Ana Sayfa > Gündəm / Manşet > AMEA və FHN rəhbərliyinin birgə müşavirəsi keçirildi
AMEA və FHN rəhbərliyinin birgə müşavirəsi keçirildi25-05-2017, 14:34. Yazar: admin |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində AMEA və Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliklərinin iştirakı ilə işçi müşavirə keçirilir. Müşavirədə AMEA ilə FHN arasında əməkdaşlıq məsələləri müzakirə olunub. AMEA prezidenti, akademik Akif Əlizadə görüşün baş tutmasını çoxdan arzuladığını deyib. Akademik bildirib ki, FHN olduqca böyük işgüzarlıqla fəaliyyət göstərir: "Biz çalışırıq ki, akademiyada bəzi islahatlar aparaq. Akademiyanın istehsala innovativ kömək etməsi barədə qərar qəbul olunub. Bu gün səhv etmirəmsə, Bakıda 2-3 texnopark var. Amma akademiyanın texnoparkının olması inqilabi hadisədir". A. Əlizadə qeyd edib ki, bu gün akademiyanın əməkdaşları bir sıra təqdimatlarla çıxış edəcəklər. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov görüş üçün AMEA rəhbərliyinə təşəkkür edib. Nazir deyib ki, prezident İlham Əliyevin bu gün ölkədə apardığı siyasətin tərkib hissələrindən biri də elmin inkişafıdır: "Akif müəllim akademiyanın prezidenti seçildikdən sonra mühüm yeniliklər baş verib və bu, bütün istehsalçıları, qurum rəhbərlərini sevindirir. Azərbaycan elminin tarixi çox uzundur. Bizim alimlərimizin ixtiraları nəticəsində vaxtilə tərkibində olduğumuz Sovet İttifaqında böyük müvəffəqiyyətlər əldə olunub. İkinci Dünya müharibəsində akademik Yusif Məmmədəliyevin yüksək oktanlı benzini ixtira etməsini və başqa ixtiraları qeyd etmək olar. Neft-kimya, kənd təsərrüfatı və digər mühüm sahələrdə alimlərimizin kəşfləri, ixtiraları və onların istehsala tətbiqləri iqtisadiyyata böyük xeyir gətirib. Möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə biz hamımız, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Elmlər Akademiyasının potensialından maksimum dərəcədə istifadə etmək niyyətindəyik. Eyni zamanda, bunları istehsala, öz işlərimizə, xidmət sektoruna tətbiq etməyə həm elmi yanaşma kimi, həm də səmərəliliyin artırılması kimi baxırıq. Bu gün müstəqil Azərbaycanın iqtisadiyyatında, sənayesində, müxtəlif sahələrdə gedən inkişafda Azərbaycan elminin böyük rolu var. Biz müəyyən işlər görəndə xaricdən alimlər, mütəxəssislər dəvət edirik. Açığı, bu, iqtisadi cəhətdən o qədər də sərfəli deyil. Azərbaycanda müxtəlif istiqamətlər üzrə gözəl alimlərimiz var. AMEA ilə aparılacaq elmi tədqiqatlar, alınacaq nəticələr əgər bizim öz istehsalımıza tətbiq olunacaqsa, ölkəmiz üçün iqtisadi, müdafiə, mülki-müdafiə, yanğın nəzarəti, kənd təsərrüfatı sahələrində, eləcə də bitki örtüyünün dəyişdirilməsi, torpağın analizlərinin mükəmməlləşdirilməsində böyük faydalar verəcək". Daha sonra AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov "Azərbaycanda müasir texnologiyalarla innovativ yönümlü tədqiqatlar və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. O deyib ki, təxmini hesablamalara görə, ixrac potensialı yüksək olan yeni fındıq bağlarının salınması üçün növbəti 3-5 il ərzində milyonlarla ting tələb olunacaq. Direktor qeyd edib ki, tərəvəz istehsalının artırılması sevindirici hal olsa da, bu sahədə bir sıra problemlər qalmaqdadır: "Fermerlər əsasən bütün tərəvəz bitkilərinin toxumlarını xarici ölkələrdən alırlar”. Z. Əkbərov ötən il respublikada 2 milyon tona yaxın buğda dəni istehsal edildiyini vurğulayıb: "Artıq buğdanın bir neçə sortu yaradılıb, rayonlaşdırma və ilkin toxumçuluğu təşkil edilib". Sonra akademik Vaqif Abbasov və texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadə çıxış ediblər. Müşavirə mətbuatın iştirakı olmadan davam etdirilib. (apa) AİA.az Geri dön |