Ana Sayfa > Siyasət / Parlament > Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilibBu gün, 16:49. Yazar: azer |
![]() Noyabr 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə daxil edilən 13 məsələnin 8-i 2027-ci ilin dövlət büdcə zərfinə daxil olan layihələrdir. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Gündəliyin ilk 8 məsələsini - “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş), “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” (ikinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” (ikinci oxunuş), “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” (ikinci oxunuş), “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” (ikinci oxunuş), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş), Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş), Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” (ikinci oxunuş) Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrini maliyyə nazirinin müavini Himalay Məmişov təqdim edib. Bildirilib ki, növbəti ilin dövlət büdcəsinin əsas makroiqtisadi göstəriciləri öz aktuallığını qoruyub saxlayacaq. Belə ki, ümumi daxili məhsulun (ÜDM) real ifadədə 2,7 faiz artaraq 141 milyard manata, qeyri-neft sektoru üzrə ÜDM-in isə 4,4 faiz artımla 109,1 milyard manata çatacağı proqnozlaşdırılır. O, büdcənin müsbət xarakterik cəhətlərini qoruyub saxladığını, eyni zamanda, neftdən asılılığın azaldılması istiqamətində meyillərin davam etdiyini deyib. Qeyd edilib ki, ƏDV, aksiz və sadələşdirilmiş vergi üzrə proqnoz göstəriciləri azaldılaraq hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnozlara əlavə olunur. Həmçinin dövlət rüsumları üzrə daxilolmaların proqnozu azaldılaraq fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz göstəricilərinə yönəldilir. Bununla yanaşı, Hesablama Palatasının tövsiyələri nəzərə alınaraq, hüquqi şəxslərin torpaq vergisi və səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərlə bağlı anlayışlar dəqiqləşdirilib. Müvafiq olaraq, “torpaq vergisi” və “dövlət müəssisələrindən alınan dividendlər” ifadələri əks olunub. Bu dəyişikliklərin bir sıra qanunlarda mövcud olan uyğunsuzluqların aradan qaldırılmasına xidmət etdiyi vurğulanıb. Daha sonra Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov çıxış edərək, həm komitə iclaslarında, həm də plenar iclasda büdcə ilə bağlı Hesablama Palatasının rəyi əsasında qanun layihələrinə edilən müvafiq dəyişikliklər barədə fikirlərini bildirib. Qanun layihələri ilə bağlı komitənin üzvü Əli Məsimli çıxış edərək təklif və fikirlərini səsləndirib. İqtisadiyyat nazirinin müavini Azər Bayramov deputatın qaldırdığı məsələlərə aydınlıq gətirib. Gündəliyin 9-cu məsələsi- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin rəisi vəzifəsini icra edən Elşad Mirqasımov birinci oxunuşda təqdim edib. Qeyd edilib ki, qanun layihəsində edilən dəyişikliklərə əsasən Çağrı Mərkəzinin Dövlət Vergi Xidmətinin strukturunda fəaliyyət göstərməsi və vergi sirri təşkil edən məlumatların əldə edilməsinin Məcəllənin 30.4-cü maddəsi ilə tənzimlənməsi nəzərə alınaraq, müvafiq normanın ləğvi təklif olunur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Novruz Orucov Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) dair məlumat verib. Bildirilib ki, dəyişikliklər elektron əmtəə-nəqliyyat qaiməsi olmadan yük daşınmasına nəzarətin gücləndirilməsi və bu hallara görə maliyyə sanksiyalarının tətbiqini, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi güzəştlərinin verilməsini, habelə müvafiq nəqliyyat vasitələrinin idxalının ƏDV və gömrük rüsumundan azad edilməsini nəzərdə tutur. Dəyişikliklərin əsas məqsədi yükdaşıma sektorunda şəffaflığın artırılması, milli daşıyıcıların rəqabət qabiliyyətinin yüksəldilməsi və nəqliyyat parkının yenilənməsidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verən komitə sədri Azər Əmiraslanov dəyişikliklərin dəqiqləşdirmə xarakteri daşıdığını bildirib. Qeyd edilib ki, dəyişiklik dövlətin xeyrinə imtina edilmiş mallara görə yalnız gömrük rüsumları və vergilərin deyil, bütövlükdə gömrük ödənişlərinin alınmamasını nəzərdə tutaraq, müvafiq normanın dəqiqləşdirilməsinə xidmət edəcək. Gündəliyin 12-ci məsələsi- Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Meşə Məcəlləsində, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Dəniz limanları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov məlumat verib. O qeyd edib ki, qanun layihəsi Espo Konvensiyasının tələblərinə uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) prosesinin təkmilləşdirilməsini, qiymətləndiricilərin ixtisaslaşmasını, attestasiya prosedurlarının yenilənməsini və müstəqil fəaliyyət imkanlarının genişləndirilməsini nəzərdə tutur. Həmçinin transsərhəd təsirlərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin artırılması məqsədilə qeyd olunan məcəllələrdə, eləcə də 12 qanunda müvafiq dəyişikliklər edilir. Gündəliyin sonuncu məsələsi -“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini komitənin üzvü Zaur Şükürov təqdim edib. Bildirilib ki, Saziş Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında beynəlxalq avtomobil sərnişin və yük daşımalarının təşkili və tənzimlənməsi, tranzit daşımalarının asanlaşdırılması, daşımalar üçün icazə prosedurlarının və şərtlərinin müəyyən edilməsi, habelə tərəflərin səlahiyyətli orqanları arasında əməkdaşlığın təmin olunmasını nəzərdə tutur. Bununla belə, Saziş, həmçinin, daşımaların təhlükəsizliyi, vergi və rüsumlarla bağlı məsələləri, daşıyıcıların hüquq və öhdəliklərini tənzimləyir. Qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub. İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, komitənin üzvləri Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər. Geri dön |