Ana Sayfa > Gündəm / Manşet > İlham Əliyev: "Azərbaycan dünya Olimpiya ailəsində artıq öz layiqli yerini tutub"
İlham Əliyev: "Azərbaycan dünya Olimpiya ailəsində artıq öz layiqli yerini tutub"3-10-2017, 17:47. Yazar: admin |
Oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib. Prezident İlham Əliyev layiqli çıxış etmələri münasibətilə qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini təbrik etdi. Bildirdi ki, milli komandamızın çıxışı bütün azarkeşlərə böyük sevinc bəxş etdi. Bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat bizim qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi. Bütövlükdə, qadınlar arasında voleybol üzrə Avropa çempionatı çox uğurla keçdi və təşkilatçılıq yüksək səviyyədə oldu. Avropa federasiyalarının rəhbərləri və digər qonaqlar da bunu qeyd ediblər. Çempionatın yalnız Bakıda deyil, həm də regionda - Göygöl şəhərində keçirildiyinin əlamətdar olduğunu vurğulayan dövlətimizin başçısı dedi ki, bu, bizim idman infrastrukturunun inkişafını göstərir. Bütün idman növləri, o cümlədən voleybolda idmançılar üçün yaradılan yaxşı şərait olmadan belə dinamik inkişaf mümkün olmazdı. Bütövlükdə, Azərbaycan dünya Olimpiya ailəsində artıq öz layiqli yerini tutub. Bu, bizimlə yanaşı, beynəlxalq strukturların, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitələrinin verdiyi qiymətdir. Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyinin qeyd edildiyini və həmin tədbirdə dünyanın yüksək vəzifəli idman məmurlarının çıxışlarında Azərbaycanın çox böyük, misilsiz uğurlar qazandığını qeyd etmələrini xatırlatdı. "Əsasən bizim idman uğurlarımız fərdi idman növlərində qazanılıb. Komanda növlərində isə hesab edirəm ki, qadın voleybolu birinci yerdədir”, - deyən dövlətimizin başçısı vurğuladı ki, bunu milli komandamızın oyunu və əldə edilən nəticə də göstərdi. Avropada 4-cü yeri qazanmağın böyük nailiyyət olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, qrupdakı və dörddəbir final oyunundakı rəqiblər üzərində böyük üstünlüklə qazanılan qələbələr azarkeşlər üçün gözlənilməz idi. "Əlbəttə, ilk növbədə, sizin üçün təəssüfləndiricidir ki, medal qazana bilmədiniz. Ancaq qarşıda xeyli digər yarışlar var. Əminəm ki, qələbələr olacaq. Əsas odur ki, layiqli çıxış etdiniz”, - deyən Prezident İlham Əliyev komandamızın yüksək məharət göstərdiyini və yarımfinal oyununda qələbəyə yaxın olduğunu söylədi. Dövlətimizin başçısı bildirdi ki, idman idman olaraq qalır. Burada hadisələr müxtəlif cür inkişaf edir. Prezident İlham Əliyev milli komandanın baş məşqçisi Faiq Qarayev başda olmaqla məşqçi kollektivinin əməyini qeyd etdi. Faiq Qarayevin uzun illər ərzində dünya voleybolunda böyük nüfuz qazandığını, komandamıza uğurla rəhbərlik etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanda müasir qadın voleybolunun inkişafının onun adı ilə bağlı olduğunu dedi. Prezident İlham Əliyev, həmçinin idmançılar üçün yaxşı şərait yaradılması istiqamətində Voleybol Federasiyasının təşkilatçılıq fəaliyyətinin də yeni keyfiyyət səviyyəsinə qalxdığını bildirdi. Dövlətimizin başçısı meydançada belə yaxşı nəticələrə nail olmaq üçün çalışan, yüksək ustalıq nümayiş etdirən və bir daha azarkeşlərin böyük rəğbətini qazanan komandamızın oyunçularına bir daha təşəkkürünü bildirdi. "Bizim idmançılar çox peşəkar və vətənpərvərdir. Çünki qələbə uğurunda bu cür əzmlə mübarizə aparmaq səmimi qəlbdən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdır”, - deyən Prezident İlham Əliyev idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə etdi. Çempionat keçirilən müddət ərzində göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən milli komandanın üzvü Valeriya Məmmədova qeyd etdi ki, bu dəstək komandanın rəqiblər üzərində qələbə qazanmasında çox vacib idi. O, Prezident İlham Əliyevin komandanın çətin və sevincli anlarında yanında olduğunu vurğuladı, bu gün Azərbaycan idmanının inkişafı istiqamətində atılan addımların çox sevindirici olduğunu dedi. Milli komandanın üzvü gələcəkdə də böyük uğurlar qazanaraq ölkəmizə sevinc bəxş edəcəklərinə əminliyini ifadə etdi. Milli komandanın baş məşqçisi Faiq Qarayev göstərdiyi dəstəyə və diqqətə, həmçinin onun haqqında dediyi xoş sözlərə görə dövlətimizin başçısına komanda adından təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu illər ərzində komanda daim Prezident İlham Əliyevin diqqət və dəstəyini hiss edib. "Əlbəttə, biz indi Sizin yanınıza medalla gəlmək, Sizi daha çox sevindirmək istərdik,” - deyən Faiq Qarayev dövlətimizin başçısının hər dəfə oyunu izləməyə gəlməsinin komandamız üçün çox böyük bir dəstək olduğunu dedi. O vurğuladı ki, milli komandamızın üzvləri arasında olan bəzi gənclər ilk dəfə idi belə böyük yarışda çıxış edirdilər. Yüksək səviyyədə hər cür şəraitin olduğunu deyən Faiq Qarayev komandamızın hazırlığı İtaliya və Sloveniyada keçdiyini, güclü komandalarla oynadıqlarını bildirdi. Son bir il ərzində milli komandanın 23 rəsmi oyun keçirdiyini və bunların heç birində də məğlub olmadığını qeyd edən baş məşqçi dünya çempionatının seçmə yarışlarında 5 oyunun hamısında 3-0 hesabı ilə, o cümlədən Avroliqada qələbə qazandığımızı xatırlatdı, 2018-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatının finalına vəsiqə qazandığımızı bildirdi. Faiq Qarayev komandamızın bundan sonra da yeni qələbələr qazanmaq üçün bütün səylərini əsirgəməyəcəyini dedi. Voleybol Federasiyasının prezidenti, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə milli komandamıza göstərdiyi dəstəyə, həmçinin idmanın bu növünün inkişafı üçün yaradılan şəraitə görə təşəkkürünü bildirdi. Voleybol üzrə qadınlardan ibarət milli komandamızın dünyanın güclüləri sırasında olduğunu deyən Prezident İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutmağımızın böyük nailiyyət olduğunu bir daha vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan əhalisinin sayına görə o qədər də böyük olma da, komandamız dünyanın aparıcı, böyük tarixi, ənənələri və potensialı olan voleybol üzrə yığma komandaları ilə bərabər səviyyədə mübarizə apardı. Azərbaycan Prezidenti komandamıza yeni-yeni uğurlar arzuladı. Sonra milli komandamızın üzvləri dövlətimizin başçısına xatirə hədiyyələri təqdim etdilər. Sonda xatirə şəkli çəkdirildi. AİA.az Geri dön |