Ana Sayfa > Gündəm / Karusel > Müdafiə nazirləri Qarabağı müzakirə edib
Müdafiə nazirləri Qarabağı müzakirə edib23-05-2017, 15:02. Yazar: admin |
Mayın 23-də Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Gürcüstanın müdafiə naziri Levan İzoria tədbiri açaraq ölkələrimiz arasındakı əlaqələrdən, müdafiə sahəsində əməkdaşlığın perspektivlərindən, regionda və dünyada gedən proseslərdən, qlobal terrorizm və separatizmdən danışıb. Levan İzoria Mançester şəhərində törədilmiş terror hadisəsi zamanı həlak olanların ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib. Türkiyənin milli müdafiə naziri Fikri İşık tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib, ölkəsinin də terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan dövləti dünyada separatizmə və terrora qarşı çox sərt mövqe nümayiş etdirir. Terror vasitəsilə dinc insanların qətlə yetirilməsi ölkələrdə sabitliyin pozulmasına, beynəlxalq əməkdaşlığa, sülhə qarşı təhdiddir. Bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır. Nazir Mançester şəhərində baş vermiş terroru qətiyyətlə pisləyib. Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub. Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, xalqlarımızın sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcək. İclasda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədəki proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər. Sonda görüşün birgə protokolu imzalanıb. Sonra hər üç nazirin iştirakı ilə mətbuat konfransı keçirilib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsul Rəşad İsmayılov da iştirak ediblər. AİA.az Geri dön |