Ana Sayfa > Özəl > İranın Zəngəzurla bağlı qırmızı xətləri – Hərbi qarşıdurma mümkündürmü?

İranın Zəngəzurla bağlı qırmızı xətləri – Hərbi qarşıdurma mümkündürmü?


Bu gün, 18:16. Yazar: vasif
İranın Zəngəzurla bağlı qırmızı xətləri – Hərbi qarşıdurma mümkündürmü?


Zəngəzurdan keçməsi nəzərdə tutulan TRIPP layihəsi ətrafında təhlükəsizlik məsələləri yenidən siyasi müzakirələrin mövzusuna çevrilib.
İranşünas ekspert Nver Davtyan bildirib ki, Tehran regional nəqliyyat əlaqələrinin yaradılmasına qarşı çıxmasa da, xarici hərbi qüvvələrin bölgədə yerləşdirilməsini öz təhlükəsizliyi üçün təhdid hesab edir.
Onun sözlərinə görə, İran Ermənistanın siyasi təminatlarına etibar edir, lakin ABŞ-ın bölgədəki niyyətlərinə şübhə ilə yanaşır.
Ekspert hesab edir ki, layihənin iqtisadi mahiyyətindən kənara çıxması və İranın təhlükəsizliyinə qarşı istifadə edilməsi Tehranın cavab tədbirləri görməsinə səbəb ola bilər. Bununla belə, hazırda belə bir təhlükənin mövcudluğunu təsdiqləyən konkret fakt yoxdur.
Milli Məclisin deputatı Günay Ağamalı isə Zəngəzur məsələsinə görə İranla Ermənistan arasında hərbi qarşıdurma ehtimalı barədə səsləndirilən fikirlərin əsassız olduğunu bildirib.
Deputatın sözlərinə görə, TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin olunması ilə yanaşı, regionun beynəlxalq tranzit potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Günay Ağamalı Ermənistanın üzərinə götürdüyü öhdəliklərə sadiq qalmasının və layihənin iqtisadi mahiyyətinin qorunmasının vacibliyini vurğulayıb.
Deputat qeyd edib ki, Azərbaycan regional kommunikasiyaların açılmasının, iqtisadi əməkdaşlığın və dayanıqlı sülhün tərəfdarıdır.
Onun fikrincə, heç bir dövlətə qarşı yönəlməyən TRIPP layihəsi İran üçün də yeni iqtisadi imkanlar yarada bilər. Cənubi Qafqazın gələcəyi qarşıdurma deyil, qarşılıqlı etimad və mehriban qonşuluq prinsipləri əsasında qurulmalıdır.
Geri dön