Ana Sayfa > İdman > "O qolu xatırlayanda tüklərim biz-biz olur"
"O qolu xatırlayanda tüklərim biz-biz olur"2-05-2017, 13:54. Yazar: admin |
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bir görüş keçiriləcək. AİA.Az apasport.az-a istinadən xəbər verir ki, Madriddə baş tutacaq qarşılaşmada şəhərin iki komandası üz-üzə gələcək. ÇL-in son qalibi "Real" turnirin son finalçısı "Atletiko"nu qəbul edəcək. Hər iki komandanın üzvləri oyundan öncə fikirlərini bildiriblər. Dieqo Simeone ("Atletiko"nun baş məşqçisi): "Mən həmişə oyunlardan öncə az qorxu keçirirəm. Üzərimdə böyük məsuliyyət hissi var və bu, getdikcə daha da artır. Bunu istənilən komanda ilə qarşılaşanda hiss edirəm. "Real" hər ev oyununda olduğu kimi, yenə bütün gücünü meydanda qoyacaq. Rəqib İsko, Xames Rodriges və Asensio kimi futbolçulardan yararlanmaqla, müxtəlif taktiki sxemdən istifadə edə bilər. Onlar bizə ciddi problemlər yaratmağa çalışacaqlar. Oyunun əvvəlində işimiz çətin olacaq. Buna görə də, rəqibi təzyiq altında saxlamalıyıq. Start dəqiqələrində bunu edə bilmək daha ağırdı. Bu cür oyunlarda hakimlik etməyin necə çətin olduğunu bilirik. Stadiondakı atmosfer referinin işini bir qədər də çətinləşdirə bilər. Amma ümid edirik ki, "Real"la matçın hakimi meydanda hiss olunmayacaq və biz oyundan həzz ala biləcəyik". Qabi ("Atletiko"nun kapitanı): "Real"ın futbolçularını əsas və ikinci heyətə bölmək olmaz. Bu komandada dahi oyunçular çıxış edir. Onların hər biri dünyanın istənilən komandasının əsas heyət üzvü ola bilər. "Real" bütün komponentlərdə güclüdü. Mükəmməl müdafiə olunurlar və hücuma keçirlər. Amma "Atletiko" da istənilən rəqibə ciddi problemlər yarada biləcək komandadı. "Real" və "Atletiko"nun oyun tərzi bir-birinə bənzəyir. Kim öz planını tam yerinə yetirsə, o da qələbə qazanacaq. Emosiyalarımıza nəzarət etməliyik. Mənim üçün digər matçlarla müqayisədə, "Real"la oyunlar daha emosiyalı olur. Təbii ki, yenidən finala çıxmaq arzusundayıq". Dieqo Qodin ("Atletiko"nun müdafiəçisi): "Hazırda yaxşı oyun göstəririk. Formamızın pik həddindəyik və "Real"la ağır matça psixoloji cəhətdən tam hazırıq. Bu ruhda da davam etməliyik. Çempionlar Liqasında bacardığımız qədər irəliləmək istəyirik. Hazırlıq üçün elə də çox vaxtımız olmayıb. Amma biz "Real" haqqında çox şey bilirik və rəqibin zəif tərəflərini öyrənmişik. "Real"a əvvəlki məğlubiyyətlərdən dərs çıxarmışıq. Bərabər səviyyəli komandaların oyunu olacaq. Yarımfinala çıxan 4 klubun hər biri buna layiqdi. Çempionlar Liqasında səfər görüşündə qol vurmaq həmişə vacib olub. Biz də məhz bunu reallaşdırmaq istəyirik". Zinəddin Zidan ("Real"ın baş məşqçisi): "Bütün diqqətimi bu görüşə yönəltmişəm. Hazırkı məqamda məni yalnız "Atletiko" ilə oyun maraqlandırır. 90 dəqiqə ərzində hadisələrin necə cərəyan edəcəyini əvvəldən proqnozlaşdıra bilmərik. Bu da bizi narahat etməyə bilməz. Oyunun bizim üçün vacibliyini bilirik. Elə hesab etməliyik ki, cavab matçı olmayacaq. İlk dəqiqədən tutmuş, final fitinə qədər yaxşı oynamalıyıq. "Real" matçın favoriti deyil. Bu, yarımfinaldı, deməli, şanslar bərabərdi. "Atletiko"nun gücü ondadı ki, bu komanda heç vaxt təslim olmur. Dieqo Simeone fenomenal iş görüb. "Atletiko" üstün cəhətlərindən maksim istifadə etməyi bacarır. Asan qollar buraxdığımızı düşünmürəm. Amma doğrudu ki, ötən mövsümlə müqayisədə çox qol buraxırıq. Həmişə olduğu kimi, yenə rəqibimizdən çox qol vurmağa çalışacağıq. Kasemiro fiziki cəhətdən güclü futbolçudu və mən ondan oyun tərzini dəyişməyi tələb etməyəcəm. Kriştianu Ronaldo çalışdırdığım ən güclü hücumçudu (gülür). Təəssüf ki, mən onunla komanda yoldaşı olmamışam. Buna baxmayaraq, braziliyalı Ronaldo ilə birgə oynamışam, o da çoxlu qol vururdu. Mən bu futbolçulara həsəd aparıram, çünki çoxlu qol vurmaq imkanım olmayıb". Daniel Karvahal ("Real"ın müdafiəçisi): "Baş məşqçimiz heyətdə yaxşı rotasiyalar edir. Bütün oyunçular hazır və motivasiyalıdı. "Atletiko" ilə yarımfinal görüşləri bizim üçün çox ağır olacaq. Matçın taleyini bir qol da həll edə bilər. Son vaxtlar çox qol vururuq. "Atletiko" ilə hər iki görüşdə bunu bacarsaq, yaxşı olardı. Öz meydanımızda qol buraxmayacağımıza ümid edirəm. İstənilən halda, biz Kardiffdə olmalıyıq. Əvvəlki oyunları unutmuşuq, işimizə hər dəfə sıfırdan başlayırıq. Bu vaxta qədər "Atletiko" ilə 15 derbidə iştirak etmişəm. Amma bu oyun təkcə derbi yox, həm də Çempionlar Liqasının yarımfinal görüşüdü. Azarkeşlərimizdən 12-ci oyunçu olmağı xahiş edirik. Onların dəstəyi bütün mövsüm ərzində bizə kömək olub. Kriştiano Ronaldo və Antuan Qrizmann fərqli futbolçular olsalar da, hər ikisi dünya ulduzudu. Qrizmann möhtəşəm oyunçudu. Onun uğurlu karyera keçirəcəyinə səmimiyyətimlə ümid edirəm. Antuana uğur arzulayıram, amma bizimlə oyunlarda yox". İsko ("Real"ın futbolçusu): "Ramosun Lissabonda "Atletiko"ya vurduğu qolu xatırlayanda hələ də tüklərim biz-biz olur. Bizim üçün çox vacib oyun idi. Məhz o qoldan sonra qələbəni əldən buraxmayacağımızı anlamışdıq. Ötən il keçirilən final matçına gəlincə, Milandakı penaltilər seriyası karyeramın ən gərgin anı idi. Əgər ilk 5 penaltidən sonra hesab bərabər olsaydı, ağ nöqtəyə mən yaxınlaşacaqdım. Amma komanda yoldaşlarım işin öhdəsindən layiqincə gəldilər. Ümid edirəm ki, budəfəki duellərdə də nəticə bizim xeyrimizə olacaq. Lakin "Atletiko"nun futbolçuları da revanş almaq arzusu ilə alışıb-yanırlar". AİA.az Geri dön |