Ana Sayfa > Gündəm > Açılış günü stadiona 17 mindən çox sərnişin daşınıb

Açılış günü stadiona 17 mindən çox sərnişin daşınıb


15-05-2017, 17:44. Yazar: admin
Açılış günü stadiona 17 mindən çox sərnişin daşınıb



IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi günü əvvəlcədən müəyyən edilən üç ekspress xətt üzrə müəyyən olunmuş istiqamətlərdən (metronun “20 yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyaları yaxınlığındakı dayanacaqlardan) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra geri daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin edilib.

BNA-dan verilən məlumata görə, mayın 12-də nəzərdə tutulan nəqliyyat əməliyyatları üçün Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına ümumilikdə 353 (159 perronlar üzrə, 194 ehtiyat ərazi) nəqliyyat vasitəsi cəlb olunub.

Həmin avtobuslardan: X1 xətti üzrə 45 nəqliyyat vasitəsi perron üzrə, 50 avtobus ehtiyata; X2 xətti üzrə 46 nəqliyyat vasitəsi perron üzrə, 64 avtobus ehtiyata; X3 xətti üzrə 68 nəqliyyat vasitəsi perron üzrə, 80 avtobus ehtiyata yerləşdirilib.

Açılış mərasimi zamanı 17489 sərnişin stadion ərazisinə, mərasim bitdikdən sonra isə 9320 sərnişin stadiondan təyin olunmuş məntəqələrə daşınıb.

Belə ki, X1 xətti üzrə 116 avtobus ilə 5513 sərnişin gətirilib, 64 avtobus ilə 3351 sərnişin; X2 xətti üzrə 123 avtobus ilə 7229 sərnişin gətirilib, 68 avtobus ilə 3060 sərnişin; X3 xətti üzrə 127 avtobus ilə 4297 sərnişin gətirilib, 58 avtobus ilə 2909 sərnişin aparılıb.

Əlavə olaraq 8 avtobus ilə 450 nəfər Polis Akademiyasının müdavimi daşınıb.
Terminala cəlb edilən avtobusların reysqabağı texniki vəziyyəti yoxlanılıb, 155 nəfər sürücünün isə reysqabağı tibbi müayinədən keçməsi təmin edilib. 4 nəfər sürücü təzyiqi yüksək olması səbəbindən xətdən kənarlaşdırılıb. İ-Qafqaz firmasına məxsus 10 TH 211 dövlət qeydiyyat nişanlı avtobus X3 xətti üzrə hərəkət edərkən sürət həddini aşdığına görə sürücü xətdən kənarlaşdırılıb və avtobus ehtiyat əraziyə yerləşdirilib.

AİA.az
Geri dön