Ana Sayfa > Dünya > Rusiyadan Paşinyana istefa tələbi

Rusiyadan Paşinyana istefa tələbi


Bu gün, 15:16. Yazar: vasif
Rusiyadan Paşinyana istefa tələbi


Rusiyadakı erməni lobbisi Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədəki Rusiya sərhədçilərinin fəaliyyətinin qarşıdakı illərdə tamamilə dayandırılması ilə bağlı açıqlamasına sərt etiraz edib. Musavat.com xəbər verir ki, Rusiya Erməni İttifaqının (Ümumrusiya ictimai təşkilatı – SАR) prezidenti Ara Abramyan hesab edir ki, İrəvanın bu addımı Ermənistanın təhlükəsizliyini və dövlət suverenliyini risk altına qoyur. O, Rusiyanı Ermənistanın təhlükəsizliyinin yeganə real təminatçısı kimi təqdim edib.

Ara Abramyan bu barədə Rusiyanın Milli Xəbərlər Xidmətinə (NSN) müsahibəsində danışıb. Onun sözlərinə görə, Paşinyan Rusiyanın Ermənistandakı hərbi bazasının və sərhədçilərinin əhəmiyyətini düzgün qiymətləndirmir.“Nikol Paşinyanın etdikləri böyük səhvdir! O, başa düşmür ki, Ermənistanın təhlükəsizliyinin təminatçısı Rusiyadır. Çünki orada baza var, sərhədçilər var. Əgər hansısa hücum baş verərsə, bu, Rusiyaya hücum demək olacaq. Rusiya ilə münasibətləri möhkəmləndirmək əvəzinə, Paşinyan hər şeyi əks istiqamətdə edir”, – deyə Abramyan bildirib.

Erməni təşkilatının rəhbəri hesab edir ki, Rusiya hərbi və sərhəd qüvvələrinin ölkədən çıxarılması Ermənistanın suverenliyinin itirilməsi ilə nəticələnə bilər. O, Paşinyanın Qərblə münasibətlərini də tənqid edərək bildirib ki, Ermənistanın təhlükəsizliyinə təminat verəcək konkret sənədlər imzalanmayıb.“Əgər Avropanın, Amerikanın Ermənistana kömək edəcəyini, onun təhlükəsizliyini təmin etmək üçün şərait yaradacağını bilsəydim, bunu müəyyən qədər başa düşmək olardı. Amma Paşinyanın heç kimlə imzaladığı bir sənəd yoxdur”, – deyə Abramyan vurğulayıb.

O, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə, eləcə də sülh müqaviləsi perspektivlərinə də şübhə ilə yanaşıb. Abramyan Paşinyanı Türkiyə və Azərbaycanın siyasətini həyata keçirməkdə ittiham edib və baş nazirin istefasını tələb edib. Onun sözlərinə görə, Ermənistan daxilində müxalifətin fəaliyyəti də ciddi məhdudiyyətlərlə üzləşib. Abramyan üç müxalifət liderinin həbsdə olduğunu iddia edib.

Beləliklə, Rusiyadakı erməni diasporunun rəhbərlərindən biri Ermənistanın təhlükəsizlik siyasətində Moskvanın rolunun azaldılmasına açıq şəkildə qarşı çıxır. Burada diqqətçəkən məqam odur ki, Abramyanın mövqeyi yalnız sərhədçilərin fəaliyyətinin dayandırılması ilə məhdudlaşmır. O, bütövlükdə Ermənistanın Qərbə inteqrasiya xəttini və Rusiyadan siyasi məsafə saxlamasını ölkənin gələcək təhlükəsizliyi baxımından riskli hesab edir.

Kreml isə Paşinyanın açıqlamasına münasibətdə daha diplomatik, lakin kifayət qədər diqqətçəkən mövqe nümayiş etdirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə Nikol Paşinyanın dekabrın 3-də Moskvada keçirilməsi planlaşdırılan görüşündə həm regional təhlükəsizlik, həm də Rusiyanın Ermənistandakı hərbi bazasının gələcəyi müzakirə olunacaq.

Kreml nümayəndəsi danışıqların əsas mövzularından birinin Ermənistanın xarici siyasət istiqaməti olacağını da gizlətməyib. Onun sözlərinə görə, İrəvanın həm Avropa İttifaqına inteqrasiya etmək, həm də Avrasiya İqtisadi İttifaqında iştirakını davam etdirmək istəyi bir-biri ilə uzlaşmır. Peskov Ermənistanın hansı yolu seçəcəyinə aydınlıq gətirməli olduğunu vurğulayıb.
Geri dön