Ana Sayfa > Siyasət / Manşet > Putin, Makron və Qarabağ…
Putin, Makron və Qarabağ…30-05-2017, 12:32. Yazar: admin |
Versal sarayında Fransa və Rusiya prezidentlərinin görüşü başa çatıb. Görüş zamanı Fransa prezidenti Emmanuel Makron və Vladimir Putin Suriya münaqişəsini, Ukrayna problemini və Çeçenistanda cinsi azlıqlarla bağlı vəziyyəti müzakirə ediblər. Amma Dağlıq Qarabağ münaqişəsi görüşün mövzusu olmayıb. Maraqlıdır, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri niyə Qarabağ münaqişəsini müzakirə mövzusuna çevirmirlər? Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a danışıb. Ekspert Qarabağ məsələsinə həmsədr dövlətlərin toxunmamasını belə izah edib. “Həmsədrlər Qarabağ münaqişəsinə maraq göstərmir” “Dünənki Paris görüşü mənasız bir görüş idi. Həmsədr dövlətlər belə, məsuliyyət daşıdıqları məsələlər barədə fikir mübadiləsi aparmadılar. Bu o deməkdir ki, Qarabağ məsələsinə maraqları yoxdur. Hətta, Amerika prezidentinin Makronla görüşündə də Qarabağ məsələsi müzakirə mövzusu olmadı. Həm Ukrayna, həm də Suriya məsələsində hərə öz mövqeyində qalır. Hətta Makron bu məsələlər ətrafında sərt ifadələr işlədib. Ona görə də Rusiyanın siyasəti ilə bağlı dünənki görüşün sərt alındığını demək olar. Bu baxımdan da, ayrıca Qarabağ məsələsi ilə bağlı görüş aparacaqlarını gözləmirəm. Bütün olanlar onu deməyə əsas verir ki, həmsədr dövlətlər Qarabağ münaqişəsinə maraq göstərmirlər. 2016-cı ilin aprel döyüşlərindən sonra cəmiyyətin bir hissəsində Qarabağ məsələsinə optimist yanaşma var idi. Düşünürdülər ki, böyük və həmsədr dövlətlər qısa zamanda Qarabağ məsələsinin həllinə həvəslənəcək. Təəssüf ki, hadisənin üstündən bir ildən də çox keçməsinə baxmayaraq, nəinki həmsədr dövlətlər həvəslənməyib, heç Qarabağ məsələsini müzakirə etməyə maraq da göstərmirlər”. Makronun Qarabağ münaqişəsi ilə bağlı planları Politoloq deyir ki, Fransada seçki kampaniyası zamanı bəzi namizədlərin fikirlərinin böyük əksəriyyəti Azərbaycanın əleyhinə olub. “Namizədlərin biri deyirdi ki, Qarabağı Ermənistana vermək lazımdır. Digəri də Qarabağ məsələsinin Azərbaycanın haqlı tərəfi olmadığını deyirdi. Makron isə bu məsələlərlə bağlı bitərəf mövqe sərgiləyirdi. Ermənipərəst mövqe ortaya qoymamışdı. Makron sadəcə olaraq prezident olduqdan sonra həmsədr dövlətin başçısı kimi bu məsələnin həllində müəyyən rol oynayacağını demişdi. Düzdür, bu illər ərzində Fransanın Qarabağ məsələsinin həllində müəyyən rolunu görmüşük. Müəyyən təşəbbüslər olub. Amma bunların hamısı nəticəsiz qalıb. Makronun özündən əvvəlki Fransa prezidentlərindən fərqli olaraq Qarabağ məsələsində nəsə edəcəyini gözləmirəm”. AİA.az Geri dön |