Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Yol polisi saxladığı avtomobili ödənişli parkinqə sala bilərmi?

Yol polisi saxladığı avtomobili ödənişli parkinqə sala bilərmi?


18-10-2015, 16:30. Yazar: admin
Yol polisi saxladığı avtomobili ödənişli parkinqə sala bilərmi?


"Məcburiyyət qarşısında tələb olunan pulu verib avtomobilimi çıxardım"

Son vaxtlar yol polisi tərəfindən saxlanılan avtomobillərin ödənişli dayanacaqlarda saxlanılması ilə bağlı şikayətlər çoxalmaqdadır.

Sürücülər yol polisi tərəfindən onların şəhərin mərkəzindəki dayanacaqlara istiqamətləndirildiklərini və nəqliyyat vasitəsinin burada saxlanmasına görə xeyli pul vermək məcburiyyətində qaldıqlarını bildirirlər.

Belə bir hadisə Lent.az-ın əməkdaşlarından birinin də başına gəlib. Xanım əməkdaşımız oktyabrın 13-ü saat 09:40-09:45 radələrində “Beşmərtəbə” dairəsi adlanan ərazidə yol polisi tərəfindən saxlanıb və avtomobili yaxınlıqda yerləşən ödənişli dayanacağa aparılıb: “99 YP 345 dövlət nömrə nişanlı polis maşını qayda pozduğuma görə məni saxladı. Mənə məlum olan ödənməmiş cəriməm olduğunu və vaxtı keçdiyi üçün avtomobilin həbsə qoyulduğunu, buna görə də cərimə meydançasına aparılacağını bildirdi. Polislər onları müşayiət etməyi tələb etdilər və bu tələbə tabe oldum. Onların arxasınca avtomobili "Qış bulvarı"nın altındakı parkinqə sürdüm. Təbii ki, birinci parkinqə onlar daxil oldu və sonra mən daxil olmaq istəyəndə şlaqbaun aşağı endi , polislər dayanıb mənim aparatdan çek çəkməyimi gözləyirdi. İşarə ilə bildirdilər ki, aparatdan çek vurum. Mən də bunu etdim və parkinqə daxil olduq. Orada maşının saxlanılması haqqında sənədlərə qol çəkdim, mənə bildirdilər ki, cəriməni ödəyib maşını həbsdən azad edə bilərəm. Oktyabrın 15-də cəriməmi bankların birində ödədim, çeki Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə apardım və maşını həbsdən azad etdim. Avtomobilimi götürmək üçün "Qış bulvarı"nın altındakı dayanacağa gələndə orada əyləşib maşınların açarlarını götürən və sənədlərə qol çəkdirən şəxs bildirdi ki, maşın burada qaldığı üçün sutkası 6 AZN olmaqla pul ödəməliyəm. Mən buna etiraz etdim və Tarif Şurasının qərarı ilə dövlət rüsumu haqqında qanuna əsasən cərimə meydançasının sutkasının 30 qəpik olduğunu dedim. Həmin şəxs isə sutkası 6 AZN-dən olaraq hesablanan pulu aparata ödəməsəm, maşını çıxara bilməyəcəyimi dedi. Mənim də başqa yolum qalmadı, 15 AZN ödəyib maşını çıxardım”.

Əməkdaşımız bildirir ki, "Qış bulvarı"nın parkinqində cərimə meydançasının olması haqqında heç bir nişan, plakat və yazı yox idi: “Ora biz bildiyimiz pullu parkinqdir. Polis cərimə meydançasına aparılmalı maşını maşının saxlanıldığı əraziyə yaxın cərimə meydançasına aparmalıdır. 5 mərtəbənin dairəsinə yaxın cərimə meydançası Cavanşir körpüsünün yanındakı və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasıdır. Bu halda, polis məni bu iki yerdən birinə aparmalıydı. Yox, əgər Qış bulvarının parkinqi cərimə meydançasıdırsa, niyə orada buna aid işarə və ya bildiriş yoxdur? Üstəlik, niyə sutkası 30 qəpik yox, 6 manatdır?"


Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı bildirib ki, yol polisinin nəqliyyat vasitəsini ödənişli dayanacağa aparması yalnız sürücünün razılığı ilə ola bilər: “Tarif Şurasının təyin etdiyi tarif var və polisin müvəqqəti saxlanma dayanacağına aparılan nəqliyyat vasitəsinin orada qaldığı hər sutkaya görə 30 qəpik ödəməlidir. Yox əgər sürücü maşının yol polisinin dayanacağına aparmaq istəmirsə, şəhərin mərkəzində, özünə uyğun yerdə qalmasını istəyirsə, bu da mümkündür və yol polisi ilə razılaşdırıb maşını həmin parkinqdə saxlaya bilər. Eləcə də, yol polisi vətəndaşın razılığı olmadan onun avtomobilini ödənişli, kommersiya xarakterli dayanacağa sala bilməz”.

K.Əliyev əlavə edib ki, vətəndaşlar başlarına gələn bu tip hadisələrlə bağlı müvafiq yol polisi idarəsinə müraciət edə və məsələni tam aydınlaşdıra bilər.
Geri dön