Ana Sayfa > Siyasət / Parlament > Milli Məclisdə İndoneziya Nümayəndələr Palatasının üzvləri ilə görüş keçirilib

Milli Məclisdə İndoneziya Nümayəndələr Palatasının üzvləri ilə görüş keçirilib


Bu gün, 18:59. Yazar: azer
Milli Məclisdə İndoneziya Nümayəndələr Palatasının üzvləri ilə görüş keçirilib

Noyabrın 27-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri İndoneziya Respublikası Nümayəndələr Palatasının Energetika komitəsi sədrinin müavini Suqenq Suparvotonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqları salamlayan komitə sədri Sadiq Qurbanov Azərbaycanla İndoneziya arasında diplomatik münasibətlərin tarixindən bəhs edib, ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, dövlətlərarası münasibətlər sistemində parlamentlərarası əlaqələr əhəmiyyətli rol oynayır. Komitə sədri iqtisadi əməkdaşlığın genişləndirilməsinin, enerji, iqlim və şəhərsalma sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin önəmini qeyd edib. Sadiq Qurbanov Bakıda keçirilmiş COP29 və WUF13 tədbirləri çərçivəsində iqlim məsələləri ilə bağlı İndoneziya tərəfi ilə aparılmış müzakirələri yüksək qiymətləndirib. O, bu sahədə Azərbaycanın zəngin təcrübəsini vurğulayaraq, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri barədə qonaqlara məlumat verib.
İndoneziya Respublikası Nümayəndələr Palatasının Energetika komitəsi sədrinin müavini Suqenq Suparvoto göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin olunmasında rolunu yüksək qiymətləndirib, ölkəsinin Azərbaycanla bu sahədə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib.
Söhbətdə çıxış edən deputatlar ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, eləcə də iqlim və şəhərsalma məsələləri üzrə təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüşdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri Nigar Arpadarai, Eyvaz Qurbanov, Asif Əsgərov, Vüqar Rəhimzadə, Bədəl Bədəlov və İndoneziya Nümayəndələr Palatasının üzvləri iştirak ediblər.
Geri dön