Ana Sayfa > Şou-biznes > Aylarla məhkəmədə çəkişdiyi Elnarə Abdullayevadan üzr istədi
Aylarla məhkəmədə çəkişdiyi Elnarə Abdullayevadan üzr istədiBu gün, 20:18. Yazar: vasif |
![]() Psixoloq Günay Baxşəliyeva uzun müddətdir məhkəmə prosesi yaşadığı Əməkdar artist Elnarə Abdullayevadan üzr istəyib. Musavat.com xəbər verir ki, psixoloq bununla bağlı videomüraciət yayıb. O, müraciətində bildirib: "Yəqin ki, xatırlayırsınız, son bir il ərzində məşhurların psixoloji analizlərini aparır, həmin insanların hansı hissləri yaşayacağını düşünmədən videolar çəkirdim. Bəli, bunu etmişəm. Həmin an fərqinə varmadan bu cür addımlar atmışam. Nəticədə Elnarə Abdullayeva haqqında çəkdiyim videodan sonra məhkəmə prosesi başladı. Artıq aylardır davam edən bu prosesin içindəyik. Bu müddət ərzində həm mən incinmişəm, həm də qarşı tərəfin mənim tərəfimdən incidildiyini anlamışam. Elnarə xanım məhkəmə prosesində həmin videonun onu necə incitdiyini, insanların videonu təkrar-təkrar ona göndərməsi zamanı hansı hissləri yaşadığını mənə danışanda həqiqətən çox məyus oldum. Çünki mən normalda mənəviyyata önəm verən bir insanam. Lakin həmin dövrdə emosiyalarıma qapıldığım üçün belə hadisələrə yol vermişəm. Bu video vasitəsilə ilk növbədə şəxsən incitdiyim Elnarə Abdullayevadan səmimi-qəlbdən üzr istəyirəm. Onu incitdiyimə görə həqiqətən təəssüf edirəm. Mən onun haqqında videonu məhz bu formada çəkib insanlara təqdim etmişdimsə, indi də üzrxahlığımı eyni şəkildə, ictimaiyyət qarşısında bildirməyi özümə borc hesab edirəm. İstəyirəm ki, bununla aramızdakı inciklik müəyyən mənada aradan qalxsın, mən də öz səhvimin məsuliyyətini qəbul edərək növbəti mərhələyə keçə bilim. Düzdür, məhkəmə prosesi hələ də davam edir. Buna baxmayaraq, bu üzrxahlığı etməyi özümə borc bildim. Elnarə xanım da məhkəmə prosesi barədə mediaya hər hansı məlumat verməyib. Yəni bu məsələ ictimaiyyətə məlum olmasa da, bizim aramızda proses davam edirdi. Elnarə xanımla yanaşı, bu cür videolar çəkərək kimləri incitmişəmsə, onlardan da üzr istəyirəm. Bəlkə də xəbərim olmayıb, bəlkə də hansısa tanınmış insanlar həmin videoları izləyərək narahatlıq keçiriblər. Əgər kiminsə xətrinə dəymişəmsə, onu incitmişəmsə, səmimi-qəlbdən üzr istəyirəm. Bütün bunların fonunda özüm də ciddi incinmələr yaşadım. Bu videonu çəkməklə, əslində, həmin prosesi geridə qoymaq istəyirəm. Çünki artıq qərar vermişəm ki, bundan sonra belə proseslərin içində olmayacağam. Həqiqətən dərsimi almışam. Bəzən biz eqomuza, qürurumuza qurban gedirik, amma sonradan bunun əvəzini ödəməli oluruq". Xatırladaq ki, mübahisəyə səbəb Əməkdar artist Elnarə Abdullayevanın bu ilin aprel ayında "Xəzər TV"də yayımlanan "Qonaqcanlı" verilişində qadınların WhatsApp statuslarında öz şəkillərini paylaşmasını tənqid etməsi olub. Belə ki, Elnarə Abdullayeva veriliş zamanı qadınların sosial şəbəkələrdə və mesajlaşma proqramlarında öz fotolarını paylaşmasını doğru hesab etmədiyini bildirib. O, fikrini belə ifadə edib: "Baxırsan ki, qadındır, gah belə dayanıb, gah belə edib şəkillər çəkib qoyub statusa. Niyə başqasının kişisi sənin şəklini görməlidir?" Xanəndənin bu açıqlaması sosial mediada geniş müzakirələrə və birmənalı olmayan reaksiyalara səbəb olub. Müzakirələr fonunda psixoloq Günay Baxşəliyeva sosial şəbəkə hesabında Elnarə Abdullayevanın fikirlərini təhlil edərək "əxlaq maskası altında gizlənən nəzarət ehtiyacı" ifadəsini işlədib. Məhz psixoloqun bu şərhi xanəndənin hüquq-mühafizə orqanlarına müraciət etməsinə səbəb olub. Geri dön |