Ana Sayfa > Gündəm / Manşet > Generalın xuliqanlıq edən oğlu tutuldu

Generalın xuliqanlıq edən oğlu tutuldu


12-07-2017, 11:10. Yazar: admin
Generalın xuliqanlıq edən oğlu tutuldu


Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucov həbs edilib.

Modern.az saytı xəbər verir ki, Baş Prokurorluq Rüstəm Orucovun həbsi ilə bağlı bu gün səhər məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən saytımıza bildirilib ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

“Qeyd edilməlidir ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunmuş, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”,-deyə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Rüstəm Orucov general Novruzəli Orucovun oğludur. Novruzəli Orucov ötən gün Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Novruzəli Orucov 2007-2012-ci illərdə Könüllü Hərbi Vətənpərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri vəzifəsində çalışıb.
13 mart 2010-cu ildə ona general-mayor hərbi rütbəsi verilib.

2012-ci ilin may ayından dünənədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini idi.

AİA.az
Geri dön