Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel > Psixoloqlar üçün vacib xəbər - YENİLİK

Psixoloqlar üçün vacib xəbər - YENİLİK


27-10-2015, 15:34. Yazar: admin

Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı yeni əmrə əsasən, Azərbaycanda ilk dəfə olaraq tibb müəssisələrində klinik psixoloqlar fəaliyyət göstərəcəklər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aile.lent.az-a verilən məlumata görə, Elmi Tədqiqat İnstitutlarında, Tibb mərkəzlərində, Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Respublika Perinatal Mərkəzində və s. yerlərdə Səhiyyə Nazirliyi tərəfindən psixoloq ştatı açılacaq. Bu müəssisələrdə psixoloqların fəaliyyət göstərməsi ilə müalicəyə müasir və hərtərəfli yanaşma həyata keçiriləcək.


Ölkədə psixi sağlamlıq xidmətlərinin daha yaxşı təşkil edilməsi üçün klinik psixoloqların tibb müəssisələrində çalışması olduqca vacibdir. Psixoloqlar insanların psixi sağlamlıqla bağlı müxtəlif tələbatlarını və problemlərini aşkarlayır.

Belə ki, insanlar xəstəliklər zamanı təkcə fiziki baxımdan deyil, eyni zamanda müxtəlif psixoloji problemlər və emosional halətlərlə qarşılaşırlar. Bu problemlərin vaxtında aşkar olunması və həll edilməsi şəxslərin psixososial adaptasiya imkanlarını genişləndirir. Məsələn, sonsuzluqdan uzun müddət müalicə alan qadının motivasiya və tələbatlar sisteminin, əhval-ruhiyyəsinin, şəxsiyyətlərarası münasibətlər sferasının və s. qiymətləndirilməsi və psixoloji müdaxilənin təşkil edilməsi onun həyat keyfiyyətlərini yüksəldəcək.

Psixoloqlar eyni zamanda müxtəlif psixoloji müayinə üsulları ilə yardım göstərirlər. Məsələn, hansısa ağır və xroniki xəstəliklər zamanı təkcə farmakoloji müalicə deyil, həmçinin psixoloji müdaxilə təşkil olunmalıdır (psixoloji konsultasiya, böhran hallarında müdaxilə və s. ).

Psixoloji problemlər təkcə psixi xəstəliklər zamanı rast gəlinmir. Belə ki, gündəlik həyat şəraiti zamanı bəzən biz gözlənilmədən krizis vəziyyəti ilə üzləşə bilərik. Bu zaman psixoloqların xidməti əvəzsizdir. Beynəlxalq tədqiqatlar göstərir ki, ağır və xroniki xəstəliklər zamanı əsas müalicə ilə yanaşı psixoterapiya da aparılarsa, nəticə daha uğurlu olur. Bəzi pozuntular (post-trvamatik stress pozuntusu, obsessiv-kompulsiv pozuntu, sosial fobiya və s.) zamanı isə medikamentoz müalicənin effektivliyi nisbətən aşağı qiymətləndirilir. Bu pozuntuların aradan qaldırılmasında psixoterapiya daha səmərəli olur.

Psixoloqların müxtəlif səhiyyə xidmətlərində çalışmasının digər vacib aspekti maarifləndirmə işlərinin aparılmasının zəruriliyi ilə bağlıdır. Psixi sağlamlığın dəstəklənməsi və psixi xəstəliklərin profilaktikası üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir.

Maarifləndirmə tədbirləri təkcə xəstələri deyil, eyni zamanda ailə üzvlərini də əhatə edir. Ailə üzvləri adətən psixi xəstəliklər zamanı şəxsə necə yanaşmalı və rəftar etməli olduqlarını bilmirlər. Məhz bununla bağlı onlar stress keçirə bilərlər. Psixoloqlar ailələr və pasiyentlərlə bir yerdə işləyəndə məsələnin həlli yolları ilə bağlı cox yaxşı qərarlar qəbul edə və problemdən çıxış yolları tapa bilərlər.

Psixoloq fəaliyyətinin digər aspektlərindən biri də burda bəzi diaqnostik alətlərin və instrumentlərin mövçudluğudur ki, bunlar başqa sahələrdə yoxdur. Bu alətlər yalnız diaqnoz qoymaq üçün istifadə edilmir. Onlar eyni zamanda pozuntunun ağırlıq dərəcəsini, həyat keyfiyyətlərini, adaptasiya səviyyəsini, şəxsi xüsusiyyətlərini, qabiliyyətləri və s. qiymətləndirir. Bu səbəbdən sağlam insanların işə yararlılığının qiymətləndirilməsi, çağırışçıların hərbi-tibbi ekspertizası, və ya məhkəmə ekspertizası zamanı psixoloqların rolu əvəzsiz ola bilər.

Adətən psixiatr və psixoloq peşəsi qarışıq salınır. Psixiatriya və psixologiya ayrı-ayrı ixtisas sahələri olub pasiyentlərə yanaşma istiqamətlərinə görə bir-birlərindən fərqlənirlər. Psixiatr həkimdir, onlar psixi pozuntuların bioloji aspektlərinə daha çox önəm verərərək psixofarmakoterapiyadan istifadə edirlər. Lakin həmin xəstələrin digər problemləri də ola bilər.

Məsələn, şəxsiyyətlərarası münasibətlərdə problemlər, təhsillə bağlı olan problemlər, aşağı özünüqiymətləndirmə və aşağı motivasiya, stressin qarşısının alınması kimi məsələlərin həll edilməsi psixoloji müdaxilələr vasitəsilə həyata keçirilir.

Sadalanan problemlərin aradan qaldırılması psixiatrik, medikamentoz müdaxilə ilə mümkün deyildir. Psixoloq psixiatr olmasa da, bu problemlərin necə həll edilməsi ilə bağlı biliklərə malikdir. Ən yaxşı nəticələr o zaman özünü göstərir ki, psixoloqlar psixiatrlarla əməkdaşlıq edir və insanlara kompleks şəkildə yardım göstərirlər.
Geri dön