Ana Sayfa > Manşet / Siyasət > Gənclərə dəstək həm də ölkənin demoqrafik təhlükəsizliyinə yönəlmiş strateji investisiyadır

Gənclərə dəstək həm də ölkənin demoqrafik təhlükəsizliyinə yönəlmiş strateji investisiyadır


Bu gün, 17:02. Yazar: azer
Gənclərə dəstək həm də ölkənin demoqrafik təhlükəsizliyinə yönəlmiş strateji investisiyadır

Dövlətin gənclər siyasətinin əsas məqsədlərindən biri gənc nəslin hərtərəfli inkişafı, sosial rifahının yüksəldilməsi, cəmiyyətə inteqrasiyası və gələcək perspektivlərinin təmin olunmasıdır. Bu siyasətin effektivliyi isə yalnız gənclər üçün müxtəlif proqramların, layihələrin və dəstək mexanizmlərinin həyata keçirilməsi ilə deyil, eyni zamanda, həmin tədbirlərin real sosial ehtiyaclara nə dərəcədə uyğunlaşdırılması ilə ölçülür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, ev təsərrüfatlarının dəqiq, sistemli və mütəmadi yenilənən uçotunun aparılması xüsusi əhəmiyyət daşıyır. Belə bir informasiya bazasının formalaşdırılması dövlətin gənclərə və gənc ailələrə münasibətdə sosial siyasətinin keyfiyyətcə yeni mərhələyə keçməsinə imkan verə bilər.

Çünki hazırda sosial dəstəyin effektiv təşkili üçün yalnız ailələrin sayını və ümumi demoqrafik göstəriciləri bilmək kifayət etmir. Hər bir ailənin sosial-iqtisadi vəziyyəti, gəlir imkanları, mənzil-məişət şəraiti, ailə üzvlərinin məşğulluq vəziyyəti, uşaqların sayı və digər mühüm göstəricilər haqqında dəqiq məlumatlara ehtiyac var.

Bu məlumatlar əsasında konkret gənc ailənin hansı sosial vəziyyətdə olduğu, onun hansı dəstəyə ehtiyac duyduğu və həmin ehtiyacların aradan qaldırılması üçün hansı mexanizmlərin tətbiq edilməsinin məqsədəuyğun olduğu müəyyənləşdirilə bilər.

Məsələn, bir gənc ailənin əsas problemi mənzil təminatı, digərinin problemi məşğulluq, başqa bir ailənin ehtiyacı isə uşaqların sosial təminatı və ya təhsil imkanları ilə bağlı ola bilər. Eyni yanaşma çərçivəsində bütün ailələrə eyni dəstəyin göstərilməsi nə iqtisadi baxımdan səmərəlidir, nə də sosial ədalət prinsipinə tam cavab verir. Buna görə də dəstək tədbirləri ailələrin faktiki ehtiyaclarına və sosial vəziyyətinə uyğunlaşdırılmalıdır.

“Formalaşdırılacaq və mütəmadi yenilənəcək vahid məlumat bazasının digər mühüm üstünlüyü dövlət idarəçiliyində koordinasiyanın gücləndirilməsi ilə bağlıdır.

Müvafiq qanunvericiliyə və informasiya təhlükəsizliyi tələblərinə uyğun olaraq, səlahiyyətli dövlət qurumlarının bu məlumatlardan inteqrasiya olunmuş şəkildə istifadə etməsi sosial sahədə həyata keçirilən tədbirlərin uzlaşdırılmasına şərait yaradacaq.

Bununla da hər bir dövlət qurumu öz fəaliyyətini təxmini göstəricilərə və ümumiləşdirilmiş statistik məlumatlara deyil, konkret və etibarlı informasiya bazasına istinadən planlaşdıra biləcək.

Bu, eyni zamanda, dövlət resurslarının daha səmərəli bölüşdürülməsinə, sosial proqramların real ehtiyaclara uyğun hazırlanmasına, təkrarlanan və ya bir-birini tamamlamayan tədbirlərin qarşısının alınmasına imkan verəcək.

Ən başlıcası, sosial dəstəyə həqiqətən ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi və onların müvafiq proqramlardan kənarda qalması riskinin azaldılması mümkün olacaq.

Gənc əhalinin rifahının yüksəldilməsi və dayanıqlı demoqrafik inkişafın təmin olunması baxımından bu yanaşma xüsusilə vacibdir. Çünki demoqrafik inkişaf yalnız doğum göstəriciləri və əhalinin say dinamikası ilə müəyyən edilmir. Gənc ailələrin sosial-iqtisadi vəziyyəti, mənzil təminatı, məşğulluq imkanları, gəlirlərin sabitliyi, uşaq böyütmək üçün mövcud şərait və gələcəyə inam kimi amillər də demoqrafik proseslərə birbaşa təsir göstərir.

Məlumdur ki, gənc ailələrin qarşılaşdığı sosial-iqtisadi çətinliklər onların ailə qurmaq, övlad sahibi olmaq və ailənin genişləndirilməsi ilə bağlı qərarlarına təsirsiz ötüşmür. Bu səbəbdən demoqrafik siyasət yalnız nəticələrlə mübarizə aparan deyil, həmin nəticələri şərtləndirən səbəbləri əvvəlcədən müəyyənləşdirən və aradan qaldırmağa yönələn siyasət olmalıdır. Bunun üçün isə müvafiq sosial-iqtisadi amillərin sistemli şəkildə öyrənilməsi, təhlili və proqnozlaşdırılması zəruridir”, - deyə A.Kərimli vurğulayıb.

Deputat əlavə edib ki, məlumat bazası dinamik xarakter daşımalı, ailələrin sosial vəziyyətində baş verən dəyişiklikləri əks etdirməli, məlumatların aktuallığı və dəqiqliyi təmin olunmalıdır.

Eyni zamanda, şəxsi məlumatların qorunması, onlardan yalnız qanunla müəyyən edilmiş məqsədlər və səlahiyyətlər çərçivəsində istifadə edilməsi əsas prinsiplərdən biri olmalıdır.

“Bu yanaşmanın tətbiqi dövlətin gənclər siyasətini daha çevik, çevrəyə və sosial reallıqlara həssas, nəticəyönümlü bir mexanizmə çevirə bilər. Çünki gənclərə dəstək yalnız onların bu gün üzləşdikləri problemlərin həlli deyil, həm də ölkənin gələcək insan kapitalına, əmək potensialına və demoqrafik təhlükəsizliyinə yönəlmiş strateji investisiyadır”, - deyə deputat əlavə edib.
Geri dön