Ana Sayfa > İdman / Manşet / Seçilənlər > Ağacan Abıyev – elmlə idmanın vəhdətində keçən ömür

Ağacan Abıyev – elmlə idmanın vəhdətində keçən ömür


12-10-2017, 13:14. Yazar: Sevinc
Ağacan Abıyev – elmlə idmanın vəhdətində keçən ömür



Bu il, noyabr ayının 24-də Azərbaycan elminin və idmanının parlaq simalarından biri, ölkəmizdə bu sahələrin inkişafında danılmaz xidmətləri olmuş Ağacan Abiyevin 80 yaşı tamam olacaq.

...Ağacan Qulam oğlu Abıyev 1937-ci ildə, Bakının Bülbülə qəsəbəsində dünyaya göz açıb. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvüdür.



Ağacan müəllimi tanıyan hər bir kəs təsdiq edə bilər ki, o, ömrünün böyük bir hissəsini idmana həsr etdiyi 80 illik həyatında çox işlər görməyə nail olmuş, həm idman, həm də elm sahəsində böyük uğurlara imza atmışdır. Əbəs yerə deyildir ki, Ağacan Abiyevin millətimizin və dövlətimizin qarşısında olan xidmətləri ölkə rəhbərliyi tərəfindən də daim yüksək dəyərləndirilmişdir. Belə ki, Ağacan Abiyevə 2001-ci ildə Ölkə Prezidenti, Ümummilli Lider Heydər Əliyev cənablarının Sərəncamı ilə elm və təhsil sahələrində, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə verilmiş “Şöhrət” ordeni və 2007-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncami ilə elmimizin inkişafındakı roluna görə verilmiş “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adı Ağacan müəllimin çəkdiyi zəhmətin və göstərdiyi xidmətlərinin yüksək qiymətidir.

Qeyd etdiyimiz kimi, Ağacan Abiyevin istər elm, istərsə də idman sahələrində fəaliyyəti kifayət qədər böyük tarixə malikdir. 1961-ci ildə Ağacan Abiyev Azərbaycan Politexnik İnstitutunun (hazırda Azərbaycan Texniki Universiteti) “Avtomatika və Hesablama texnikası” fakültəsinin əyani şöbəsinə daxil olur. Lakin həmin vaxt o, artıq ali təhsilli idman mütəxəssisi idi. Belə ki, Ağacan müəllim 1956-1960-cı illərdə Bədən Tərbiyəsi İnstitutunda (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) müvəffəqiyyətlə oxuyub birinci ali təhsilini almışdı. Bununla belə onun texniki fənlərə böyük maraq göstərməsi də diqqəti cəlb edirdi. Politexnik İnstitutunun müəllimləri də onu daima digər tələbələrə nümunə göstərərək deyirdilər ki, Ağacan idmançı kimi idmançı, tələbə kimi də əsl tələbədir. Keçmiş SSRİ dövründə Lenin təqaüdünü almaq çox çətin idi ki, Ağacan Abiyev tələbə ikən bu uğura da imza ata bilmişdi.



...1966-cı ildə Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Ağacan müəllim işləmək üçün həmin institutun avtomatika və hesablayıcı texnika kafedrasına təyinat alır. 1967-ci ildə Moskva Polad və Ərintilər İnstitutunun (MİSİS) “Metal təbəqə yayma dəzgahlarının avtomatlaşdırılması” kafedrasının əyani şöbəsinin aspiranturasına daxil olur. 3 il sonra Moskvada namizədlik disertasiyasını müdafiə edir və 1971-ci ilin yanvar ayında Moskva Polad və Ərintilər İnstitutu tərəfindən Lipetsk Politexnik İnstitutuna göndərilir. 1974-cü ildə isə, dosent və “Avtomatika və sənaye elektronikası” kafedrasının müdiri seçilir. Ağacan müəllim 1 monoqrafiyanın, 100-dən çox elmi məqalənin, 15 dərslik və metodik vəsaitin, eləcə də avtomatik idarəetmə və nəzarət sistemləri sahəsində 4 ixtiranın müəllifidir.
Lakin elm sahəsində qazanılan bütün bu uğur və nailiyyətlərə baxmayaraq, Ağacan Abiyevin idmana olan bağlılığı onun qəlbində hər zaman daha güclü olmuş və son nəticədə məhz elə bu bağlılıq da Ağacan müəllimin bütün həyat yolunun əsas istiqamətverici qüvvəsi kimi çıxış etmişdir. Ağacan Abiyevin idmana, boksa gəlişi uzaq 1954-cü ilə təsadüf edir. Bir neçə il bundan əvvəl mətbuata verdiyi müsahibələrin birində Ağacan müəllim həmin dövrü belə xatırlayırdı: “Ailədə 9 uşaq olmuşuq. 3 bacı, 6 qardaşıq. Evin 4-cü uşağı idim. Qardaşımla birgə məşqlərə baxmağa gedəndə bir gün ona dedim ki, mən də boksla məşğul olmaq istəyirəm. Suraxanıdakı “Neftçi” İdman Cəmiyyətində məşqçi işləyən Oleq Kuxarenko mənə baxdı və qardaşıma – “Bu uşaq çox arıqdır, ondan boksçu çıxmayacaq” dedi. Amma boksla məşğul olmağıma etiraz etmədi. Bu dəfə özümə söz vermişdim – heç nəyə baxmayaraq öz istəyimin arxasınca gedəcəkdim. Özümü boksda tapacağıma çox inanırdım. Mənə elə gəlirdi ki, həyatımı idmansız yaşaya bilməyəcəyəm. Qəribədir ki, atam da bu istəyimə qarşı idi. Onun arzusu məni neft mühəndisi kimi görmək idi. Atam deyirdi ki, boksa gedirsən, ağız-burnunu əzirlər. Həm də ki, idmanın ömrü azdır. Gələcəkdə ailəni dolandırmaq üçün ciddi sənət seç. Axı idman sənə nə verəcək?..” Lakin bütün etirazlar sanki gənc Ağacanın boksa olan məhəbbətini daha da alovlandırır, onun bu yolda daha da inamla addımlamasını stimullaşdırırdı. İstək, məqsədyönlük və əlbəttə ki, zəhmət və çlışqanlıq tezliklə öz nəticələrini verməyə başladı. 1955-ci ildə Bakıdakı 208 saylı orta məktəbi yaxşı və əla qiymətlərlə bitirən Ağacan Abiyev, elə həmin ildə də “Neftçi” İdman Cəmiyyətinin Mərkəzi Şurasının Qroznıda keçirilən çempionatında uğurla çıxış edir və çempion olur.



1956-cı ilin yayında Ağacan Abiyev Bədən Tərbiyəsi İnstitutuna daxil olur. Ciddi məşqlər öz səmərəsini verir. 1957-ci ildə Zaqafqaziya çempionu olur və SSRİ idman ustası normasını yerinə yetirir. Məhz bu yarış onun idman karyerasının ən yaddaqalan səhifələrindən birinə çevrilir. Boksçu həmçinin “Neftçi” İdman Cəmiyyətinin ilk idman ustası kimi tarixə düşür. İdman ustası olandan sonra Suraxanıda məşqçi işləməyə başlayır. Əlbəttə, həmin illərdə Ağacan Abiyevin bir gün Azərbaycan İdmanının ən zirvəsində duranların sırasına qatılacağını bəlkə heç o, özü də düşünmürdü. Amma bəlkə də tam əksinə, Ağacan Abiyev məhz qarşısına qoyduğu məqsədlərə çatmışdır.

...Ağacan Abiyev 6 dəfə Azərbaycan çempionu, dəfələrlə beynəlxalq turnirlərin mükafatçısı olub. İdman ustası və beynəlxalq dərəcəli hakimdir. SSRİ-nin fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustasıdır. Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür.
Əminliklə demək olar ki, bu gün idman sahəsində qazandığı uğurlarla təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tanınan Ağacan Abiyev ölkəmizdə olimpiya hərəkatının inkişafına da olduqca dəyərli töhfələr vermişdir.



Həmçinin qeyd etmək lazımdır ki, Ağacan Abiyev ölkənin ictimai-siyasi və beynəlxalq-ictimai həyatında da önəmli yer tutan simalardan biridir. Belə ki, Ağacan müəllim ardıcıl olaraq 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədridir. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.Yeni Azərbaycan Partiyasının üzvüdür. Bütün bu tutduğu vəzifələrdə də Ağacan Abiyevin fəaliyyəti hər zaman doğma Azərbaycanımızın inkişafına, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə yönəldilmişdir.

Heç şübhə etmirik ki, Ağacan müəllim hələ uzun illər bundan sonra da xalqımıza və dövlətimizə şərəf və ləyaqətlə xidmət edəcəkdir.


Azər Məmmədov
Aia.az
Geri dön