Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Parlament məmur övladları üçün tramplindirmi?

Parlament məmur övladları üçün tramplindirmi?


29-10-2015, 11:51. Yazar: admin
Parlament məmur övladları üçün tramplindirmi?

Müzəffər Baxış: “Milli Məclis Aparatında işləyənlərin əksəriyyəti yüksək vəzifələrdə çalışan şəxslərin ya övladları, ya da yaxın qohumlarıdır”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun oğlu Ruslan Çovdarovun Milli Məclisdən işdən çıxarılmasına rəsmi aydınlıq gətirilib.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya bildirib ki, Ruslan Çovdarov ötən gün öz ərizəsi ilə işdən çıxıb. Ruslan Çovdarov MM aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri vəzifəsində işləyirdi.

Qeyd edək ki, A.Çovdarov məlum MTN olaylarında adı ən çox hallanan generallardan biridir. Bu mənada onun parlamentdə çalışan oğlunun da işdən azad olunması reallıqda təbii olaraq gündəmə gəlib. Ancaq Azərbaycan reallığında buna bənzər hallar, yəni atasının hərəkətlərinə görə övladının, yaxud yaxın qohumların cəzalandırılması halları əvvəllər də müşahidə olunduğu üçün bu barədə hüquqşünas rəyinə ehtiyac gördük. İstədik araşdıraq, görək bu, normal tendensiyadırmı?

Əslində bu, normal sayıla bilməz. Çünki ola bilər ki, hansısa məmurun övladı da normal fəaliyyətlə məşğuldur və atasının qanunsuzluqlarına şərik olmadığı halda onun cəzalandırılması ədalətli ola bilməz. O başqa məsələdir ki, atasının rütbəsinə, var-dövlətinə arxayın olan oğul bundan iş fəlaiyyətində də sui-istifadə hallarına yol verir, münasibətlərdə əndazəni aşan hərəkətlərə yol verir və s. Ancaq diqqətçəkən bir məqam da var. Adının çəkilməsini istəməyən mənbə bildirdi ki, adətən, parlament Azərbaycanın məmur şəxslərinin övladları üçün ən cəlbedici ünvanlardan sayılır. Elə adları qalmaqallarda adlanan bir sıra şəxslərin övladlarının “səsi” ali qanunverici orqandan gəlib. Bu sıraya Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu, nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlunun da Milli Məclisdə çalışdığı məlumdur. Düzdür, Milli Məclisdə çalışanların yazı yüzlərlədir və burada bir neçə tanınmış məmurun olması hələ faiz nisbətini dəyişmir. Lakin istənilən halda məsələnin ictimai maraq kəsb etdiyini nəzərə alıb ekspertə üz tutduq.

Hüquqşünas Müzəffər Baxış bu barədə “Yeni Müsavat”a açıqlamasında vəziyyətin ürəkaçan olmadığını vurğuladı: “Mən tam məsuliyyətlə bu məsələni açıqlayıram. Əgər Oqtay Əsədov mənim dediklərimlə razılaşmırsa, o halda Milli Məclis Apartında işləyən şəxslərin siyahısını dərc etsin və kimin hansı vəzifəli şəxsin oğlu, yaxud yaxın qohumu olması barədə mənim fikirlərimi təkzib etsin. Yəni mən tam məsuliyyətlə bildirirəm ki, Milli Məclis Aparatında işləyən işçilərin əksəriyyəti Azərbaycanda bu və ya digər yüksək vəzifələrdə və yaxud ölkə reallığında qəbul edilən vəzifələrdə çalışan şəxslərin ya övladları, ya da yaxın qohumlarıdır. Özü də bu, təkcə Milli Məclis Aparatında deyil, başqa dövlət qurumlarının aparatlarında işləyən şəxslərin əksəriyyəti belə şəxslərdir. Yəni bu, Azərbaycan reallığıdır. Bunu da tam məsuliyyətlə bildirirəm ki, Akif Çovdarovun cinayətkar əməlləri bütün Azərbaycan ictimaiyyətinə bəlli idi. Vaxtilə Aqil Xəlil məsələsi ortaya çıxanda ictimaiyyət tərəfindən araşdırıldı və məlum oldu ki, Akif Çovdarov əvvəllər axtarışda olub, amma bütün bunlara baxmayaraq, o, MTN-ə gətirilib və mühüm bir vəzifəyə təyin edilib. Onun vəzifədə çalışdığı dövrdə törətdiyi cinayət əməllləri də Azərbaycan ictimaiyyətinin bu məsələlərlə maraqlanan şəxslərinə bəlli idi”. M.Baxış qeyd etdi ki, Azərbaycan qanunvericilyinə görə, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi hallardan başqa – belə bir hal da hələ müəyyən olunmayıb – yaxın qohumluğu olan dövlət qulluqçuları bir-birinin tabeliyində işləyə bilməzlər. Ancaq buna da əməl olunmur. Deyək ki, ata nazirdir, oğlu orda idarə rəisidir. Yəni bu da Azərbaycan reallığıdır”.

Konkret halda A.Çovdarovun oğlunun işdən çıxarılmasına gəldikdə, hüquqşünas dedi ki, bu barədə konkret fikir bildirmək mümkün deyil: “Düzü, mən Akif Çovdarovun oğlunun hansı təhsil müəssisəsini bitirməsi, hansı savada, qabiliyyətə malik olması barədə dəqiq məlumata malik deyiləm. Onun öz vəzifəsinin öhdəsindən gəlib-gəlməməsindən də xəbərsizəm. Amma əgər o, qanuni əsaslarla işə qəbul olunubsa, atası işdən çıxarıldıqdan sonra özünün də işdən azad olunmasının tərəfdarı deyiləm. Ola bilər ki, Akif Çovdarov cinayət əməlləri ilə məşğul olsun, amma onun oğlu çox qabiliyyətli, özünə hörmət edən bir insan olsun. Belə hallar da ola bilər. Ümumilikdə mən istənilən şəxsin atasının cinayətkar əməlllərinə görə cəzalandırılmasının tərəfdarı deyiləm”.

A.Çovdarovun oğlu ilə bağlı yayılan məlumatlarda bir məqam diqqəti cəlb edir. Bildirilir ki, işdən çıxmazdan bir neçə gün əvvəl Ruslan Çovdarova işə davamiyyətsizliyinə və intizamsızlığa görə töhmət verilmişdi. (musavat.com)
Geri dön