Ana Sayfa > Gündəm / Manşet > Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərildi
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərildi20-06-2017, 18:22. Yazar: admin |
AİA.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sivilizasiyaların qovuşuğunda yerləşən və birləşdirici körpü rolunu oynayan Azərbaycan qədim mədəniyyət mərkəzlərindən biri olaraq özünün unikal geosiyasi mövqeyi sayəsində multikultural nailiyyətlər qazanmış və tolerantlıq mühitinin formalaşmasına əvəzsiz töhfələr vermişdir. Onun, eyni zamanda, İslam dininin yayılması və Müsəlman İntibahının bərqərar olmasında özünəməxsus yeri vardır. Ölkəmizdə ötən "Multikulturalizm İli"nin davamı kimi 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi məhz həmin çoxəsrlik zəngin tarixi təcrübənin günümüzdəki rəmzi ifadəsidir. Müasir Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq modeli və müxtəlif konfessiyalar arasında mövcud ahəngdarlıq müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyət daşımaqla yanaşı, sivilizasiyalararası dialoqda bir sıra problemlərin meydana çıxdığı və milli, dini zəmində münaqişələrin artma tendensiyasının müşahidə olunduğu hazırkı dövrdə multikultural dəyərlərin təbliği baxımından nümunə təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250,0 (iki yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250,0 (iki yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100,0 (yüz) min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100,0 (yüz) min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 100,0 (yüz) min manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. AİA.az Geri dön |