Ana Sayfa > İdman / Karusel > “Motivasiyam olmasa, işləməzdim, gedərdim” – Prosineçki

“Motivasiyam olmasa, işləməzdim, gedərdim” – Prosineçki


3-09-2017, 23:29. Yazar: admin
“Motivasiyam olmasa, işləməzdim, gedərdim” – Prosineçki








Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki San-Marino yığmasına qarşı keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl təşkil edilən mətbuat konfransına qatılıb.

Aia.Az sportnet.az-a istinadən xəbər verir ki, 48 yaşlı xorvatiyalı mütəxəssis əvvəlcə sentyabrın 4-də keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

- San Marino ilə sabah keçiriləcək oyun barədə nə deyə bilərsiniz?

- Üç gündə iki oyun keçirəcəyik. Norveçdən dünən gəlmişik. San-Marino ilə matçda hədəf üç xaldır. Vaxt az idi. Rəqibi analiz etmişik.

- AFFA-nın "Facebook" səhifəsində San-Marino ilə oyununun start heyəti ilə bağlı səsvermə keçirilir. Əksəriyyət Ramil Şeydayevlə Ruslan Abışovu "11-lik"də görmək istəyir. Onların istəyini yerinə yetirəcəkiniz?

- Bu, xoş haldır. Hər kəsin öz fikri var. Bunun mənim düşüncəmə təsir edib-etməyəcəyini sabah görəcəksiniz.

- Norveçlə oyunda komandada ruh düşkünlüyü hiss olunurdu. Kollektivi psixoloji baxımdan San- Marino ilə matça hazırlaya bilmisiniz?

- Deməzdim ki, Norveçlə oyunda əzmkar oynamadıq. Sadəcə olaraq, rəqib bizdən güclü idi. Sabahkı oyuna motivasiyamız yaxşıdır. Qalib gəlib, ilk dəfə 10 xal toplamış olacağıq. Bunu bacaracağımıza inanıram.

- Həddindən artıq qələbə gözləntisi komandanın oyununa mənfi təsir göstərməyəcək ki?

- Hamımız bilirik ki, San-Marino xal qazanmayıb, cəmi bir qol vurub. Azarkeşkərin bizdən yalnız qələbə gözləməsi normaldır. Hədəf odur ki, tez qol vuraq, ardı gələcək.

- Prosineçkinin özünün motivasiyasının olmaması ilə bağlı fikir formalaşıb. Bu, doğurdan belədir, yoxsa biz yanılırıq?

- Sizdə niyə belə fikir yarandığını bilmirəm. Futbol dünyanın ən gözəl peşəsidir. Motivasiyam olmasa, işləməzdim, gedərdim. Bu baxımdan heç bir problem yoxdur. Sadəcə olaraq, Norveçlə matç ağır alındı, səhvlərimiz oldu.

- Adətən mətbuat konfransına gətirdiyiniz futbolçulara start heyətdə yer verirsiniz. Ramil Şeydayev və Tərlan Quliyev də "11-lik"də olacaq?

- Konfransa gələn oyunçuları buna görə seçmirik. Hər dəfə fərqli oyunçularla gəlmək istəyirik. Bu, sadəcə təsadüfdür. Hər bir rəqibə hörmətlə yanaşıram. Heç kimin xətrinə dəymək istəmirəm. Amma sabahkı oyunda hücum futbolu oynayacağıq. Norveçlə müqayisədə bu görüşdə 7 mövqedə dəyişiklik edəcəyəm. Biz San-Marino ilə səfər matçında da favorit idik.

- Hücum xəttindəki problemlər Renat Dadaşovun debüt etməsinə şərait yaradacaq?

- Ümid edirəm ki, oyunun gedişi buna imkan verəcək. Ona bir neçə dəqiqə oynamağa imkan yaradacağıq.

- Azərbaycan futbolu o vəziyyətdədir ki, biz 10 xalı bayram etməliyik?

- Razıyam, biz bundan daha yaxşı oynaya bilərik. Son aylarda komandanın oyununda irəliləyiş var. Seçmə mərhələyə başlamazdan əvvəl 2-ci yer tutmağa ümid edirdik. Alınmadı. Lakin gələcək üçün çalışmalyıq. Baş məşqçi vəzifəsində mənim qalıb-qalmayacağımdan asılı olamayaraq, bu istiqamətdə fəaliyyət göstərməliyik.

aia.az
Geri dön