Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Sahibkarlara kimlər problemlər yaradır?
Sahibkarlara kimlər problemlər yaradır?17-10-2015, 17:43. Yazar: admin |
Prezident İlham ƏLİYEV: “…biz açıq bazar iqtisadiyyatı siyasəti aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti bax, budur” Deyirlər, ən güclü iqtisadi fikir, yeni iqtisadi ideyalar iqtisadi tənəzzülün gərgin və ağır illərində yaranır. Bu, həqiqətən, belədir. Elə yaşadığımız regionu götürək. Reallıqda ölkəmiz çətin maneələrlə rastlaşır. Özü də bu yalnız böyük böhran və onun fəsadları ilə bağlı deyil. Torpaqlarımızın işğal olunması, həmin ərazilərdən maddi sərvətləri qənimət kimi həyasızcasına talaması, supergüclərin işğalçı ilə işğala məruz qalan arasındakı fərqi qulaqardına vurması Azərbaycanı ciddi sınağa çəkib. Ümumiyyətlə, əsrlər boyudur ki, Qafqaz Şərqlə Qərbin, Şimalla Cənubun ciddi maraq dairəsindədir və bu qarşılaşan, toqquşan siyasi və iqtisadi maraqların zərbəsi bir qayda olaraq Qafqazda nüfuz dairəisinin genişlənməsi uğrunda mübarizə aparan dövlətlərdən daha çox bizə dəyir. Amma Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışından belə qənaətə gəlmək olur ki, yuxarıda sadalanan təhlükələr duman kimi ölkənin başı üstündə dolaşsa da, çəkinmək, ehtiyatlanmaq bizə yaddır. Dövlətimizin müstəqil siyasət aparmasından, siyasi mövqeyini heç kimdən çəkinmədən bəyan etməsindən qıcıqlanaraq diksinənlər olsa da, daxili və xarici siyasətimizin kursu dəyişməzdir: “…bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək”. Dövlət başçısının müşavirədəki çıxışında toxunduğu məqamlar, dünyada baş verən proseslərə soyuqqanlı münasibəti, ölkənin iqtisadi kursunda vurğuladığı prioritet sahələr Azərbaycanın zamanın və tarixin sürprizlərindən çəkinməyən qətiyyətli lider tərəfindən idarə olunduğunu bir daha göstərir. Elə bölgədə və dünyada qazandığımız uğurların təminatçısı da Azərbaycan Prezidentinin fərdi və islahatçı lider keyfiyyətləridir. Bu gün Azərbaycanın inkişaf modeli ciddi araşdırmaların mövzusudur. Lakin elə bu araşdırmalarsız da demək olar ki, siyasi və beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında Azərbaycan sülhə, daxili stabilliyə və iqtisadi intibaha can atan bir çox ölkələrə örnəkdir. Meqoiqtisadiyyatın maliyyə və likvidlik qıtlığı yaşandığı bu günlərdə ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard, o cümlədən 9 milyard daxili, 7 milyard xarici sərmayənin yatırılması yüksək göstəricidir. Bununla belə, müşavirədə toxunulan ən aktual məsələlərdən biri sahibkarlığın inkişafına bundan sonra da dövlət dəstəyinin veriləcəyinin bəyan edilməsi və yaradılan süni maneələrin aradan qaldırılmasının vacibliyinin vurğulanması oldu. Müşavirədə çıxış edən iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev ölkədə sahibkarlığın inkişaf etdirilməsi və bütünlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlərdən danışdı. Bildirdi ki, sahibkarlığın hüquqi bazasının təkmilləşdirilməsi üçün qabaqcıl beynəlxalq təcrübə öyrənilərək mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Hazırda elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinın təkmilləşdirilməsi üçün müəyyən addımlar atılır. İclasda bildirildi ki, özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilmişdir. 47 faizi büdcə, 53 faizi qaytarılmış vəsaitlər hesabına verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi paytaxtın qəsəbələrinin payına düşür. İlin sonunadək 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulub. Onu da qeyd edək ki, verilən kreditlərin hesabına özəl sektorda l9900-dək yeni iş yerinin yaranacağı gözlənilir. 87 min yeni iş yeri yaradılmasını və onlardan 67 mininin daimi olmasını Prezident yüksək nailiyyət kimi qiymətləndirdi, bu prosesin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırdı. Amma bu məsələ ilə bağlı narahatlığını da gizlətmədi: “Ancaq onu da qeyd etməliyəm ki, 9 ayda baxmayaraq 67 min daimi iş yeri yaradılıb, 30 minə yaxın iş yeri bağlanıb. Bu da reallıqdır. Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır ki, bu prosesin səbəbləri nədən ibarətdir”. Dövlət başçısı iş yerlərinin açılıb-bağlanmasını təbii saysa da, təhlilin aparılmasının, obyektiv və subyektiv səbəblərin üzə çıxarılmasının vacibliyini vurğuladı, özəl sektorla dövlət arasındakı məmur-sahibkar münasibətlərinin təmasda olan tərəflərin yox, dövlətin maraqlarına söykənməsinin vacibliyini söylədi. Bildirdi ki, dövlətin vergisini hər bir sahibkar tam şəkildə ödəməli, öz şəxsi gəlirini vergidən yayındırmaqla artırmalı deyil. Vergivermə mədəniyyətinin yüksək səviyyədə olması hər bir sahibkarın biznes mədəniyyətinin, vətənpərvərliynin göstəricisidir. “Sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam”. Özəl sektora ən yüksək səviyyədə belə dəstək böyük hədəflərin sürətlə reallaşdırılmasını asanlaşdırır. Paytaxtda və bölgələrdə başa çatan nəhəng infrastruktur layihələri – yollar, kommunikasiyalar, elektrik, qaz, su xətləri və s. hər bir sahibkara ölkənin istənilən bölgəsində uğurlu biznes qurmağa imkan verir. Xarici sərmayədarlar bir qayda olaraq neft-qaz sektoruna daha çox maraq göstərsələr də, dövlət onları qeyri-neft sektoruna istiqamətləndirməyə çalışır. Müxtəlif təqdimatların təşkili, biznes forumların keçirilməsi qeyri-neft sektorundakı perspektivlərə işıq salır, xarici investorları cəlb edir. Ümumilikdə dövlət biznes mühitini yaxşılaşdırmağa, azad rəqabəti inkişaf etdirməyə ciddi köklənib. Prezident bu sahədə də hökumətdən təkliflər gözlədiyini bildirdi, özəl sektorun inkişafına mane olan neqativ halları öz adları ilə açıqladı: “…mən istəyirəm ki, inkişaf daha da sürətli olsun. İnkişafa mane olan bütün əngəllər, süni maneələr aradan götürülsün. Bir çox hallarda bu süni əngəllər yenə də korrupsiya və rüşvətxorluqla bağlıdır. Ona görə korrupsiya, rüşvətxorluq sadəcə olaraq ictimai yara, xəstəlik deyil. Bu, bizim iqtisadiyyatımıza çox böyük əngəldir, maneədir. Ona görə biznes mühitinin yaxşılaşdırılması prioritet məsələ kimi qeyd edilməlidir”. Ümumiyyətlə, dövlət başçısı iclasda biznes mühitini yaxşılaşdırmaq və sahibkarlığın inkişafına təkan vermək üçün çox ciddi addımların atılacağını bəyan etdi. Sahibkarları incidən, narahat edən məqamlara bir neçə dəfə toxundu, əsassız yoxlamalara qarşı iradını bildirildi: “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq”. Müvafiq qurumlardan vəziyyətlə bağlı təkliflər gözləyən dövlət başçısı mövcud reallıqlara, sahibkarların problemlərinə dərindən bələd olduğunu nümayiş etdirdi, iradlarını söylədi. Heç kimə sirr deyil ki, yerli icra qurumları, hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradır, onların qarşısında qanunsuz tələblər irəli sürürlər. Odur ki, Prezident birbaşa bəyan etdi ki, sahibkar heç kimə – nə yerli icra, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir: “Sahibkarları boğurlar, soyurlar, incidirlər… 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil”. Müşavirdə sahibkarlara verilən lisenziyaların çoxluğuna və getdikcə onların sayının əsassız olaraq artırılmasına da irad tutuldu və hökumətə tapşırıldı ki, belə lisenziyaların sayının azaldılması barədə təkliflərini hazırlasın. Bundan əlavə, sahibkarlığın inkişafına mane olan inhisarçılıqdan da danışıldı, bərabər rəqabət şəraitinin yaradılmasının zəruriliyi vurğulandı. Dövlət başçısı kimlərinsə istehsal və idxalda monopoliyaya nəzarət etməsinin yolverilməzliyini qətiyyətlə bildirdi: “Buna yol vermək olmaz… Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasəti aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!” “Azərbaycan” qəzeti Geri dön |