Ana Sayfa > Gündəm > Hər kilosuna 9 manat - Baramaçılıq mövsümü yekunlaşır
Hər kilosuna 9 manat - Baramaçılıq mövsümü yekunlaşır20-06-2017, 15:41. Yazar: admin |
Prezident İlham Əliyevin “Azərbaycanda ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” mayın 19-da imzaladığı sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan növbəti mühüm addımdır. Həmin sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin Modern.az-a verdiyi məlumata görə, bu günə qədər 240 ton barama istehsal olunub: “Ümumilikdə 130 ton barama istehsalı nəzərdə tutulsa da, hədəfdən 2-2,5 çox istehsal gözlənilir. Bildiyiniz kimi, barama istehsalına dövlət dəstəyi var. Baramanın növündən asılı olmayaraq, hər kiloqram baramaya görə 5 manat subsidiya verilir. “Şəki İpək” ASC ilə kümçülər arasında bağlanmış müqaviləyə əsasən, hər kiloqram baramaya görə, 4 manat verilir. Beləliklə, kümçü bir kiloqram baramadan 9 manat əldə etmiş olur. Qeyd edim ki, baramaçılıqla məşğul olan kəndli 30-40 gün müddətinə ailə büdcəsini artıra bilər. Kümçülər arasında qısa müddətdə 1500 manat, 2 000 manat, hətta 3 000 manat gəlir əldə edənlər olub. Bu sahədə həyata keçirilən yeniliklərdən biri də Abşeron rayonunda baramanın inkişafı ilə bağlı tədbirlərin görülməsidir. Bildiyiniz kimi, Abşeron kəndlərində qədim tut bağları var. Ona görə bu ərazidə də baramaçılığın inkişafı üçün perspektiv var”. M.Hacıyev deyib ki, baramaçılıq gəlirli və ailə təsərrüfatlarının genişləndirilməsi üçün əlverişli sahədir: “Ötən il Çin Xalq Respublikasından 1, 5 milyon tut tingi alınıb. Barama toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli ipəkqurdları əldə edilib. Onlar bəslənilmək üçün respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə əvəzi ödənilmədən paylanılıb. İpəkqurdlarının bəslənilməsində kümçülərə metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çin Xalq Respublikasından dəvət olunmuş mütəxəssislərlə birlikdə baramaçılıq rayonlarına ezam edilib, kümçülərə müvafiq tövsiyələr verilib. 2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib. Və apreldə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub”. AİA.az Geri dön |