Ana Sayfa > Gündəm / Manşet / Karusel > Eldar Quliyev:Deyə bilərəm ki, bu dəfə də qələbə bizimlə olacaq"
Eldar Quliyev:Deyə bilərəm ki, bu dəfə də qələbə bizimlə olacaq"15-10-2015, 20:46. Yazar: admin |
"Ötən dövrdə görülən işlərə nəzərən deyə bilərəm ki, bu dəfə də qələbə bizimlə olacaq" Eldar Quliyev: "Mən hər zaman Milli Məclisin tribunasından şəxsi mənafeyimi deyil, ümumilli maraqların qorunması üçün istifadə etmişəm, bundan sonra da bu yolu davam etdirəcəyəm" Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyev noyabrın 1-də keçiriləcək seçkilərə qatılmaq üçün namizədliyini rəsmən irəli sürüb. Eldar Quliyev bitərəf olaraq bu dəfə də 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən namizəd olub. Artıq rəsmi prosedur başa çatıb və təbliğat-təşviqat kampaniyasına start verilib. Məlumat üçün bildirək ki, Eldar Quliyev iqtisad elmləri doktoru, professordur, 5 dərslik və monoqrafiya, 130-dan artıq elmi məqalənin müəllifidir. 01 avqust 2011-ci il tarixdən Azərbaycan Kooperasiya Universitetinin rektorudur. İkinci, Üçüncü və Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir. 2011-ci ilin yekunlarına əsasən 25 dekabr 2012-ci ildə Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyası tərəfindən "Türk dünyasında ilin millət vəkili" mükafatına layiq görülüb. Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmlər Akademiyasının, İtaliya Beynalxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Roma şəhərinin "Fəxri alimi" adına layiq görülüb. Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynalxalq Mükafatı", Birləşmiş Millətlər Təşkilatının Təltif komitəsi tərəfindən "Taclı xidmət" ordeni, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" ordeni ilə təltif olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 iyun 2011-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. - Eldar müəllim, artıq seçkilərə start verilib təbliğat kampaniyası başlayıb. Bu sahədə təcrübəsi olan şəxs kimi hazırda seçkiöncəsi vəziyyəti, yaradılan şəraiti necə qiymətləndirirsiniz? - Göründüyü kimi, ölkədə hər şey öz qaydasındadır və seçki ilə bağlı gərəkli olan bütün tədbirlər həyata keçirilib. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, istənilən xalqın, dövlətin həyatında seçkilər çox önəmli rol oynayır. O cümlədən, bizim dövlətimiz üçün də seçkilər çox mühüm əhəmiyyətli hadisədir. Demokratik, sabit ölkələrdə seçkilərin yüksək səviyyədə keçirilməsində ictimai-siyasi vəziyyət şərtləndirici amillərdir. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən çox mühüm dəyişikliklər, yüksəliş ölkəmizdə həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 12 il ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini daha da sürətləndirib, cəmiyyətimizin demokratikləşdirilməsi sahəsində böyük uğurlara imza atılıb. Cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbə-il güclənir, inkişaf edir və beynəlxalq müstəvidə öz mövqeyini möhkəmləndirir. Azərbaycan xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurub. Azərbaycandakı mövcud şərait seçkilərin demokratik, şəffaf şəraitdə keçirilməsində əsas rol oynayır. Ölkəmizdə demokratik prinsiplərin tam təzahür tapması seçki prosesində də açıq şəkildə müşahidə olunmaqdadır. Bu baxımdan da, bu günə qədər cəmiyyət həyatında və ölkəmizin demokratik imicinin formalaşmasında əsas amil olan seçki prosesi vətəndaş mövqeyinə və iradəsinə əsasən keçirilib. -Siz həm də Azərbaycan Kooperasiya Universitetinin rektoruydunuz, amma artıq namizədliyinizi irəli sürərək rektorluqdan imtina etdiniz. Belə bir qərar hansı zərurətdən doğub? - Bildiyiniz kimi, mən bitərəf olaraq 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən namizədliyimi irəli sürmüşəm. Bununla dördüncü dəfədir ki, namizədliyimi irəli sürmüşəm. Yerli sakinlərdən də müraciətlər var idi ki, seçkilərə qatılım. Bu müraciətləri nəzərə alaraq namizədliyimi irəli sürdüm. Elə buna görə də deputat seçiləcəyim təqdirdə rektorluqdan imtina edəcəyəm. Universitetdə kafedra müdiri olaraq çalışıram və elmi fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm. Milli Məclisdə işimiz çox olur. O baxımdan düşünürəm ki, bir yerdə işləmək daha yaxşı olardı. Hesab edirəm ki, mənim ya rektor, ya millət vəkili, ya da kafedra müdiri kimi fəaliyyət göstərməyimin elə çox fərqi yoxdur. Əsas odur ki, mən dövlətimə və xalqıma səmərəli fəaliyyətlə xidmət edim. - Siz birinci dəfə deyil ki, seçkiyə qatılırsınız, eyni zamanda, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında önəmli rol alan şəxslərdənsiniz. Ötən beş il ərzində ölkədə həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər barədə fikirlərinizi bilmək istərdik. - Ötən parlament seçkilərindən keçən müddət ərzində Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, bütün sahələrdə, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verib. Regionların sosial-iqtisadi inkişafı sahəsində də ciddi nailiyyətlər əldə edilib və insanların sosial-rifahı daha da yüksəlib. Bütün görülən işlər, əldə olunan nailiyyətlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin müsbət nəticələridir. Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir. Bütün bunlar noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinin uğurlarından xəbər verir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək mümkündür. Bu gün Azərbaycanı dünya dövlətləri ilə müqayisə etsək görərik ki, ölkəmiz böyük bir demokratik inkişaf dövrünü yaşayır. İnkişaf edən Azərbaycan demokratik dəyərlərə daim yüksək qiymət verir. Əfsuslar olsun ki, Qərbin müxtəlif təşkilatları, qeyri-hökumət təşkilatları Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə birmənalı şəkildə yanaşmır, demokratik dəyərlərə kölgə salmaq istəyirlər. Guya Azərbaycanda demokratik dəyərlər qorunmur. Hər dəfə ölkəmizdə keçirilən seçkilər bütün dünyaya bir daha bəyan edir ki, Azərbaycan inkişaf etmiş ölkədir, demokratik dəyərlər qorunur, ölkədə seçkilər şəffaf və azad şəkildə baş tutur. - Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinisiniz. Azərbaycanda aqrar sahədəki əldə olunan inkişafla bağlı fikirləriniz necədir? - Prezident İlham Əliyevin tövsiyəsi ilə ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında bu gün istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabət qabiliyyətliliyinin artırılması və əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyyələr verilmiş, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır. Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna rolu olmuşdur. Adıçəkilən Dövlət Proqramının icrası mühüm nəticələr əldə edilməsinə səbəb olmuşdur. Həmin proqramda əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaratmışdır. Kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, modernləşdirmək, bu sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixdə imzaladığı sərəncamla 2015-ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilmişdir. Həmin sərəncamda bildirilir ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Yəni, dövlət kənd təsərrüfatının inkişafı üçün nə lazımdırsa, onu edir. Son illər əldə edilən uğurlar da bunun nəticəsidir. - Bu dəfə də deputat seçilsəniz, fəaliyyətinizi necə quracaqsınız? - Mənim üçün əsas xətt dövlətimə, millətimə xidmət etməkdir. İndiyi kimi çalışdığım bütün sahələrdə bu ali məqsədə xidmət etmişəm. Milli Məclisə üzv seçiləndən sonra da həm ölkədə qanunvericilik bazasının formalaşmasında, həm seçicilərimin problemlərinin həllində əlimdən gələni etmişəm. Mən hər zaman Milli Məclisin tribunasından şəxsi mənafeyimi deyil, ümummilli maraqların qorunması üçün istifadə etmişəm, bundan sonra da bu yolu davam etdirəcəyəm. Məlum olduğu kimi, budəfə də 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən namizədəm. Bu dairənin sakinləri mənim ötən dövr ərzində hansı işlər gördüyümü bilirlər. Mən gördüyüm işlər barədə danışmaq istəmirəm. Amma görəcəyim işlər də çoxdur. Demək olar ki, son illər qanunvericilik bazasının təkmilləşdirilməsi üçün kifayət qədər iş görülüb. Bundan sonra seçicilərin problemlərinin həlli üçün daha çox vaxt olacaq və bu yöndə səylərimi artıracağam. Ötən dövrdə görülən işlərə nəzərən deyə bilərəm ki, bu dəfə də qələbə bizimlə olacaq. Aia.az Geri dön |