Ana Sayfa > Siyasət > Oqtay Əsədov deputatları Latviyaya aparır
Oqtay Əsədov deputatları Latviyaya aparır27-05-2017, 14:41. Yazar: admin |
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlamentin nümayəndə heyəti 28-30 may tarixlərində Latviyada rəsmi səfərdə olacaq. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Bildirilib ki, səfər zamanı nümayəndə heyətinin üzvləri Latviya Seymində olacaq, ölkə parlamentinin fəaliyyəti, qanunvericilik yaradıcılığı və orada deputatlar üçün yaradılan şəraitlə yaxından tanış olacaqlar. Milli Məclisin sədri Latviya Seyminin spikeri xanım İnara Murniyetse ilə görüşüb, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf prespektivləri barədə geniş fikir mübadiləsi aparacaq. Söhbətdə parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının əhəmiyyəti və deputatların qarşılıqlı səfərlərinin təcrübə mübadiləsi baxımından önəmi barədə danışıqlar aparılacaq. Həmçinin səfər çərçivəsində parlamentin spikeri Oqtay Əsədovun Latviya prezidenti, Baş naziri, Xarici işlər və iqtisadiyyat naziri ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, siyasi-iqtisadi münasibətlərimizin daha da dərinləşdirilməsi və regional münaqişələrin həlli barədə danışılacaq. Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Azərbaycanın milli bayramı- Respublika Gününə həsr edilmiş tədbirdə iştirak edəcəklər. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə parlament aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov və digər rəsmi şəxslər daxildir. AİA.az Geri dön |