Ana Sayfa > Təhsil > Müəllimlər 70 yaşadək işləsin, yoxsa gənclərə yer açılsın?- Təhsildə mübahisəli TƏKLİF
Müəllimlər 70 yaşadək işləsin, yoxsa gənclərə yer açılsın?- Təhsildə mübahisəli TƏKLİFBu gün, 16:00. Yazar: vasif |
![]() Millət vəkili Ceyhun Məmmədov bildirib ki, təhsil müəssisələrində yaşlı müəllimlər çalışır və gənclərin müəllimlik peşəsinə marağı azalır: “Belə bir şəraitdə müəllimlərə yaş limitinin qoyulmasını doğru hesab etmirəm. Çünki bu məhdudiyyəti tətbiq etsək, xüsusilə ali məktəblərdə ciddi kadr çatışmazlığı ilə üz-üzə qalacağıq. Ona görə də biz limit qoymaq barədə yox, yaşlı müəllimlərin zəngin təcrübəsindən səmərəli istifadə etmək haqqında düşünməliyik. Hesab edirəm ki, hətta mövcud 65 yaş məhdudiyyətini belə aradan qaldırmaq və qanunvericiliyin də imkan verdiyi kimi, müəllimlərin 70 yaşa qədər pedaqoji fəaliyyətlə məşğul olmasına şərait yaratmaq lazımdır. Bu, həm müəllimlərin fəaliyyətinin düzgün tənzimlənməsi, həm də tədris prosesinin davamlılığı baxımından çox vacib bir məsələdir. Bu gün universitetlərimizdə həqiqətən də ciddi müəllim çatışmazlığı mövcuddur. Bu problemdən çıxış yolu tapmaq üçün biz məhdudlaşdırıcı deyil, əksinə, təşviqedici addımlar atmalıyıq” \modern.az. Bəs müəllimlərin pedaqoji fəaliyyətinə yaş məhdudiyyətinin qoyulması nə dərəcədə məqsədəuyğundur? 65 yaşdan sonra müəllimin fəaliyyətini davam etdirməsi tədrisin keyfiyyətinə və təhsil prosesinə hansı müsbət və ya mənfi təsirləri göstərə bilər? Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Musavat.com-a danışıb. Ekspert deputatın fikirlərində müəyyən həqiqətlərin olduğunu bildirib: "Ancaq bununla yanaşı, nəzərə almalıyıq ki, Azərbaycanda, xüsusilə ali təhsil müəssisələrində müəllimlərin orta yaş həddi 50-55-dən yuxarıdır. Təbii ki, bu şəraitdə gənclərin müəllimlik peşəsinə marağının azalması da müəyyən mənada başadüşüləndir. Lakin bu o demək deyil ki, biz yalnız mövcud müəllim kadrlarını saxlamaq barədə düşünməliyik. Bugünkü reallıq tələb edir ki, yeni nəslin elmə gəlməsini motivasiya, gəncləri bu sahəyə təşviq edək. Yaşlı nəslin fəaliyyətini davam etdirməsi müəyyən mənada arxayınçılıq da yarada bilər. Burada əsas məqamlardan biri odur ki, biz artıq süni intellekt dövründə yaşayırıq. Yeni və müasir texnologiyalardan daha çevik istifadə etmək bacarığı, bir qayda olaraq, gənc nəsildə daha çox müşahidə olunur. Yaşlı nəslin nümayəndələrinin bir qismi isə yeni texnologiyalara uyğunlaşmaqda çətinlik çəkir. Problem də məhz bundan ibarətdir. Əlbəttə, yaşlı müəllimlərin bilik və bacarıqları, zəngin təcrübələri hər zaman öyrənilməli və onlardan səmərəli şəkildə istifadə olunmalıdır. Ancaq bugünkü reallıqlar bizdən başqa yanaşma da tələb edir. Müəllimlərin yaş həddinin 70-ə qaldırılması, əlbəttə ki, gənc kadrların təhsil sisteminə gəlməsi üçün imkanları daha da məhdudlaşdıra, eyni zamanda yeni texnologiyaların tətbiqində müəyyən problemlər yarada bilər. Biz bilirik ki, bəzi müəllimlər hətta elektron jurnalla işləməkdə belə çətinlik çəkirlər. Onlara kömək etmək üçün bəzən gənc əməkdaşların dəstəyinə ehtiyac yaranır. Söhbət bütün yaşlı müəllimlərdən getmir, lakin bu cür hallar kifayət qədər mövcuddur". Məzahir Məmmədli hesab edir ki, təhsil siyasətində əsas diqqət yeni nəslin dəstəklənməsinə yönəldilməlidir. "Gənc müəllimlər və alimlər üçün mənzil təminatı, əməkhaqlarının artırılması, güzəştli ipoteka və kredit imkanlarının yaradılması, eləcə də digər sosial təşviq mexanizmləri tətbiq olunmalıdır. Onların sosial qayğıları mümkün qədər azaldılmalıdır ki, gənclər bütün diqqətlərini elmə və tədrisə yönəldə bilsinlər, dövlətin onların arxasında dayandığını hiss etsinlər". Geri dön |