Ana Sayfa > Siyasət > "Ölkəmizdə sistemli antikorrupsiya islahatları həyata keçirilib"
"Ölkəmizdə sistemli antikorrupsiya islahatları həyata keçirilib"7-06-2017, 13:21. Yazar: admin |
"Azərbaycan korrupsiyaya qarşı mübarizədə beynəlxalq təşəbbüslərdə fəal iştirak edərək, müsbət təcrübənin tətbiqinə daim diqqət yetirir”. Bu fikirləri Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşündəki çıxışı zamanı deyib. K.Cəfərov qeyd edib ki, son 15 il ərzində ölkəmizdə sistemli antikorrupsiya islahatları həyata keçirilib: "Bu dövr dörd mərhələdən ibarətdir. 2004-2007-ci illəri əhatə edən birinci mərhələdə korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunvericilik bazası formalaşdırılıb. 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Bu dövrdə, həmçinin institusional islahatlar aparılıb. İki ixtisaslaşmış qurum – Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılıb. Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, dövlət proqramlarının icrasını həyata keçirir. 2007-2011-ci illəri əhatə edən ikinci mərhələdə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması prioritet istiqamətlər kimi müəyyən edilib. Bu istiqamətdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” qəbul edilib, korrupsiyaya qarşı mübarizə aparan ixrisaslaşmış qurumların fəaliyyəti təkmilləşdirilib, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub, geniş maarifləndirmə işi aparılıb. 2012-2015-ci illəri əhatə edən üçüncü mərhələdə dövlət idarəçiliyində İKT-nin uğurlu tətbiqi və korrupsiyaya qaşrı mübarizə prioritet olub. Bu dövrdə açıq hökumətin təşviqinə və və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illəri əhatə edən iki Milli Fəaliyyət Planı qəbul edilib və yüksək səviyyədə icra olunub. 2016-2018-ci illəri əhatə edən dördüncü mərhələdə açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair tədbirlərin davamlılığı məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə açıq hökumətin təşviqinə dair 2016-2020-ci illəri əhatə edən Milli Fəaliyyət Planı qəbul edilib”.(azvision) AİA.az Geri dön |