Ana Sayfa > Gündəm / Karusel > “Porsche” ilə adam öldürən oğlan cəzasını harada çəkəcək? - RƏSMİ
“Porsche” ilə adam öldürən oğlan cəzasını harada çəkəcək? - RƏSMİ6-05-2017, 17:00. Yazar: admin |
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb. AİA.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, 3 may 2017-ci il tarixdə naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X.Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib. Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Adil Məmmədov (ad və soyad şərtidir) tərəfindən törədilməsi müəyyən edilib. Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib. Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A.Məmmədovun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - Nadir Məmmədov (ad və soyad şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə - azyaşlı oğlu A.Məmmədova verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. AİA.az Geri dön |