Ana Sayfa > Manşet / Gündəm / Siyasət / Özəl / Yazar3 > Moskva Zəngəzur marşrutunda öz payını istəyir
Moskva Zəngəzur marşrutunda öz payını istəyirBu gün, 17:06. Yazar: Semsi |
![]() Zəngəzurdan keçəcək nəqliyyat marşrutu ətrafında geosiyasi rəqabət yeni mərhələyə qədəm qoyur. ABŞ-ın təşəbbüsü ilə irəli sürülən TRIPP layihəsinin praktiki icrasına başlanması Rusiyanı da hərəkətə keçirib. Moskva artıq bu marşrutun reallaşmasına münasibətdə öz maraqlarının nəzərə alınmasını açıq şəkildə tələb edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlaması da bunu təsdiqləyir. Zaxarova bildirib ki, TRIPP layihəsi Rusiyanın və İranın maraqlarına toxunmamalı, regionda yeni ayırıcı xətlər yaratmamalıdır. Əks halda, onun sözlərinə görə, bu nəqliyyat-logistika təşəbbüsü uğursuzluğa məhkum olacaq. Moskva eyni zamanda layihənin texniki parametrlərinin, tikinti müddətlərinin, infrastrukturdan istifadə qaydalarının və yükdaşımaların həcminin hələ tam açıqlanmadığını vurğulayır. Bu bəyanatın arxasında yalnız diplomatik narahatlıq deyil, həm də Rusiyanın Cənubi Qafqazda əvvəlki təsir imkanlarını qorumaq cəhdi dayanır. Uzun illər regionun nəqliyyat və kommunikasiya məsələlərində əsas vasitəçilərdən biri olan Moskva indi yeni geosiyasi reallıqla üzləşir. Vaşinqtonun prosesə birbaşa qoşulması və Ermənistan ərazisindən keçəcək marşrutun ABŞ-ın iştirakı ilə həyata keçirilməsi Rusiyanın ənənəvi mövqelərini zəiflədə bilər. Lakin Moskvanın əlində mühüm təsir vasitəsi qalır. Söhbət Ermənistanın dəmir yollarının idarə edilməsindən gedir. Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ildə imzalanmış 30 illik konsessiya müqaviləsi əsasında Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti tərəfindən idarə olunur. Müqavilənin müddəti 2038-ci ilədəkdir və uzadılma imkanı da nəzərdə tutulub. Beləliklə, Ermənistan ərazisində həyata keçiriləcək yeni nəqliyyat layihəsinin dəmir yolu komponenti Rusiyanın mövcud idarəçilik hüquqları ilə müəyyən mənada kəsişir. ABŞ-ın sülh missiyaları üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun da noyabrın 25-də bu məsələyə münasibət bildirib. O, Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinin TRIPP layihəsinə təsir göstərəcəyini, lakin bu təsirin müsbət, yoxsa mənfi olacağının hələ bəlli olmadığını deyib. Laytstoun Rusiyanın iştirakı ilə layihənin uğurla həyata keçirilə biləcəyi, yaxud TRIPP-in Rusiyanın dəmir yolu idarəçiliyindən asılı olmadan fəaliyyət göstərə biləcəyi ssenarilərin mövcudluğunu da istisna etməyib. ![]() Ermənistan hökuməti də dəmir yollarının idarə olunması məsələsini yenidən gündəmə gətirib. İrəvan Rusiyanın konsessiya hüquqlarının dəyişdirilməsi və üçüncü tərəfin prosesə cəlb olunması imkanlarını müzakirə edir. Noyabrın 27-də Ermənistan və Rusiya arasında dəmir yollarının fəaliyyəti ilə bağlı birgə işçi qrupunun növbəti görüşünün keçirilməsi də bu məsələnin aktuallığını göstərir. Digər tərəfdən, TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycan üçün də mühüm strateji əhəmiyyət daşıyır. Marşrut Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirməklə yanaşı, Orta Dəhlizin imkanlarını genişləndirə, regionda yeni ticarət və logistika əlaqələri yarada bilər. Bu baxımdan, layihənin hansı dövlətin geosiyasi təsir alətinə çevrilməsindən daha vacib məsələ onun Azərbaycanın suveren hüquqlarına və milli maraqlarına uyğun şəkildə reallaşdırılmasıdır. Moskvanın hazırkı mövqeyi göstərir ki, Rusiya layihənin qarşısını almaqla kifayətlənmək niyyətində olmaya, onun həyata keçirilməsində özünə yer axtara bilər. Vaşinqtonla mümkün razılaşma, Ermənistan dəmir yolları üzərindəki idarəçilik hüquqları və Şimal-Cənub nəqliyyat dəhlizi ilə əlaqələndirmə imkanları Moskvanın əlindəki əsas vasitələrdir. Bu ehtimallar hələlik siyasi təhlil səviyyəsindədir, lakin Rusiyanın son bəyanatları onun regiondakı proseslərdən kənarda qalmaq istəmədiyini açıq göstərir. Zəngəzur marşrutu uğrunda rəqabət təkcə yolların, dəmir xətlərinin və yükdaşımaların taleyi ilə bağlı deyil. Burada söhbət Cənubi Qafqazın gələcək nəqliyyat xəritəsinə kimin təsir göstərəcəyindən gedir. Azərbaycan üçün əsas məsələ isə bu prosesdə əldə etdiyi strateji imkanları qorumaq, Naxçıvanla maneəsiz bağlantının reallaşmasını təmin etmək və regionun yeni kommunikasiya sistemində öz mövqeyini möhkəmləndirməkdir. Azər Məmmədov Geri dön |