Ana Sayfa > Gündəm > Ölkədə 6 min müsəlmanın dinini dəyişməsinə sərt TƏPKİ: “Onlar özlərinə zülm edənlərdir”
Ölkədə 6 min müsəlmanın dinini dəyişməsinə sərt TƏPKİ: “Onlar özlərinə zülm edənlərdir”23-06-2017, 16:23. Yazar: admin |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Modern.az-a açıqlamasında deyib ki, Azərbaycanda 6000-qədər insan qeyri-ənənəvi xristian sektalarına qoşulub. Bəs görəsən insanları dinlərini dəyişməyə nə vadar edir? Dinlə bağlı araşdırmalar aparan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a bildirib ki, Qurana görə, dində məcburiyyət yoxdur. “Bu o deməkdir ki, insanlar dini, istənilən təriqəti, əqidəni, hətta Allahsızlığı da seçməkdə azaddır. İnsanlara seçim verilib ki, cənnət və cəhənnəmi seçsinlər. Cənnət və cəhənnəmi seçmək üçün insanların dünyadakı seçimləri azad olmalıdır. Əgər məcburiyyət olsaydı, hamı mütləq islamda olsaydı cənnət və cəhənnəmə insanları necə seçmək olardı? Dünyadakı insanlara bu seçimin verilməsi Allahın axirət aləmində insanları seçməsinin şərtidir. Bu baxımdan dində məcburiyyət yoxdur. Məcburiyyət bir insanın xarici güclə nəyəsə inanmasıdır. Bunu Allah ona görə qadağan edib ki, zahirən kiməsə hədə-qorxu gələndə həmin insan islamı qəbul etdiyini deyər, amma o insan batilən islam daxilində islama düşmən bir qüvvə kimi yetişər. Amma kimsə könüllü olaraq islamı qəbul etsə, təkcə zahirən yox, həm də batilən doğru yolda olur. İslamda münafiq deyilən bir anlayış var. Müsəlman olmadığı halda, müsəlmanları aldatmaq üçün müsəlman görünən insanlara münafiq deyilir. Sosial məsələdə və ya ətrafdan qorxaraq islamı guya zahirən qəbul edirlər, amma batilən islama öz içində gülürlər, lağ edirlər. Onlar ətrafdakı insanlara oruc tutduğunu deyirlər, amma xəlvəti bir yerdə yemək yeyirlər, camaat arasında namaz qılarkən tələb olunan əməlləri yox, öz bildiklərini edirdilər. O insanlar ateistlərdən də daha təhlükəli hesab edilir. Din icazə verir ki, insan istədiyi dini seçsin. Bu yalnız insanın özündən aslıdır, buna görə kimsə Allahı səbəb tuta bilməz”. Sərdar Cəlaloğlu deyib ki, Adəm özünə zülm etdi, Allahın əmrin pozdu və cənnətdən yerə qovuldu. “Yerdə də insanlar özünə zülm edəndə qanunsuz cəmiyyətlərə, hakimlərə tabe olurlar, qeyri-sosial hərəkətlərdə olurlar, özlərinə, qohumlarına, yaxınlarına fəlakət gətirən addımlar atırlar. Nəticədə özlərinə zülm edirlər. O insanlar ki, islamı tərk edib başqa dinləri seçirlərsə özlərinə zülm edirlər. “İnsanlar niyə üstün bir dindən imtina edir” Partiya sədrinin sözlərinə görə, islamdan gedişin səbəbi araşdırılmalıdır. “Qurani-Kərimin axırıncı kitab, islam dininin axırıncı ümmət olmasına baxmayaraq insanlar islamı tərk edir. Quranda deyilir ki, müsəlmanlar bütün ümmətlərə nümunə olaraq yaradıldı. Qurana görə müsəlmanlıq xristianlıq və yəhudilikdən çox üstün bir dindir. Sual olunur, insanlar niyə bu üstün qabaqcıl, axırıncı dindən əvvəlki dinlərə keçir? Axı inkişafın təkamül istiqaməti sadədən mürəkkəbə, ibtidaidən aliyədir. İnsanlar islamdan başqa dinə gedəndə demək alidən ibtidaiyə qayıdırlar, təkamülün əksinə hərəkət edirlər. İnsanların təkamülün əks istiqamətinə hərəkət etməsinə səbəb nədir? Biz əsas olaraq bunu araşdırmalıyıq. İnsanlar ona görə islamı qoyub başqa dinlərə gedirlər ki, Azərbaycanda və digər islam ölkələrində mövcud olan müsəlmanlıqla islam dini arasında çox böyük uçurum var. Yəni praktika nəzəriyyəyə, Qurani-Kərimə uyğun deyil. Müsəlmanların həyat tərzi, əqidələri, ibadətləri, sosial həyatları, yaşam tərzləri Qurana uyğun deyil”. “Yedə qalanların da İslama aidiyyəti yoxdur” S.Cəlaloğlunun sözlərinə görə, namaz qılanların, oruc tutanların, məscidin, azanın olması sofistik bir görüntüdür. “Yəni zahirən düz, batilən isə səhvdir. Zahirən düz odur ki, bir insan namaz qılır, ona diqqətli baxılsa namaz hərəkətlərinin düzgün icra olunmadığını müşahidə edərik. Namaza insanlar tərəfindən yeniliklər əlavə edilir, namazı qılan insanın əməli ilə ibadəti arasında çox böyük ziddiyyət var və sair. Yəni əslinə baxsaq, 6 mindən insandan başqa yerdə qalanların islam dini ilə heç bir əlaqəsinin olmamasını görərik. Onlar sadəcə ayrı-ayrı təriqətlərdədir. Təriqət əqidə deməkdir, yəni dini fəlsəfə, dini baxış. Din və dini fəlsəfə fərqli anlayışlardır. Dini fəlsəfə islama bir filosofun, alimin baxışıdır. Ona görə də təriqətlər ayrı-ayrı alimlərin adı ilə adlanır. Amma Allah deyir ki, mənim ən doğru yolum siratil-müstəqim adlanır. Əgər sən bir yoldasansa və bu yolun adı siratil-müstəqim deyil şiəlik, sünnilik, nəqşibəndilik və vəhabilikdirsə, demək ki, sən Allahın yolunda deyilsən. Bunun dinini dəyişib başqa dinlərə keçənlərlə heç bir fərqi yoxdur. Yəni o formal olaraq dinini dəyişib başqa dinə keçib. Amma faktiki olaraq müsəlmanların böyük çoxluğunun islamla əlaqəsi olmadığına görə dinini dəyişib başqa dinlərə keçənlərin arasında heç bir fərq yoxdur”. O deyib ki, müsəlman ölkələrində islama qayıdış olmasa, müsəlmanlar bu gün düşdüyü durumdan xilas ola bilməyəcək, hər yerdə müharibə, münaqişə, cəhalət davam edəcək, müsəlmanlar şəxsiyyətlərinə görə qərb ölkələrindən geri qalacaqlar. “Özlərini guya müsəlman hesab edənlərin islam dinində olması nə islam dininə, nə də onların özlərinə bir fayda verəcək. Əsas problem budur”. “Yanlış izah insanları islamdan uzaqlaşdırır” S.Cəlaloğlunun sözlərinə görə, islama ən böyük zərəri müsəlmanlar özləri vurur. “Bu gün müsəlmanlar bir-biri ilə vuruşur. Quranda da yazılıb ki, möminlər qardaşdır, yəni müsəlmanlar bir-birinin qardaşıdır. İran-İraq müharibəsində 1 milyon adam öldü, Səudiyyə Ərəbistanı Qətərlə müharibə edir, kürdlər müsəlmandır hər gün terror edərək türkləri öldürürlər. İraqda sünnilərlə şiələr bir- birini qırır. Diqqətlə fikir versək, islamın öz-özünə vurduğu ziyan xristianların, yəhudilərin vurduğundan dəfələrlə çoxdur. Bunun ən başlıca səbəbi islamın içində olanların islamla əlaqəsinin olmamasıdır. İnsanlar islamın nə olduğunu bilmirsə, başqa bir dini seçirsə, onun orada heç bir günahı yoxdur. Mollaların məscidlərdə, məclislərdə səsləndirdiyi, Qurana aid olmayan ideyalarla insanları İslama gətirmək mümkün deyil. Sağlam ağlı, düşüncəsi olan insan o cür islama gəlməz. Dini mifləşdirmək və dində xurafata meyllənmək islama qarşı çox böyük inamsızlıq yaradır. Həm dünyada, həm də müsəlmanların öz içində. Ona görə də müsəlmanlar başqa dinlərə meyllənirlər. Müsəlmanlar isə islamı yanlış izah edirlər. İslamın yanlış izahı insanı İslamdan uzaqlaşdırar. Bu baxımdan problemimizin kökü islamı düzgün təbliğ etməmək, Quranı düzgün başa düşməmək, Quranı düzgün təbliğ etməməklə bağlıdır. Belə vəziyyət nə qədər qalacaqsa bu proses davam edəcək”. AİA.az Geri dön |