Ana Sayfa > Gündəm > Əflatun Amaşov: Rusiyada vətəndaşların birləşmək azadlığı pozulur
Əflatun Amaşov: Rusiyada vətəndaşların birləşmək azadlığı pozulur18-05-2017, 16:33. Yazar: admin |
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK ) qeydiyyatının ləğvi onu göstərir ki, Rusiyada yaşayan, ona sığınan insanların hüquqları qorunmaya da bilər. Bunu Trend-ə Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Onun sözlərinə görə, bu addım istər-istəməz Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək: “Heç zaman Azərbaycan, azərbaycanlılar tərəfindən Rusiya dövlətçiliyinə arxadan zərbə vurulmayıb. Amma başqa xalqların nümayəndələri üçün bunu deyə bilmərik. Bu, məhz həmin ənənələrə söykənən Rusiya-Azərbaycan dostluğuna xələl gətirə, münasibətlərdə istər-istəməz soyuqluq yarada bilər. Rusiya bizim üçün tərəfsiz dövlət olmalıdır. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Əgər Rusiya bu gün Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın 60 illik yubileyi ilə əlaqədar böyük bayram tədbiri keçirirsə və Rusiya Prezidenti Vladimir Putin ona təbrik məktubu göndərirsə, Azərbaycana isə bu cür münasibət göstərirsə, bu, artıq Rusiyanın tərəfsiz olmadığını göstərir. Bu da bu ölkəni Cənubi Qafqazda nüfuzdan sala, Cənubi Qafqazla bağlı müəyyən problemlər yarada bilər. Məncə, bu məsələ gündəmə gələ bilər”. Deputat qeyd edib ki, Rusiya çoxmillətli bir dövlətdir və orada yaşayan xalqların da birləşdiyi qurumlar var: “Bu addımla Rusiya vətəndaşlarının birləşmək azadlığının qorunması prinsiplərini pozur. Rusiyada çoxsaylı diaspor təşkilatları var. ÜAK-ın ləğvi Rusiyada hansısa bir xalqın diaspor təşkilatının bağlanılması ilə nəticələnən ilk addımdır. Əminəm ki, Rusiya tərəfi bu məsələləri ciddi araşdıracaq, hüquqa söykənərək ÜAK-ın ləğvi ilə bağlı qərarını dəyişəcək”. Rusiyada yaşayan azərbaycanlıların ölkənin iqtisadi durumunun yaxşılaşmasında önəmli rol oynadıqlarını və heç zaman separatcı mövqe tutmadıqlarını vurğulayan Ə.Amaşov hesab edir ki, həmin insanlar bununla özlərinin hüquqlarının pozulduğunu hiss edəcəklər: “Bu məsələdə biz erməni faktorunu da mütləq diqqətdə saxlamalıyıq. Aprel döyüşlərindən əvvəl və sonra da erməni ekspertləri dəfələrlə vurğulayıblar ki, Rusiya-Azərbaycan münasibətləri soyuq, Rusiya-Ermənistan münasibətləri daha isti olmalıdır. Onlar həm öz əlaqələri, həm də diaspor təşkilatları vasitəsilə münasibətlərin soyuması üçün işlər gördülər. Eyni zamanda, Rusiyada hakimiyyətdə olan antiazərbaycan qüvvələri ilə əməkdaşlığı möhkəmlətdilər. Biz də həmin nəticənin şahidi olduq”. Ə.Amaşov hesab edir ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın ləğvi üçün əsas götürülən texniki səbəblərin aradan qaldırılmasına çalışmalı idi: “ÜAK-ın prezidenti Fazil Qurbanov çıxış edərək bildirib ki, burada sırf texniki xətalardan söhbət gedə bilər. Bu xətalar ondan ibarətdir ki, konqresin adı niyə Ümumrusiya Azərbaycanlıları Konqresidir. Guya ki, adı fəaliyyətinə uyğun gəlmir, iclaslar gec keçirilir və s. Ədliyyə Nazirliyi təşkilatların belə səhvlərini düzəltməyə çalışmalıdır. Son 4 ayda həyata keçirilən araşdırmalar isə birmənalı qaydada səhvlərin düzəldilməsinə deyil, əlavə səhvlərin axtarılmasına yönəldi. Nəticədə Rusiya Ədliyyə Nazirliyinin məktubu məhkəmədə əsas götürüldü və konqres ləğv olundu”. Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib. AİA.az Geri dön |