Ana Sayfa > Şou-biznes / Manşet / Karusel > Gürcüstan Rusiyaya niyə yaxınlaşır?

Gürcüstan Rusiyaya niyə yaxınlaşır?


27-10-2015, 12:14. Yazar: admin

Son günlər Gürcüstanın Rusiyaya yaxınlaşmaq istəyi diqqətdən yayınmır

Rəsmi Tiflis Rusiyadan qaz almaq istədiyini bəyan etməklə uzun illərdən sonra yenidən Kremlə yaxınlaşmaq niyyətini sərgiləyir.

Səbəb nədir, Tiflis niyə Moskvaya yaxınlaşır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Gürcüstanın Rusiyadan qaz almaq niyyətini şərh edib.

- Gürcüstanın enerji naziri Kaxa Kaladze oktyabrın əvvəllərində açıqlama verərək Rusiyanın “Qazprom” şirkətindən qaz ala biləcəklərini dedi. Bu açıqlama Azərbaycan hakimiyyətində xeyli suallar yaratdı. Çünki, Azərbaycan illərdir Gürcüstanı qazla təmin edir və buna qədər enerji əməkdaşlığında problem yaranmamışdı. Həm də Azərbaycan qazın qiymətində Gürcüstana güzəşt edir. Bu rəsmi Bakının Tiflislə əlaqələrə verdiyi əhəmiyyətdən irəli gəlir. Ancaq Kaladzenin “Rusiyadan qaz ala bilərik” açıqlaması Bakı-Tiflis münasibətlərinə yenidən baxmağı diqtə edir. Azərbaycanda həm də onu anlamırlar ki, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri olmadığı və Tiflis Moskvanın Gürcüstanı parçaladığını iddia etdiyi halda bu iki dövlət arasında enerji əməkdaşlığının hədəfi nədir?

Azərbaycanın siyasi və ekspert dairlərində irəli sürülən bu suallar Tiflisi hərəkətə keçirdi. Gürcüstanın baş naziri İrakli Qaribaşvili oktyabrın 12-də Bakıya səfər edərək Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü. Qaribaşvilinin səfərinin məqsədi rəsmi Bakını sakitləşdirmək idi. Gürcüstanın Azərbaycandan qaz alışının həcmini azaltmayacağı bildirildi. Qaribaşvili Tiflisə qayıtdıqdan sonra bir daha vurğuladı ki, Gürcüstan hökuməti Azərbaycandan alınan təbii qazın Rusiya qazı ilə əvəz olunması məsələsini müzakirə etmir. Onun sözlərinə görə, Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqlar texniki xarakter daşıyır. Məsələ burasındadır ki, uzun illərdir Rusiya qazı Gürcüstan ərazisindən Ermənistana ötürülür. Bunun müqabilində nəql olunan qazın müəyyən hissəsi Gürcüstana verilir.
Daha sonra Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili Bakıya gəldi. Gürcüstanın xarici işlər naziri prezident İlham Əliyev və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdü. Georgi Kvirikaşvili mətbuat konfransında dedi ki, Bakıya gəlişinin əsas məqsədi İlham Əliyevin noyabdırın 6-da Tiflisə planlaşdırılan səfirini müzakirə etmək idi. Bundan başqa Gürcüstanın xarici işlər naziri Bakıda iki ölkə arasındakı sərhədin delimitasiyasını müzakirə etdi.

Gürcüstan-Azərbaycan münasibətlərində delimitasiya məsələsi də həllini gözləyir. İki ölkənin ortaq delimitasiya komissiyası var. Ancaq komissiyanın illərdir fəaliyyət göstərməsinə baxmayaraq, sərhədlər hələ tam müəyyənləşməyib. Gürcüstanın xarici işlər naziri Bakıda belə bir ifadə işlətdi: “Strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır”. Tiflis sərhəd məsələnin həllini sürətləndirməyə çalışır. Ancaq Bakı tələsmir. Çünki, Gürcüstan sərhəddi müəyyənləşdirərkən bəzi tarixi abidələrin onun ərazisinə düşdüyünü iddia edir. Rəsmi Bakı isə isə həmin tarixi abidələrin Azərbaycan ərazisinə düşdüyünü bildirir. Buna görə də sərhədin müəyyənləşməsi gecikir. Hər halda hər iki dövlət danışıqları davam etdirirlər və sərhədin hələ də tam müəyyənləşməməsini problemə çevirmirlər.

Əsas məsələ enerji əməkdaşlığıdır. Azərbaycanın neft və qazı dünya bazarına Gürcüstan üzərindən çatdırılır. Buna görə rəsmi Bakı da Tiflislə münasibətlərdə problem yaşamaq istəmir. Rəsmi Bakı Gürcüstanın daima Azərbaycan qazını da eyni həcmdə almasını istəyir.

Gürcüstanın baş və xarici işlər nazirlərinin Bakıya səfərlərinə və Azərbaycanla enerji əməkdaşlığına önəm verdiklərini söyləmələrinə baxmayaraq, enerji naziri Kaxa Kaladze yenidən Rusiyadan qaz ala biləcəklərini vurğuladı. Kaladzenin əsas arqumenti belədir: “Azərbaycan Gürcüstanın qaza olan tələbatını ödəyə bilmir”.

Beləliklə, Gürcüstan Rusiya ilə qaz razılaşmasına hazırlaşır. Bəlkə də SOCAR-la danışıqların nəticəsi olaraq Azərbaycan Gürcüstana əlavə qaz sata bilər. Sadəcə, Tiflis həm Moskva ilə qaz alqısı vasitəsilə siyasi dialoq qurmaq istəyir, həm də qaz alışını şaxələndirmək istəyir ki, yalnız Azərbaycan qazından asılı olmasın.

Buna baxmayaraq, Gürcüstan hakimiyyətinin Rusiya ilə qaz sazişi imzalaması asan olmayacaq. Çünki Gürcüstan müxalifəti bunun əleyhinə çıxır və “Qazprom” şirkətindən qaz alışının Azərbaycanla münasibətlərə mənfi təsir edəcəyini vurğulayırlar. Müxalifət hətta bu şüarlarla mitinq keçiriblər. Müxalifət haqlıdır. Rəsmi Tiflis SOCAR rəhbərliyinin “Gürcüstana əlavə həcmdə qaz sata bilərik” açıqlamasını qulaqardına vurursa, biz bundan gərəkli nəticələr çıxarmalıyıq.
Geri dön