, fəxri fərmanlarla, 1965-ci ildə “XX let Pobedı v Velikoy Oteçestvennoy voyne” Yubiley medalı ilə, 1984-cü ildə Əfqanıstan Respublikasının “Eftexor” ordeni ilə, 2012-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi Döş nişanı” ilə təltif olunmuşdur. Həyatının mənalı illərini Sumqayıt Dövlət Universitetinin, ölkənin kadr potensialının inkişafına, iqtisadi potensialın intellekt kapitalına çevrilməsinə həsr edən professor Ramazan Məmmədov 2016-cı ildə Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1-5 oktyabr 2017-ci il tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində Təbii Elmlər Akademiyasının elmi tədbirləri keçirilmişdir. Həmin tədbirlərdə Rusiya, Türkiyə, Azərbaycan, Qazaxıstan, Ukrayna, Tacikistan, Qırğıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrin 120-dən artıq şəhərlərindən 150-dən çox alim iştirak etmişdir. “Ali məktəb elminin inkişaf perspektivləri” mövzusunda keçirilən Beynəlxalq elmi konfransda prof. Ramazan Məmmədov məruzə ilə çıxış etmişdir. Oktyabrın 4-də Akademiyanın Payız sessiyasında prof. R.Məmmədov yekdil səslə Rusiya Təbii Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir. Məlumat üçün bildirək ki, prof. Ramazan Məmmədov Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi–metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti nəşr olunmuşdur. Onu da qeyd edək ki, prof. Ramazan Məmmədovun elmi maraq dairəsi dilçiliklə məhdudlaşmır. O, 1962-ci ildən sakini olduğu Sumqayıt şəhərinin vurğunudur. Ömrünün 27 ilini doğma şəhərində 1988-ci ilin fevralında erməni və ermənipərəst millətçi-separatçı qüvvələr tərəfindən törədilmiş kütləvi iğtişaşların elmi-sosioloji tədqiqinə, bu faciəvi hadisələrin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ qarşıdurması ilə bağlılığı probleminin araşdırılmasına həsr etmişdir. Problemə həsr edilmiş və Azərbaycan, rus, ingilis, ispan dillərində nəşr olunmuş bir sıra silsilə məqalələrin, konfrans materiallarının və yeddi monoqrafiyanın müəllifidir. Sumqayıt Dövlət Universitetinin kollektivi prof. Ramazan Məmmədovu bu yüksək elmi ada layiq görülməsi münasibəti ilə təbrik edir, elmi fəaliyyətində davamlı uğurlar arzu edir. Əlbəttə ki, saydığımız titullar professorun yuxusuz gecələrinin, əziyyətli illərinin bəhrəsidir. İnanırıq ki, tələbələrimiz onun elmi yaradıcılıq yolunu davam etdirərək universitetimizi beynəlxalq aləmdə layiqincə təmsil edəcəklər. aia.az Geri dön |