Ana Sayfa > Gündəm > Hesablama Palatasının sədri: “Hədəf tam yerinə yetirilməyib”

Hesablama Palatasının sədri: “Hədəf tam yerinə yetirilməyib”


31-05-2017, 16:04. Yazar: admin
Hesablama Palatasının sədri: “Hədəf tam yerinə yetirilməyib”



"2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1% icra edilib, 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta az da olsa artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir”.

AzVision.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatı təqdim edən çıxışında deyib.

Palata sədri bildirib ki, hesabat ilində büdcə-vergi siyasəti çərçivəsində müəyyən edilmiş hədəflər əsasən yerinə yetirilsə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7% və ya ən aşağı icra səviyyəsi müşahidə olunub, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması ilə bağlı hədəf tam yerinə yetirilməyib:

“Belə ki, bu istiqamət üzrə daxilolmaların həcmi 2015-ci illə müqayisədə 22,5% az olub. Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də dövlət büdcəsinin gəlirlərinə təsir edən əsas amillərdən biri də artıqödəmə və borc məbləğləri olub. 2016-cı ilin sonuna Vergilər Nazirliyinin xətti ilə vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıqödəmə məbləği 2015-ci illə müqayisədə 18,2% artıb, ümumi artıqödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisi də 2015-ci ilə nisbətən 5,8 faiz bəndi artıb. Dövlət büdcəsinə olan borcların həcmi isə 2016-cı il ərzində bütün əsas parametrlər üzrə azalaraq ilin sonuna ümumilikdə 1,4 milyard manat təşkil edib və azalmanın 55,6%-i verginin əsas məbləği, 39,7%-i faiz borcları və 4,7%-i isə maliyyə sanksiyaları ilə bağlı olub”.

Qurum rəhbəri qeyd edib ki, 2016-cı ildə dövlət büdcəsinin xərclərinin 17751,3 mln. manat təşkil etməklə 96% icra edilib. O, proqnozlaşdırılmış məbləğlə müqayisədə icra edilməmiş büdcə xərclərinin 743,7 mln. manat təşkil etdiyi, həmin məbləğin 42,7%-nin əsaslı xərclərin üstünlük təşkil etdiyi “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin, 14,2%-nin isə “Ümumi dövlət xidmətləri” bölməsinin payına düşdüyü millət vəkillərinin diqqətinə çatdırıb. İqtisadi təsnifata gəldikdə isə, hesabat ilində icra edilməmiş büdcə xərclərin 43,4%-nin qeyri-maliyyə aktivlərinin alınması, 18,2%-i “Digər xərclər” bölməsi, 16%-i isə malların və işlərin alınması ilə bağlı olduğu vurğulanıb.

“Ümumiyyətlə, 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı əsas məqam il ərzində dövlət büdcəsinin icrası prosesində plan göstəriciləri Azərbaycan Respublikası “Büdcə sistemi haqqında” qanun əsas gətirilərək funksional təsnifatın bölmələrində bir sıra dəyişikliklər aparılıb ki, bu dəyişikliklər əsasən Nazirlər Kabinetinin bəzi sərəncamlarının icrası ilə bağlı olub”.

AİA.az
Geri dön