Ana Sayfa > Gündəm / Karusel > "Bizi aldatdı ki, işləməyə gedirəm" - Ankarada tutulan İŞİD-çinin atası

"Bizi aldatdı ki, işləməyə gedirəm" - Ankarada tutulan İŞİD-çinin atası


23-05-2017, 13:13. Yazar: admin
"Bizi aldatdı ki, işləməyə gedirəm" - Ankarada tutulan İŞİD-çinin atası



Xəbər verdiyimiz kimi, mayın 21-də Ankarada terror planlaşdıran azərbaycan əsilli İŞİD üzvü saxlanılıb. Onun ifadəsi əsasında keçirilən əməliyyat zamanı iki İŞİD terrorçusu məhv edilib. Hələlik onların kimlikləri açıqlanmayıb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, terrorçuları Ankaraya aparan və daha sonra İstanbula qayıdarkən yaxalanan şəxs Azərbaycan vətəndaşı Abhüseyn Cəlilovdur. O, Qusar rayonunun Yasab kəndinin sakinidir, 1993-cü ildə anadan olub.

A.Cəlilovun atası Ravil Cəlilov AzVision.az-a bildirib ki, oğlu Dağıstanda olduğu zaman İŞİD-çilərə qoşulub: “Abhüseyn üç il öncə Dağıstana işləməyə getmişdi. O, tikintidə işləyirdi. Daha sonra onu Dağıstandan deportasiya etdilər. Abhüseyn orada olan zaman saqqalılara qoşulmuşdu. Kəndə qayıdandan sonra saqqal saxlayırdı. Ailədə, qohumlarımız arasında heç kəs onun yolunu getməyib. Abhüseyni Dağıstanda olan saqqalı uşaqlar öz tərəflərinə çəkdilər. Oğluma həmişə deyirdim ki, saqqal saxlama, bu yoldan çəkil, öz yoluna qayıt. Başa salırdım ki, bu yolun sonu yoxdur. Məcbur edirdim ki, saqqalını kəssin”.

R.Cəlilovun sözlərinə görə, oğlu Qazaxıstana işləmək üçün gedəcəyini gedərək hamıdan gizli Türkiyəyə yollanıb.

“Biz elə bilirdik ki, o, Qazaxıstana işləməyə gedir. Türkiyəyə getməsi barədə məlumatımız yox idi. O, bizi aldatdı. Mən və həyat yoldaşım onu bu yoldan çəkindirməyə çalışırdıq. Oğlumu evləndirmişdik. Fikirləşirdik ki, bu yoldan çəkinər. Həyat yoldaşı da onun yolunu tutdu”.

Qeyd edək ki, Ankarada öldürülən terrorçuların hakim AKP-nin ötən bazar günü keçirilən növbədənkənar qurultayına qarşı terror hücumu planlaşdırdıqları açıqlanıb.

Ankara valisi Ercan Topaca jurnalistlərə bildirib ki, bu terrorçuların izinə İstanbulda yaxalanan Azərbaycan vətəndaşının ifadəsi əsasında düşmək mümkün olub. Həmin şəxs iki İŞİD üzvünü kirayə avtomobillə Ankaraya aparıb və paytaxtın mərkəzi rayonlarından birində kirayələnmiş mənzilə yerləşdirib. Terrorçuların qaldıqları evdən “Kalaşanikov” avtomatları, çoxsaylı əl qumbaraları, partlayıcılar aşkarlanıb.

AİA.az
Geri dön