Ana Sayfa > İdman / Aia TV > “5-6 oyuna görə böyük pullar xərcləmək lazımsızdır” - Nəhənglərlə üz-üzə

“5-6 oyuna görə böyük pullar xərcləmək lazımsızdır” - Nəhənglərlə üz-üzə


25-08-2017, 21:37. Yazar: admin
“5-6 oyuna görə böyük pullar xərcləmək lazımsızdır” - Nəhənglərlə üz-üzə









Tarix yazaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində Avropa nəhəngləri ilə oynayacaq. “Çelsi”, “Atletiko”, “Roma” kimi “böyük beşlik” ölkələrinin komandalarını ölkəmizə gətirəcək Ağdam klubu çətin qrupda yer alıb. ÇL-in daimi “sakinləri” ilə oyunlar komandamız üçün böyük təcrübə olacaq. Yəqin ki, bu cür qrupdan növbəti mərhələyə adlamağı düşünmək heç kimin ağlından keçmir. Amma bu cür böyük nüfuza malik komandaları ölkəmizə gətirəcək “Qarabağ”ın inamlı mübarizə aparacağını da indidən söyləmək olar. Bundan öncə də Avropa Liqasının qrup mərhələsində çətin rəqiblərlə üz-üzə gələn Qurban Qurbanovun komandası heç zaman rəqiblərinə asan təslim olmayıb.

Bəs, “Qarabağ” bu qrupda nə edə bilər? Yeni transferlərə ehtiyac varmı?

Bu arada qeyd edək ki, transfer məsələsindən danışan komandanın baş məşqçisi Qurban Qurbanov buna ehtiyac olduğunu bildirmişdi. O, hazırda bir neçə futbolçu ilə danışıqlar apardıqlarını da əlavə etmişdi.

Biz isə eyni sualı sualı futbol mütəxəssislərinə ünvanladıq.

“Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyev “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın tarixi zəfərindən və ÇL-də düşdüyü qrupdan danışıb:

“Komandamız elə klublarla eyni qrupda yer alıb ki, onlar haqqında hər kəs çox şey bilir. Onların adları dünya markasıdır. “Çelsi”, “Atletiko”, “Roma” bizim hər həftə oyunlarına baxdığımız komandalardır. Bunlar bizim üçün təsnifat mərhələlərindəki klublar deyil. “Qarabağ”ın ÇL-in qrupuna düşməsi elə onların qələbəsidir. Xəyallar qursaq ki, qrupda bunu edəcəyik, onu edəcəyik bu yalan olar. Həmçinin belə şeylərlə komandamıza təzyiq edə bilərik. İndiki halda onsuz da komandamız qrupdakı oyunlardan asılı olmayaraq qalibdir. Bu klublara qarşı nə etmək olar? Bugünkü gündə “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal” fikirləşir ki, “Çelsi”yə qarşı nə edə bilərik? Amma çox zaman da “açarı”nı tapa bilmirlər. Belə halda biz eyforiyaya qapılıb komandamızdan nəsə istəyə bilmərik. Sadəcə “Qarabağ” burada çox böyük təcrübə toplayacaq və bu futbolçular üçün də xoşbəxtlikdir. Nəhənglərdən xallar almaq çətindir. Düzdür, futbolda hər şey mümkündür. Qrupda xal yığsaq, fantastik nəticə olacaq. “Qarabağ”ın adının İngiltərədə, İtaliyada, İspaniyada tanınması böyük hadisədir. Etiraf edək ki, “Qarabağ” bu klublar səviyyəsində komanda deyil. Lakin ilk addımlar atılır”.

Diniyev yeni transferlər mövzusunda da fikirlərini açıqlayıb: “Bu mövzuda mən peşəkar düşünürəm. Əlbəttə ki, bu gün yeni transferlərə ehtiyac var. Ən azından daha yaxşı oynamaq üçün hər xəttə futbolçu alınmalıdır. Baş məşqçi bunu hamıdan yaxşı bilər. Olduqca vacib futbolçular alınmalıdır. İkinci tərəfini düşünsək, bu gün boşda yaxşı futbolçu qalıb? Çətin. Güclü oyunçular hamısı “transfer pəncərəsi”nin sonuna az qalıb və güclü oyunçular özlərinə yeni klublar tapıblar. Onlar Çempionlar Liqasında və Avropa Liqasında oynayan komandalardadır. İnanmıram ki, azad agent oyunçular tapılsın. Elə futbolçular tapmaq olar ki, ancaq klublarına pul ödəyib alasan. Çox çətindir. Pul olsa belə, asan olmayacaq. “Qarabağ”ın üzərinə buna görə çox getmək olmaz. Klubun da öz strategiyası var. Onlar da bilir ki, 5-6 oyuna görə tələsib böyük pullar xərcləmək lazım deyil. ÇL bitəndən sonra həmin futbolçular qalacaq Azərbaycan çempionatında. Ehtiyatlı davranmaq lazımdır”.



“CBC Sport”un şərhçisi, tanınmış jurnalist Emin Abbasov da püşkatmaya və transfer məsələsinə öz şərhini verib: “2009-cu ildə “Qarabağ” Avropa Liqasının təsnifat mərhələsində “Rosenborq”u keçəndə heç təsəvvür edə bilməzdik ki, nə vaxtsa hansısa klubumuz ÇL-in qrupunda oynayacaq. İndi isə reallıqdır. Qrup rəqiblərimizə baxanda kimsə üzülür, kimsə düşünür ki, daha rahat qrupa düşə bilərdik ki, 3-cü yer üçün oynayaq. Çünki orada Avroliqanın pley-off-una gedə bilərdik. Mən isə fərqli düşünürəm. Əgər bu gün “Qarabağ” Avropanın 32 ən güclü komandası arasında yer alırsa, bu özü fantastik nailiyyətdir. Dünən püşkatmadan əvvəl orada olan bütün klubların büdcəsi açıqlanmışdı. “Qarabağ” orada sonuncu yeri tutur. Bir çox klublardan geri qalır. Qrupumuzdakı rəqiblərin büdcəsi isə ən azı bizdən 10 dəfə çoxdur. “Qarabağ”ı çətin sınaq gözləyir. Amma bu Azərbaycanda bayram olacaq. Nəhəng komandaları görəcəyik ölkəmizdə. Qurban Qurbanov özü də bu illər ərzində məşqçi kimi püxtələşib. Bakıda bu komandaların hər biri ilə “döyüşəcəyik”. Düşünürəm ki, bu qrupda 4 xal toplaya bilərik. Oynamaq olar. Digər tərəfdən istər Qurban Qurbanov, istərsə də, futbolçular bu oyunlara təzyiq altında olmadan çıxacaqlar. Futbolda zərrə qədər anlayışı olan adam zərrə qədər komandadan xal toplamağı tələb edə bilməz. Səviyyə fərqi həddindən artıq böyükdü. Biz isə Qurban Qurbanovu da, komandasını da tanıyırıq. Bütün ümidlərimizi Bakıdakı oyunlara bağlayacağıq. Çünki biz burada istənilən rəqiblə oynamağı bacarırıq. “Qarabağ”ın Qurban Qurbanovla avrokuboklardakı oyunlarına baxsanız, Bakıda heç bir komandaya rahat uduzmamışıq. Yəni bu heyət mübarizə aparır. Mənə elə gəlir ki, “Qarabağ” qrup mərhələsindəki oyunlardan üzüağ çıxacaq. Ən azından öz futbolunu oynayıb azarkeşləri sevindirəcək”.

Elsevər
Geri dön