Ana Sayfa > Özəl > Kremlin səbr həddi – Paşinyanı dekabrın 3-də Moskvada nə gözləyir?
Kremlin səbr həddi – Paşinyanı dekabrın 3-də Moskvada nə gözləyir?Bu gün, 19:00. Yazar: vasif |
![]() Ermənistanın sərhəd təhlükəsizliyi sahəsində Rusiyadan asılılığı azaltmaq istiqamətində atdığı addımlar Moskva ilə İrəvan arasında yeni fikir ayrılıqlarına səbəb ola bilər. Dekabrın 3-də keçirilməsi gözlənilən Putin-Paşinyan görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Rusiyanın “Pravda.ru” nəşrinin təhlilinə görə, Nikol Paşinyanın rusiyalı sərhədçilərin mərhələli şəkildə Ermənistandan çıxarılması barədə açıqlaması Moskvanın regional siyasətinə yenidən baxmasına səbəb ola bilər. İrəvanın bu addımı Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması və sərhədlər üzərində müstəqil nəzarətin təmin edilməsi istiqamətindəki planlarla əlaqələndirilir. Nəşr hesab edir ki, Moskva hərbi-siyasi mövcudluğunun azalması fonunda Ermənistan üzərində iqtisadi təsir imkanlarını qorumağa çalışacaq. Rusiyanın əsas təsir vasitələri energetika, dəmir yolları, bank sektoru, telekommunikasiya və ticarət əlaqələridir. Ermənistanın istehlak etdiyi təbii qazın təxminən 80 faizi Rusiyadan tədarük olunur. Moskva, həmçinin ölkənin elektrik enerjisinin üçdəbirini istehsal edən atom elektrik stansiyasını nüvə yanacağı ilə təmin edir. “Pravda.ru”nun qiymətləndirməsinə görə, Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Ermənistanın ümumi daxili məhsulunun 26 faizədək azalması riskini yarada bilər. Nəşr Moskvanın İrəvanla münasibətlərində üç əsas həssas məsələnin olduğunu bildirir: Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının müqavilə müddəti başa çatmadan çıxarılması; Ermənistan ərazisində Qərbin hərbi bazalarının və infrastrukturunun yaradılması; Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə rəsmi şəkildə başlaması. Təhlildə qeyd olunur ki, dəmir yollarının idarə olunması və Rusiya şirkətlərinin statusu ilə bağlı məsələlər enerji güzəştlərinin saxlanılması ilə əlaqələndirilə bilər. Dekabrın 3-də gözlənilən Putin-Paşinyan görüşünün Ermənistanın xarici siyasət kursu və Rusiya ilə iqtisadi münasibətlərinin gələcəyi baxımından mühüm sınağa çevriləcəyi ehtimal olunur. Geri dön |