Ana Sayfa > Gündəm > Yağlıbaş jurnalistlər

Yağlıbaş jurnalistlər


23-06-2017, 17:05. Yazar: admin
Yağlıbaş jurnalistlər



Nazirin mətbuat üçün təşkil etdiyi konfrans... İl 2017.

Əynində zolaqlı idman forması, "vyetnamka", saçlarından yağ axan kütlə. Nazirliyin əməkdaşları həmin kütləyə tərs-tərs baxır. Anlamağa çalışır. Bunlar kimlərdir? Haradan gəldilər? Mətbuat konfransında bu yağlıbaş, üst-başından yesirlik yağan insan yığınının işi nədir?

Gələnlər jurnalistlər idi. Mənim 10 ildən çox bir qazanda qaynasaq da, əti ətimə, sümüyü isə sümüyümə yapışmayan həmkarlarım.

Bizdən iraq, dünyanın əksər ölkələrində media əhli xüsusi seçilmiş insanlar hesab edilir. Həmişə hər şeyə görə əlini birinci daşın altına qoyan, fədakar zümrə. Həmin o uzaq və işıqlı diyarlarda jurnalistlər bu zəhmətlərinin qarşılığını qat-qat alır. Onların əməyi qiymətləndirilir. Söhbət madiyyatdan getmir. Jurnalistlər haqq etdikləri hörməti görürlər. Onlara hörmətlə yanaşılır.

Təsəvvür edin ki, həkimə və ya məktəbə getmisiniz. Müəllim və ya həkim sizi "vyetnamka"da, idman geyimində, saçı-başı kir içində qarşılayır. Nə düşünərsiniz? Hansı hissləri keçirərsiniz? Həmin həkimə, müəllimə etibar edərsinizmi? İctimai yerdə özünü apara bilməyən adamın professionallığına inanarsınızmı? Bəli, məhz özünü apara bilməmək. İctimai yerlərdə çimərliyə, məhəllədə tum çırtlamağa geyinəcəyi paltarı rəsmi tədbirə geyinməyi özünə icazə verən adam özünü apara bilməyən adamdır.

Deyə bilərsiniz ki, jurnalistlərin xüsusi uniforması yoxdur. Onların işində rahatlıq vacibdir, xarici ölkələrdə jurnalistlər idman geyimində, idman ayaqqabısında gəzirlər. Onlara olar. Niyə? Çünki onlar xəbər üçün 24 saat işləyirlər. Başqalarının xəbərini istinadsız-filansız saytlara yerləşdirib, günü yola verib, ayın sonunda təqaüdçü kimi pul almırlar.

Amma bizim fatmanisələr, həsənqulular özlərini elə aparırlar ki, sanki Suriyada, İraqda bomba altında qaçışırlar. Guya ki, dünyanın ən qaynar nöqtələrindən xəbər gətirirlər. Harada, nə geyinəcəyini bilməyən kəsimə niyə cəmiyyət hörmət etməlidir? İşində peşəkar deyil, ən dar məqamlarda ölkəsində baş verənləri xarici mediadan öyrənir. Bank işçisi kimi ofisdən bayıra çıxmır, kir-pasaq içində mətbuat konfranslarını gəzir.

Deyə bilərik ki, media nümayəndələrinin sosial vəziyyəti ürəkaçan deyil, maaş və gəlirləri azdır. Bizim müəllimlər kimi repetitorluq etmək, həkimlər kimi pasiyentdən pul almaq imkanımız yoxdur. Gəlir çərçivəmiz dardır. Sosial-tibbi sığortamız yoxdur. Lakin o da sirr deyil ki, insan işinə, ən əsas da özünə hörmət edirsə, cüzi məbləğlə normal geyinə bilər.

Dövlət mükafatlandırır, media-turlar, kurslar, treninqlər təşkil edir, xarici ölkələrə səyahətə göndərir. Hətta evlə təmin edir. Medianı bütün vasitələrlə inandırmağa çalışır ki, sizlər də başqa ölkələrdəki kimi media-elit təbəqə ola bilərsiniz. Alınmır ki, alınmır...

P.S: Bir vaxtlar "Media cəmiyyətin simasıdır" cümləsinə inanmırdım. Getdikcə bu cümlənin doğru olduğuna həmkarlarım məni inandırır.

AİA.az

Günay Arda
Geri dön