Ana Sayfa > Gündəm / Manşet > "Azərbaycan bir nömrəli investisiya məkanıdır" - İlham Əliyev

"Azərbaycan bir nömrəli investisiya məkanıdır" - İlham Əliyev


1-06-2017, 18:27. Yazar: admin
"Azərbaycan bir nömrəli investisiya məkanıdır" - İlham Əliyev

"Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin iyunun 1-də Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki "Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi olub.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz əvvəlcə dövlətimizin başçısına "Şahdəniz Mərhələ 2” və "Cənub Qaz Dəhlizi” layihələri ilə bağlı görülən işlər barədə məlumat veriblər.

Prezident İlham Əliyev layihənin işçi heyəti ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib.

Adalet.az Prezident İlham Əliyevin çıxışının tam mətnini təqdim edir:

- Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Bu gün tarixdə qalacaq. Çünki biz bu gün "Şahdəniz” platformasının üst hissələrini rəsmi qaydada açıq elan edirik. Bir neçə gündən sonra bu nəhəng qurğular dənizə göndəriləcək və "Şahdəniz” yatağında quraşdırılacaq. Bu, böyük tarixi hadisədir. Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilibdir. Bir neçə il bundan əvvəl, xüsusilə "Şahdəniz” yatağı üzrə kontrakt imzalananda bunu təsəvvür etmək belə mümkün deyildi.


Onu da qeyd etmək istəyirəm ki, "Şahdəniz” üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər neft və qaz sərgisi zamanı imzalanmışdır. Artıq 21 ildən sonra biz bax, bu tarixi günü qeyd edirik. Bütün bu qurğular Azərbaycanda inşa edilib. Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti - 90 faizi Azərbaycan vətəndaşı olub. Yəni, bu illər ərzində gözəl kadr potensialı yetişib və bu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək. Çünki təkcə "Şahdəniz-2” layihəsi çərçivəsində əlavə 16 milyard kubmetr qaz, eyni zamanda, kifayət qədər kondensat hasil ediləcəkdir. Hasil ediləcək bütün bu təbii resurslarla bağlı kontraktlar imzalanıb, onların müştəriləri var və inşa edilən Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarlarına çıxarılacaq.

İcra olunan layihələrin hər biri ayrılıqda tarixi hadisədir - TANAP, TAP, Cənub Qaz Kəməri, "Şahdəniz-2” layihəsi, bu platformaların tikintisi, bu yaxınlarda Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışı. Bir daha qeyd edirəm ki, bunların hər biri ayrılıqda tarixi layihədir. Amma bunlara birlikdə baxanda görürük ki, Azərbaycanda nə qədər böyük potensial yaranıbdır.

Sonra çıxışını ingilis dilində davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev deyib:

-Bu, həqiqətən də tarixi gündür. "Şahdəniz” müqaviləsinin imzalanmasından 21 il sonra indi biz tarixi əhəmiyyət kəsb edən günü qeyd edirik. Bu gün mən ilk növbədə strateji tərəfdaşımız, uzun illərdir Azərbaycanın yaxşı dostu olan BP-yə təşəkkürümü bildirmək istərdim. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması bizim əməkdaşlığımızın başlanğıcı oldu. Həmin vaxtdan bizimlə birgə çalışmış və çalışmaqda davam edən bir çox şirkətlər var. Sizə xatırlatmaq və məlumat vermək üçün demək istərdim ki, həmin vaxt Azərbaycan xarici neft şirkətlərindən ibarət konsorsiumla "Azəri-Çıraq-Günəşli” müqaviləsini imzaladı və BP sadəcə olaraq onlardan biri idi. O, böyük hissəyə malik idi və böyük tərəfdaşlıq var idi ki, bu gün də müəyyən dəyişikliklə davam edir.


BP ilə xüsusi münasibətlər o vaxtdan həmin şirkətin Azərbaycanın enerji bazarında, qlobal enerji bazarında fəal oyunçu olması faktına əsaslanır. O vaxtdan indiyədək tərəfdaşlığımızı strateji tərəfdaşlığa çevirən bir çox başqa müqavilələr imzalanıb. Onlardan biri "Şahdəniz”dir. Növbədə "Dayaz sular” və başqaları var. Bu, tərəfdaşlığın yaxşı göstəricisidir. Biz BP-yə etimad göstəririk. Əminəm ki, BP də Azərbaycana etimad göstərir. Əks halda onlar ölkəmizə bu qədər çox vəsait yatırmazdılar. Cənab Counzun dünən və bu gün qeyd etdiyi kimi, BP-nin fəaliyyət sferasında Azərbaycan bir nömrəli investisiya məkanıdır. Bu isə bizim əməkdaşlığımızı daha da gücləndirir. Dünən qeyd etdiyim kimi, hazırda onlar "Azəri-Çıraq-Günəşli” müqaviləsinin genişləndirilməsi üzərində işləyirlər. Ümidvaram ki, bu, tezliklə olacaq. Bundan əlavə, təkcə "Azəri-Çıraq-Günəşli”də bizim tərəfdaşlığımız 2050-ci ilədək davam edəcək. Əminəm ki, "Şahdəniz”dən nəzərə tutulandan daha çox qaz istehsal edəcək. "Biz Azəri-Çırağı” "Əsrin müqaviləsi” adlandırmışdıq, indi isə mən əsrlərin müqaviləsindən danışıram.


Mən, həmçinin Azərbaycana yatırılan investisiyalara və uğurlu fəaliyyətə görə bütün tərəfdaşlarımıza, "Şahdəniz” tərəfdaşlarına və bu nadir qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü bildirmək istərdim. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq komanda ölkəmizin inkişafına kömək edir. Düşünürəm ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi investorlar arasında nadir əməkdaşlıq mühiti yaradır. Bir daha sizi təbrik edirəm. Qarşıdakı illərdə sizə uğurlar arzulayıram. Təşəkkür edirəm.

***

Prezident İlham Əliyev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz "Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin üst tikililərinin dənizə yola salınmasını bildirən düyməni basdılar.

Sonda xatirə şəkli çəkdirildi.
Geri dön