Ana Sayfa > Siyasət / Manşet > İlham Əliyev Trampa təşəkkür etdi: “Qarşımızda heç bir maneə yoxdur”
İlham Əliyev Trampa təşəkkür etdi: “Qarşımızda heç bir maneə yoxdur”31-05-2017, 16:01. Yazar: admin |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edib. Prezident İlham Əliyev Robin Danniqana XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında iştirak etdiyinə görə minnətdarlığını bildirdi. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampa sərgiyə ünvanladığı məktubda xoş sözlərə görə təşəkkürünü çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı qeyd etdi ki, ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, “Bakı-Tbilisi-Ceyhan” layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləmiş və buğunku sərgiyə ABŞ Prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir. Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir. Dövlətimizin başçısı bildirdi ki, Cənub Qaz Dəhlizi kimi tarixi layihənin, eləcə də Azərbaycanda bütün enerji layihələrinin həyata keçirildiyi bir dövrdə bu, çox önəmlidir və Robin Danniqanın Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin perspektivləri, eləcə də Cənub Qaz Dəhlizi, enerji sahəsində və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Azərbaycan neft və qaz sənayesinin inkişafında yeni səhifə açır, bütün lazımi infrastruktur, boru kəmərləri, peşəkar heyətlər hazırdır. Beləliklə, qarşımızda heç bir maneə yoxdur və çox yaxşı haldır ki, biz ABŞ-ın yeni administrasiyası ilə həm enerji sahəsində, həm də Prezident Trampın məktubda dediyi kimi, bir çox digər sahələrdə də yaxşı əməkdaşlığı davam etdiririk. Xoş sözlərə görə minnətdarlığını bildirən ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan dedi: “Həm bizim enerji sahəsində əməkdaşlığa, həm də Azərbaycanın regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə verdiyiniz şəxsi dəstəyə görə minnətdarıq. Siz qeyd etdiniz ki, ABŞ Prezidenti Donald Trampın ünvanladığı məktub ABŞ Prezidentinin rəhbərliyi ilə yeni administrasiyanın dəstəyinin davam etdirilməsinin göstəricisidir. Tamamilə haqlısınız. Həm bu məktubda, həm də dövlət katibi Reks Tillersonun Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısına ünvanlandığı məktubda səslənən fikirlər, eləcə də mənim bu sərgidə iştirakım bizim təkcə enerji sahəsində deyil, digər sahələrdə də əməkdaşlığımızın davam etdirilməsinə, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində birgə işimizə sadiqliyimizin çox aydın göstəricisidir”. Görüş zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıldı. AİA.az Geri dön |