Ana Sayfa > Gündəm > 38 ildən sonrakı görüş - FOTOLAR

38 ildən sonrakı görüş - FOTOLAR


25-07-2017, 18:11. Yazar: admin
38 ildən sonrakı görüş - FOTOLAR




Həmin gün hamımız həyəcanlı idik. Elə bil ki, 1969-cu il idi. Biz Ağdamdakı 5 saylı orta məktəbin 1-ci sinifində, paratalar arxasında əyləşmək üçün toplaşmışdıq. İçimizdə sabaha ümid və bir də böyük arzular sıralanmışdı. Amma 38 ildən sonra bir araya gələn o vaxtkı 26 şagirddən biri yox idi. Qənaət Məmmədov 2007-ci ildə dünyasını dəyişib Haqqa qovuşmuşdu. Digərləri isə telefon vasitəsilə bir-birilə əlaqə saxladığından görüş yerinə vaxtında gəlmişdilər. Görüş yerimiz isə Şəhidlər Xiyabanı idi. buranı təsadüfən seçməmişdik. Burada bizim doğmalarımız və bütövlükdə millətimizin ən ədyərli övladları uyuyurlar. Biz onların qarşısında baş əyməyə, onlara ehtiramımızı bildirməyə toplaşmışdıq.

Sıra ilə uyuyan şəhidlərin önündən keçirik. Və mənim yadıma sinif yoldaşımız Rafiq Hacıyevin qardaşı Əli düşür. O, Qarabağ müharibəsinin ilk şəhidi Əlidi. Bəxtiyarla birlikdə 1988-ci ildə Əsgərana doğru yürüş edərkən şəhid oldu. Bu isə digər sinif yoldaşımız Nəcibə Qasımovanın qardaşı həkim kimi döyüş bölgəsində vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş Muxtar Cahid oğludu. Ölümündən sonra ona Milli Qəhrəman adı verilib. Digər şəhid isə bizimlə bir sinifdə təhsil almış İradə Vəliyevanın qardaşı Əyyub Əli oğludu. O da prokurorluğun müstəntiqi kimi Qubadlıda şəhid olub. Burda Şəhidlər Xiyabanında uyuyur. Aramızda Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi altında döyüş yolu keçmiş, yaralanmış Qarabağ müharibəsi veteranı Zülfiqar Qocayev də var. Həkim kimi, zabit kimi bu gün də xidmətdə olan Adil Eyvazov da. Elə mən də 1993-cü ildən 2000-ci ilə qədər Füzuli rayonundakı N saylı hərbi hisədə döyüş yolu keçmişəm. Tağım komandiri olmuşam, yaralanmışam… Bütün bunları ona görə xatırladıram ki, Qarabağın ürəyi sayılan, Ağdamda 5 saylı orta məktəbi bitirən uşaqların 38 ildən sonra bir araya gəlməsi heç də təsadüfi deyil. Yəni biz təkcə görüşmək üçün yox, həm də ürəyimizi, yaşadıqlarımızı, həyatımızda baş verənləri bölüşmək üçün, itirdiklərimizi xatırlamaq üçün bir araya gəlmişdik. Həmin gün şəhidlər Xiyabanında biz ağdamlı günləri yaddaşımızda, ruhumuzda yenidən yaşadıq, yenidən təzələdik. Və hətta mən Ağdamla bağlı bir şeir də yazdım. Elə bu yazını «Ədalət» qəzetinə təqdim edəndə istədim ki, o şeir də qəzetdə yer alsın. Və oxucular bixim Ağdamsız nələr yaşadığımızı, bizim bir araya toplaşanda hansı hisslər keçirdiyimizi bir daha duysun.
Bu gün hamımız 10 il sinif nümayəndəmiz olan, daim bizi bir yerə yığan Aybəniz xanım Rüstəmovaya minnətdarlığımızı bildiririk.

BİZİM
Onda Ağdamda idik ağ günümüz vardı bizim
Qopdu bir fırtına «ah» bağrımızı yardı bizim.
İyirmi altı ildik, bir də sinif rəhbərimiz.
Keçibdi bir qərinə saçlarımız qardı bizim.
Sonuncu zəng çalınarkən gözümüz dolmuş idi
Axır heyhat gözümüzdən o yaşın ardı bizim.
Sübhan Allah o Ağdamım bir də bizi cəmləyəcək
Olacaqmı xudaya bir də ata yurdu bizim.
Şamila dərdə döz ruh bədəndə olsa ləlik.
Dilimizdə bayatı, könlümüzdə «Şur»du bizim.

Şamil HƏMİDOV
Ağdam şəhər 5 saylı məktəbin məzunu


AİA.az













Geri dön