Ana Sayfa > Gündəm / Karusel > Ərzaq məhsullarının qiyməti bahalaşıb - Rəsmi

Ərzaq məhsullarının qiyməti bahalaşıb - Rəsmi


11-10-2017, 12:22. Yazar: admin
Ərzaq məhsullarının qiyməti bahalaşıb -  Rəsmi


2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb. Cari ildə ilk dəfə olaraq istehlak qiymətləri indeksi 0,1 faiz bəndi aşağı düşüb. Bununla yanaşı, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, kolbasa məmulatlarının, süd məhsullarının, kərə, zeytun və marqarin yağlarının, limonun, portağalın, gavalının, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, sarımsağın qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, bananın, almanın, armudun, qozun, fındığın, soğanın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında avqust ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, kitabların və dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, soyuducuların, kondisionerlərin, minik avtomobillərinin, mobil telefon və fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, mənzillərin icarə haqqının, məişət cihazlarının təmiri xidmətinin, stomatoloji xidmətlərin, mebel və digər əşyaların daşınması xidmətinin, ödənişli ali təhsil haqqının qiymətlərində bahalaşma, dəmiryol və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. AzVision.az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir.

aia.az
Geri dön