Ana Sayfa > Parlament / Aia TV / Karusel > Tarverdiyeva Rusiyanı şoka salıb: 30 qətl...

Tarverdiyeva Rusiyanı şoka salıb: 30 qətl...


17-10-2015, 14:56. Yazar: admin
Tarverdiyeva Rusiyanı şoka salıb: 30 qətl...
Rusiya İstintaq Komitəsinin Rostov idarəsinin müstəntiqləri İnessa Tarverdiyeva və onun başçılıq etdiyi bandanın üzvləri barədə başladığı istintaq araşdırmalarını başa çatdırıb

Aia.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Tarverdiyeva və onun bandası 6 il ərzində Rostov və Stavropol vilayətləri sərhədində “fəaliyyət” göstərib. Onlar bu illər ərzində xeyli adamı qarət edib və qətlə yetirib.

İstintaqın versiyasına görə, banda 2007-ci ildə keçmiş uşaq bağçası tərbiyəçisi, 46 yaşlı İnessa Tarverdiyeva və onun 35 yaşlı sevgilisi, ixtisasca stomatoloq olan Roman Podkopayev tərəfindən yaradılıb.

Cinayətkar duetin ilk qanlı əməli 1998-ci ilə aiddir. O zaman Roman İnessanın razılığı ilə sonuncunun əri, milliyyətcə azərbaycanlı olan Arzu Tarverdiyevi öldürüb. Mühafizəçi işləyən Arzu Tarverdiyev Stavropol şəhərində iş yerində güllələnərək öldürülüb.

İnessanın qızı, 25 yaşlı Viktoriya, yol polisi əməkdaşı, leytenant Sergey Sinelnik və onun həyat yoldaşı Anastasiya Sinelnik (Anastasiya Roman Podkopayevin bacısıdır) də silahlı bandanın üzvləri olublar.

Əvvəllər hüquq-mühafizə orqanları İnessanın 13 yaşlı kiçik qızı Anastasiyanın da bu bandanın üzvü olması barədə məlumat yaymışdı. Lakin ona qarşı ittiham irəli sürülməyib (görünür, yaşının azlığı nəzərə alınıb).

İstintaq müəyyən edib ki, hədəf alınmış insanlara bütün hücum planları İnessa Tarverdiyeva və sevgilisi Roman Podkopayev tərəfindən planlaşdırılırmış. S.Sinelnik isə cinayətin izlərinin ört-basdır edilməsinə kömək edir, habelə banda üzvlərini öz evində gizlədir, mümkün qurbanları nişan verir, banda üzvlərini cinayətin törədiləcəyi məkana aparır, əldə olunan qənimətləri satmaqla məşğul olurmuş. Cinayətkarlar leytenant Sinelnikin ratsiyası vasitəsilə polislərin danışıqlarını dinləyirmiş.

Banda 2007-2013-cü illər ərzində Stavropol və Rostov vilayətləri ərazisində fəaliyyət göstərib. Bu müddət ərzində qarət və qətllər də daxil olmaqla çoxsaylı cinayətlər törədib. Tarverdiyevanın və banda üzvlərinin ən dəhşətli cinayəti 2009-cu ildə Dmitri Çudakovu, onun həyat yoldaşını və iki azyaşlı uşağını öldürməsidir.
Lakin Tarverdiyeva və Podkopayev 2013-cü ilin sentyabrında növbəti cinayəti törədib hadisə yerindən qaçmağa çalışarkən polisin diqqət mərkəzinə düşüblər. Polislə onların arasında atışma olub. Nəticədə banda üzvlərindən biri və bir polis əməkdaşı ölüb.

İnessa Tarverdiyeva istintaq zamanı bir çox əməllərini etiraf edib. O, 10 qətldə və bir sui-qəsddə iştirak etdiyini boynuna alıb. Tarverdiyeva həmçinin cinayətkar dəstə yaratmaqda, quldurluqda, qanunsuz silah gəzdirməkdə ittiham olunur. Hüquq-mühafizə orqanları isə Tarverdiyevanın cinayətkar dəstəsinin ən azı 30 qətl törətdiyini bildirir.

Müstəntiqlər güman edir ki, 2012-ci il, sentyabrın 19-da Novoçerkassk şəhərində qətlə yetirilən ştatdankənar mühafizəçilər Vasili Kamforin və Vladimir Mandrik də Tarverdiyevanın bandasının qurbanlarıdır.

Tarverdiyeva və dəstəsi 2012-ci ilin noyabrında taksi sürücüsü Vadim Lojkovun qətlində də şübhəli bilinir. Taksi sürücüsünün yeganə “günahı” tapança ilə silahlanmış Tarverdiyeva ilə Podkopayevin növbəti cinayət əməlinin şahidi olması idi.

Tarverdiyeva və bandası 2013-cü ilin martında yol polisi əməkdaşı Nikolay Kutsekonu qətlə yetirib. Polis bandanın ticarət mərkəzini qarət etməsinə mane olmağa çalışdığı üçün güllələnib.

Ən maraqlısı odur ki, cinayətkar cütlük növbəti cinayəti törətməyə gedərkən “ailənin turist səfərinə getməsi” görüntüsü yaradırmış.
Geri dön