Ana Sayfa > Gündəm / Karusel > Problem təkcə ərəb turistdə deyil...
Problem təkcə ərəb turistdə deyil...16-08-2017, 08:44. Yazar: admin |
"Ərəb turistləri özlərini təkcə Azərbaycanda fərqli aparmırlar və həm də onların heç də hamısı özlərini pis aparmır... Öz aramızdır, məgər bizim azərbaycanlılar başqa yerlərə gedəndə onların hamısı özlərini normal aparır? Məsələn, özüm nə qədər şahidi olmuşam ki, bizimkilər oteldən çıxıb gedəndə biri fen götürürdü, biri ütü aparırdı, digəri başqa xoşagəlməz işlər görürdü..." Aia.az xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (ATA) İdarə heyətinin sədri Nahid Bağırov son zamanlar Azərbaycanda ərəb turistlərlə bağlı geniş müzakirə edilən neqativ məsələlərə münasibətində deyib. Onun sözlərinə görə, ərəb turistlərlə bağlı bəzi neqativ halları onlarda müşahidə edirik və bu haqda deyilən sözlərdə həqiqət də var. Amma turizm sektorunda turistlərin yaxşısı da olur, pisi də və buna heç kim tam nəzarət edə bilməz: "Heç kim deyə bilməz ki, sən Azərbaycanda yalnız mədəni yerlərə getməlisən. Bu normaldır və dünya təcrübəsində də belədir. Heç kim deyə bilməz ki, dünyada digər dövlətlər belə xoşagəlməz hallarla üzləşmir. Belə hadisələr İtaliyada da olur, Fransada da və s. Əgər bizim məqsədimiz ölkəyə turist cəlb etməkdirsə, neqativ hallara da hazır olmalı və onların baş verə bilməsi ilə barışmalıyıq". N.Bağırovun fikrincə, turizm şirkətləri və turizmin inkişaf etdiyi dövlətlər dünyada bir neçə ölkələr var ki, oradan olan turistləri cəlb etməyə çalışırlar ki, onların biri də ərəb ölkələridir: "Ərəb turistləri ən çox pul xərcləyən turistlərdən hesab edilir. Bu gün biz buna nail olmuşuq. Bizə nə lazımdır? Gəlsin, gəzsin, dincəlsin. Otelin pulunu ödəsin. Restoranlara getsin, nəqliyyatdan istifadə eləsin, ticarət obyektlərində alış-veriş eləsin. Məqsədimiz budur və hazırda buna nail olunub". ATA-nın sədri qeyd edib ki, düzdür, gələn ərəblərlə bağlı müəyyən problemlər yaranır, amma onları təkcə ərəblərlə bağlamamalıyıq: "Xoşumuza gəlməyən şeylərin çoxu, əslində, bizim öz daxili problemlərimizdir və biz onu, ilk növbədə, daxildə həll etməliyik. Əgər nəyisə istəmiriksə, onun qarşısını almaq olar. Axı elə şeylər var ki, ona özümüz şərait yaradırıq və burada turistin heç bir günahı yoxdur. Ola bilər ki, hansısa turist də xoşagəlməz hallara yol versin, amma belə şeyləri barmaqla saymaq olar. Yəni ona şərait olmasa, adını çəkmək istəmədiyim və xoşagəlməz hesab etdiyimiz həmin şeylər də baş verməz. Dəfələrlə şahidi olmuşam ki, o xoşagəlməzliklərin çoxunu elə bizimkilərin özləri onlara qarşı edir. Bunun isə, məncə, qarşısını almaq olar. Yəni problemi təkcə ərəb turistlərdə görmək lazım deyil, problem həm də özümüzdədir. Bəli, ola bilər ki, ərəb fərqli mədəniyyətə sahib ola bilər. Məsələn, ola bilər ki, o, restoranda oturub yeməyi barmaqları ilə yesin. Əgər ürəyi belə istəyirsə, ona heç kim heç nə deyə bilməz. Amma restoranda yazılsa ki, yeməyi çəngəl-qaşıqsız yemək olmaz, sözsüz ki, ərəb də onu ya mütləq yerinə yetirəcək, ya da xoşuna gəlməsə, ora getməyəcək. Ərəblər burda elə elədi, belə elədi demək düzgün deyil. Onlar da insandır və bura dincəlməyə gəlirlər. Əvvəlcə gəlin güzgüdə özümüzə baxaq, sonra danışaq. Yəni problemlərin, xoşagəlməz halların olmamasını istəyiriksə, ilk növbədə, onları özümüzdə çözməliyik". aia.az Geri dön |