Ana Sayfa > Şou-biznes > Fransa XİN Jak Forun bəyanatını "pensiyaçının fikri" adlandırdı

Fransa XİN Jak Forun bəyanatını "pensiyaçının fikri" adlandırdı


28-06-2015, 12:52. Yazar: admin
Fransa XİN Jak Forun bəyanatını "pensiyaçının fikri" adlandırdı
Elçin Əmirbəyov: "Fransa Azərbaycanın ərazi bütövlüyünə sadiqdir"
"Fransa Azərbaycanın ərazi bütövlüyünə sadiqdir, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Jak Forun bəyanatı isə pensiyaya çıxmış insanın şəxsi fikrindən başqa bir şey deyil".
Aia.az Trend-ə istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin (XİN) bu mövqeyini XİN-in Kontinental Avropa idarəsinin direktoru Erik Furniye Azərbaycanın Parisdəki səfiri Elçin Əmirbəyovla söhbətində səsləndirib.

Daha əvvəl Azərbaycan səfirliyi Ermənistanın bəzi KİV-lərinin məlumatına əsasən iyunun 19-da Yerevanda keçirilmiş NATO Parlament Assambleyasının 89-cu “Rouz-Rout” seminarında J.Forun Azərbaycan əleyhinə bəyanatı ilə bağlı Fransa XİN-ə müraciət etmişdi.

E.Furniye səfirlə söhbətində bəyan edib ki, rəsmi Parisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə sadiq qalır.

E.Əmirbəyov fransız diplomatdan sitat gətirərək qeyd edib: “Jak For hazırda pensiyadadır, heç bir rəsmi vəzifə tutmur və heç bir formada Fransanın rəsmi mövqeyini ifadə edə bilməz. Onun Yerevandakı bəyanatına gəlincə, Ermənistan KİV-lərinin verdiyi formada edilsə belə, Parisdə həmin bəyanat nəzərə çarpmayıb və onlara pensiyaya çıxmış insanın şəxsi fikri kimi yanaşmaq lazımdır”.
Geri dön